Millətin bəlası

Düşündüm ki, bir problemdən yazım. Qlobal olan, Azərbaycanın olan, hamımızın olan bir problemdən. Bir nömrəli problem Qarabağsızlığımızdırsa, ikinci qlobal problemimiz Korrupsiyadır. Və korrupsiya sadə bir problem də deyil, o, artıq sanki millətimizin qanına, canına hopmuş və hamının çox adi qəbul etdiyi məhvedici narkotikdir. Insanlar korrupsiyanı artıq qanunun pozulması kimi qəbul etmirlər. Onlar bir az narahatlıq hiss edirlər, lakin reallıqda onu norma kimi qəbul edirlər. Bəzi məmurlar öz vəzifələrindən sui-istifadə edir və bəzi insanlarımız da bilmirəm qorxudanmı, ya işlərini guya asanlaşdırmaqdan ötrümü, ya bilmirəm nədənsə rüşvəti çıxış yolu seçir.

Hamı kimi mən də təkcə məmurları qınamaq, onların süründürməçiliyindən, pula hərisliklərindən söz açmaq istəmirəm. Bu barədə çox danışılıb. Hamı da hər şeyi çox yaxşı görür və  bilir. Şəxsən mən Azərbaycanda baş alıb gedən rüşvətxorluqda, korrupsiya hallarında günahın daha çoxunu rüşvəti verənlərdə görürəm. Bir qisim öz hüquqlarını nəinki bilmir, heç öyrənmək də istəmir. Elə bu səbəbdəndir ki, onlardan rüşvət tələb olunan kimi öz haqqlarını tələb etmək əvəzinə, problemin yeganə həlli üsulu kimi həmin pulu nə yolla olur-olsun tapmağa çalışırlar. Digər qisim isə işlərini asanlaşdırmaq, özlərini əziyyətə salmamaq, qanuni olan vaxtı gözləməmək və s. səbəblərdən korrupsiya halının yaranmasına rəvac verirlər. Məsəl üçün, işi bilməyən bir kəsi müəyyən məbləğ müqabilində və ya kiminsə tanışıdır deyə qəbul edirlər. Nəticədə o işə lazımi kimi əməl olunmur, bir müddət sonra da tanışı daha “güclü” olan daha yüksək vəzifələrə keçir, özünə “pullu” işçilər axtarmağa başlayır ki, verdiyi pulları yığa bilsin. Amma dişiylə-dırnağıyla pul toplayıb, işə qəbul olunan kasıb üçün isə 3,5, maksimum 10 ildən sonra naxışlı, butalı bir torba tikilir. Yerinə yeni-yeni “pullu”, “daydaylı” kadrlar qəbul olunur. Və beləcə də bu “nağıl” hey davam edir, göydən isə alma düşmür ki, düşmür. Hələ mən pulun gücünə universitetlərə qəbul olunub, sonra isə 4 il şəhərin küçələrində yol ölçən bədbəxt tələbələri demirəm. Mən özüm də bir zamanlar dekanı döyməyin qiymətinin 300 dollara olduğu bir universitetdə təhsil almışam. İnanmayan inanmasın. Amma belə faktlar əsrlərdir doğma məkanımızda olub və olmaqdadır. Sabaha isə ümidlə baxdığıma görə həmişə də olacaq demirəm. Kiməsə korrupsiyaya qarşı mübarizə et deyəndə isə deyirlər ki, əşşi nəyimə lazımdır başımı ağrıdım, 5-10 manatdır verəcəyəm, işim düzələcək, ya da düzəlmirsə, demək mən girən kol deyil. Düzdür nəyimizə lazımdır ki.  Neyləyirik çalışmağı, zəhmət çəkməyi, oxumağı? Pulumuz, adamımız varsa “qabağa” gedəcəyik, yoxdursa heç cəhd də etmək lazım deyil. Rəhmətlik Sabirin sözləri yadıma düşdü:

Millət necə tarac olur-olsun, nə işim var?

Düşmənlərə möhtac olur-olsun, nə işim var?

Millətin, dövlətin istər siyasi, maddi, istərsə də, mənəvi, mədəni, əxlaqi sistemi elə məhz bu yolla tarac olur. Bizə başqa düşmən lazım deyil ki. Düşməni özümüz bəsləyib içimizdə böyüdürük…

(c) Samira Haşımzadə

03.01.11

2 thoughts on “Millətin bəlası

  1. Ümid edirəm özünüzü inkişaf etdirərsiniz. Analiz və fakları artırmağa çalışın. Yeni bir baxış təklif edin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *