Vida kəlmələri

 Allahım, əgər mənim bir az daha zamanım olsaydı, mən öz nifrətimi buzda dondurardım və günəşin çıxmasını gözləyərdim.

Insanlar qocalanda sevməyi unudurlar fikrinin nə qədər yalnış olduğunu onlara sübut edərdim. Əksinə, insanlar sevməyi unutduqlarına görə qocalır.

Mən qocalara öyrədərdim ki, ölüm qocalıqdan deyil, unutqanlıqdan gəlir.

Mən başa düşdüm ki, yeni doğulan körpə ilk dəfə balaca əli ilə atasının barmağını tutanda, o, onu həmişəlik tutur.

Mən başa düşdüm ki, birinin digərinə yuxarıdan aşağı baxmağa haqqı yalnız onu ayağa qaldırmaq məqsədilə çatar.

Həmişə hiss etdiyini de və düşündüyün kimi hərəkət elə.

Əgər mən bilsəydim ki, bu gün  son dəfədir səni yatmış halda  görürəm, səni bərk-bərk qucaqlayar və Allaha yalvarardım ki, məni sənin qoruyucu mələyin etsin.

Əgər mən bilsəydim ki, sənin qapıdan çıxmağını sonuncu dəfədir ki, görürəm, səni qucaqlayardım, öpərdim və geri çağırıb sənə daha çox sevgi verərdim.

Əgər bilsəydim ki, sənin səsini sonuncu dəfədir ki, eşidirəm, mən sənin dediyin hər sözü lentə alardım ki, ona dönə-dönə qulaq asım.

Əgər bilsəydim ki, səni görməyimin son anlarını yaşayıram, mən Səni Sevirəm deyərdim və axmaqcasına başa düşməzdim ki, sən onsuz da bunu bilirsən.

Həmişə sabah var və həyat bizə səhvlərimizi düzəltmək üçün imkanlar verir. Amma əgər mən yanılıramsa və bu, bizim son günümüzdürsə, mən səni nə qədər çox sevdiyimi və səni heç vaxt unutmayacağımı demək istəyərdim.

Nə cavan, nə də qoca əmin ola bilməz ki, onun üçün sabah olacaq. Bu gün ola bilər ki, sevdiklərini sonuncu dəfə görürsən. Buna görə də nəyisə gözləmə. Bu gün et. Çünki əgər sabah heç vaxt olmasa sən bircə təbəssüm, 1 qucaqlama, bircə dəfə öpməyə vaxt tapmadığına və çox məşğul olaraq sonuncu arzunu yerinə yetirmədiyin günə görə peşman olacaqsan.

Öz doğmalarını dəstəkləyərək, onlara nə qədər ehtiyacın olduğunu qulaqlarına pıçılda, onları sev, onlarla nəzakətli davran, “təəssüf edirəm”, “məni bağışla”, “zəhmət olmasa” və “çox sağ ol” kimi bütün bildiyin sevgi sözlərini onlara deməyə vaxt ayır.

Heç kim səni düşündüklərinə görə xatırlamayacaq. Allahdan hiss etdiklərini deyə bilmək üçün sənə müdriklik və güc verməsini  istə.

Dostlarının sənin üçün necə əhəmiyyətli olduğunu onlara göstər. Əgər bu gün bunları deməsən, sabah dünənki kimi olacaq. Və əgər sən bunu heç vaxt etməsən, heç nəyin mənası olmayacaq.

Arzularını həyata keçir. Bu an gəlib çatıb…

Qabriel Qarsia Markes (Kolumbiya yazıçısı)

Tərcümə etdi: Haşımzadə Samirə

5 thoughts on “Vida kəlmələri

  1. Necə də doğru və gözəl deyilib. Həyatın qazanında qayğılar içində elə qaynayıb, qarışırıq bəzən belə şeyləri unuduruq. Amma düşünmürük ki, elə bizi həyatda saxlayacaq olanlar məhz elə belə hallardır. Bu həyatın özüdür.
    Q.Q.Markes çox gözəl deyib. Sizə də tərcümə üçün minnətdaram.

    P.S. Bir sualım olacaq. Sizin tərcümələriniz əsərlərin orijinal dilindəndir, yoxsa tərcümə olunmuş digər dillərdən?

  2. Çox sağ olun, dostlar. Şəbnəm, hələ ki, biliklərim rus, ingilis və türk dillərindən tərcümə etməyə imkan verir. 🙂 Təəssüf edirəm ki, originaldan deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *