Yağış yağır

Bu gün hava buludludur,

Yağış yağır küçələr boş.

Bircə mənəm dolanıram sərxoş-sərxoş.

Ara-sıra ağac altda, künc bucaqda

Gur yağışdan daldalanan adamlar var.

Heyrət dolu nəzərlərlə baxır mənə o adamlar.

Düşünürlər bu sərsəri kimdir görən?

Tamam suyun içindədir, amma gülür, ağlı çaşıb,

Bu sevgisiz, bu qorxacaq insanlara nə deyim mən,

Onlar məni dəli bilir,

Kaş ki, biri soruşaydı yaxınlaşıb

“Nə gülürsən, gur yağışda gəzmək nədir?

Baxan deyir bu dəlidir, divanədir”

Amma neynim, yoxdur bunu soruşanım

Heç olmasın.

Dəli deyib sevinsinlər,

Qoy gülsünlər xısın-xısın.

Dəliliyim mövzu olsun, ağac altda duranlarçun,

Danışmağa söz tapsınlar bu gur yağış kəsənədək.

Olsun mənim gülünclüyüm bir bəhanə

Gülə-gülə

Bir gənc oğlan bir gənc qıza açsın ürək.

Çətirini evdə qoyan qəmgin qadın

Mənə baxıb unutsun öz kədərini,

Obrazını güldürməyə söz tapmayan məyus yazar

Pəncərədən məni görüb

Yaratsın şah əsərini.

Əlimdən bu isti yeri alar deyə,

Avtobusdan çəp-çəp baxıb

Baxışını qaçırdanlar sevinsinlər,

Maşınlarla şütüyərək axan suyu

Üzərimə sıçradanlar sevinsinlər.

Hər görənə sevinc versin,

Nəşə versin gülünclüyüm.

Bu qəribə görüntüylə

İnsanların kədərini qılınclayım,

Qüssəsini qılınclayım.

Şölə-şölə gün şüası yayılsın buz ürəklərə,

Soyuq-soyuq yağan yağış

Dönsün yağan çiçəklərə.

Boşalsın qoy adamların nəfəsindən

Tərləyən hər dayanacaq,

Heç kim yağış qorxusundan

Künc-bucaqda gizlənməsin, dayanmasın,

Axı hələ bu yağışdan, bu soyuqdan çox olacaq,

Yaxın gəlin, bu yağışın nəğməsində

Sözlərimə qulaq asın.

Mənim dəli olmağıma bir səbəb var,

Mən sevirəm,

Ala gözlü, şəkər sözlü bir nigarı,

Bu payızın yağışında tələsirəm

Görmək üçün o baharı.

Bu təbiət çox acizdir yollarımı bağlamaqçun,

Gərək yeni fəlakətlər icad etsin

Məni yoldan saxlamaqçun.

Siz də daha gizlənməyin,

Bu qorxudan azad olun.

Qoy bu yağış elə yağsın olsun dəniz

Sevginizdən qüdrət alın,

Eşqinizdən qüdrət alın,

Sevdiyiniz insanların görüşünə tələsin siz.

 

Hacı Arif

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *