Nağılmış…

Yenə sənə gəldim. Içimdə böyük həvəssizlik var. Səni istəmirəm. Səndən zəhləm gedir. Necə ki, 8 il öncə zəhləm gedirdi. 8 ildi sənə acıqla baxıram. Amma son 4 ildə sənə gəlmək məcburiyyətində deyildim. Elə bil alnıma yazılmısan. Hara gedirəmsə, qarşıma çıxırsan. Hər gün yolumun üstündə dayanmısan. 8 il öncə qismətimə sənin yazıldığını biləndə bütün günü ağlamışdım, istəməmişdim səni. Elə bil dünyanın sonuydu. Niyə səni seçmək məcburiyyətində qaldım? Niyə səndə oxumalı oldum? Işdən monitorinq üçün universitetləri seçəndə səni yenə də mənə təklif etdilər. Amma imtina etdim. Sən mənə kədərdən, peşmançılıqdan başqa heç nə vermədin. Məni ancaq incitdin. Bu gün isə lap betəridi. Yenə də sənə gəlmək məcburiyyətindəyəm. Mütləq gəlməliyəm, çünki işdən vacib sənədləri tapşırıblar. Daxil oluram qapıdan içəri, həmin qapıçılar dayanıb qapıda. Tez-tez keçirəm koridordan həyətə, yenə də binaya daxil oluram. Tələbələr doludu, amma tanış üz yoxdu. Yavaş-yavaş pilləkənələri çıxıram. 3-cü mərtəbə məni maqnit kimi çəkir. Filologiya sözünü görüb yerimdə donuram. Bir az da yavaş-yavaş çıxmağa başlayıram. Yuxarı çatan kimi dekanlıqdan Məhərrəm müəllim çıxır. Gözəl, mülayim insan, sevimli zamdekanımız.  ))

–       Ooo qızım, salam. Nə yaxşı yad eləmisən bizi?

Dayanıb bir az təhsildən, işdən, şəxsi məsələlərdən söhbət edirik. Sonra çıxıb gedirəm tapşırığı yerinə yetirməyə. Işlərimi görüb qeyri-ixtiyari “Filologiya”ya qayıdıram. Gözüm dekanlıqla üzbəüz divardakı imtahan, dərs cədvəllərinə sataşır. Ani olaraq, yaxınlaşıb 405-ci qrupun dərslərinə baxıram: Üslubiyyat, Ölkə ədəbiyyatı, Nitq praktikası……. Divarlarda Nizami Gəncəvi, Füzuli, Sabir, M.F.Axundov və digər yazıçı və şairlərimizin yonulmuş cizgiləri, gözəl pərdələr, pəncərə qıraqlarında güllər, dibçəklər, koridor da bomboş. Öz auditoriyalarımıza tərəf gedirəm. Indi dərsləri keçdiyimiz 2 auditoriyanı birləşdirib 1 auditoriya ediblər. Qapını açıb görürəm ki, stollar başqa cür düzülüb. Soruşuram, deyirlər ki, bura Folklor otağıdır. Yandakı kafedralara baxıram. Adları dəyişib olub “Xarici dillər kafedrası”, “İngilis dili kafedrası”, “Foreign Language Lab” və s. Əvvəllər isə bir dənə xarici dillər kafedası var idi, o da başqa yerdə yerləşirdi. Həsrətlə son dəfə korudorumuza baxıram. Sonra pilləkənlərlə aşağı düşməyə başlayıram.  Qəribədi… Bayaq gəlmək istəmirdim, indi isə aşağı düşmək istəmirəm. Xatirələr, xatirələr, xatirələr… 2-ci mərtəbədə Kamil müəllimlə rastlaşıram. Digər zamdekanımız və digər çox yaxşı bir insan. Bir neçə nəfər müəllimlə dayanıb söhbət edir və məni uzaqdan görüb salamlaşır. Mən isə doğma bir adamımı görmüş kimi baxıram ona. Deyəsən hansı hissləri keçirdiyimi gözlərimdən anlayıb. Filoloqlar həssas olur axı. Elə uzaqdan soruşur ki, “Nəsə olub? Mənimlə işin var?” Başımla “yox” deyib düşürəm aşağı. Artıq gözlərim dolub. Tez-tez bayıra çıxmağa tələsirəm. Birinci mərtəbə, az qala bir qoşun tələbəni yara-yara keçirəm. Yanımda olanlar gözlərimə baxır. Yəqin fikirləşirlər ki, hansısa imtahandan yaxşı qiymət almamışam. Mən isə həyat imtahanımın dərdində. Və budur. Bir damla göz yaşı… Bayaqdan bəri içimə axıtdığım damlalardan biri məndən icazəsiz bayıra çıxdı. Birinci mərtəbənin güzgüsünün qarşısında dayanıram. Bəlkə də dörd il hər gün gəlib-gedəndə bu güzgüyə baxmışam. Həmin güzgüdü yəqin. Amma güzgü məni tanımadı. Çünki ona baxan 4 il hər gün gördüyü adam deyil… Nəhayət tərk edirəm binanı. Bəlkə də bu sonuncu gəlişim idi bura. Daha gəlməyəcəyəm. Uşaqlarımız gözümün önünə gəlir. Onlara görə də çox peşmançılıq çəkirəm. Hamını individual olaraq yaxşı tanıya bilmədim. Bəzlərindən xəbərim var, bəziləri isə….. o vaxt nə üçünsə etinasız, adi yanaşdım onlara. Hansı ki, hərəmiz bir dünya idik və o vaxt hamımızın ümumi bir dünyamız da vardı – illər ötdükcə adı dəyişən 105, 205, 305 və 405 adlanan dünyamız.  Indi isə fərqli dünyalara məxsusuq. Eləsi var artıq yolunu müəyyənləşdirib, eləsi də var hələ hara, niyə getdiyini bilmir. Hamımız üçün Allahdan bir arzum, bir diləyim var. Allah hamımız barəsində ən xeyirli bildiyini etsin və bizə özümüzü xoşbəxt sanacağımız qədər gücü-qüvvəti versin. Amin.

PS. Bunu avtobusla evə qayıdanda yazıram. Radioda da məhz məni ötən illərə qaytaran mahnılar gedir: Rafet el Roman -“Affeder misin?” Bir zamanlar universitetdə mənim bir Xalidəm var idi axı. Bu mahnı mənə ancaq onu xatırladır. İndi o da yoxdu həyatımda… Röya – “Ömrümün bəhrəsi-barı nağılmış, Kasıb balıqçının toru nağılmış”…..

(c) Samira Haşımzadə

09.02.11

5 thoughts on “Nağılmış…

  1. Vallah, bilmirem ne yazim, amma oxuduqdan sonra dedim ki, gerek cavab yazam, en azindan hemin universitetin hemin fakultesinin hemin qrupunun telebesi kimi. Men de qebul oldugum universitetin bu oldugunu bilende beyenmemishdim. Amma bilirsen, men buna teessuf etmemishem sonralar. Mehz bu universitet mene dunyada her cur haqsizligin oldugunu oyretdi, ve hemchinin her pis gunun axirinda bir yaxshi seherin oldugunu da burada oyrendim. En esasi ise, oyrendim ki, biliyi universitet, ber bezekli auditoriyalar, hec neyi beyenmeyen professorlar, muellimler deyil, kitablar, oxumaga heves, irade, bir az da prinsiple qiymet almaqdan dogan maraq verir. Eybi yoxdur,bize qismet olmadisa da, qoy o yeni sherait bizden sonrakilara istedikleri telebe heyatini yashamaqda komek olsun. Men ise hemishe o universitetin qarshisindan kechende ferehlenirem. Bilirsen niye? Chunki, eyni ixtisasi uzre bir chox universitetlerde, xususen de ADU-da tehsil alanlarla bir tereziye qoyulanda, havada qalmiram.
    P.S. Meherrem muellimle Kamil muellimi o dekanatlida hech kes evez ede bilmez.

  2. Hmm, cooox dushundurucu ve xatirladici. Maraqllisi odu ki, sizin telebelik heyatinizi oxudum, oz telebeliyimiz yadima dushdu. Amma men sizden ferqli olaraq uni-te daxil olanda sevincimin heddi hududu yox idi, cunki bu uni-tin ne de olmasa, adi vardi :))) Bu ad sonralar ozunu dogrultdu, 30% dersler, 100% muellim ve telebe yoldashlari baximindan. Hec vaxt da peshmanciliq hissi kecirmemishem. Ele indi de xosh teessuratlarla xatirliyiram. :)))

  3. Samire yazini chox beyendim ve tesirlendim heqiqeten.men de daxil olanda teessuflenmiwdim amma sonradan pewman olmadim.telebecilikden chox gozel xatireler mene hediyye qalib.indi de hele de chox yaxshi unsiyyetde olduqum qrup yoldawlarim:).Kamil muellim nese menim yadima duwmedi.

  4. Qrup yoldaşlarına söz ola bilməz, əzizim. :)) Fati, Kamil müəllim 4-cü kursda gəldi dekanlığa. 2-ci zamdekanımız. :)) Nə əcəb yadından çıxıb. Çox sakit adam idi o da. Yəqin ona görə unutmusan.

  5. tam təsadüfən sizin bloqa girdim, googlda başqa bir şey axtarirdim, və təsadüfən bu yazınılzı oxudum .. super bloqdur …. sizin əhvalatı başa düşməyə çalışdım, bilmirəm indi nə baş verib, inanızki heçnəyə dözməyə ixtiyarınız yoxdur…. gözəl həyat sizin öz əliizdədi…..insanın taleyi öz əlindəədi … heşnəyə dözmə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *