* * *

Könlündə vüsal nəğməsi vardırsa, sevirsən,

Sevda dolu qəlbin səsi vardırsa, sevirsən.

 

Yox qorxusu yaş ötsə, xəzan tutsa vücudun,

Ruhunda bahar müjdəsi vardırsa, sevirsən.

 

Eşq içrə təlatümlə coşan qəlbinə hər dəm,

Sevdalıların qibtəsi vardırsa, sevirsən.

 

İstəklini əks etdirəcək güzgüdü qəlbin,

Tənha ürəyin bir kəsi vardırsa, sevirsən.

 

Cəhd eylə məramındakı könlün deyən olsun,

Nitqində vəfa kəlməsi vardırsa, sevirsən.

Həsrətlə baxan gözlərinin səcdə zamanı,

Yarın qaşı tək qibləsi vardırsa, sevirsən.

 

Eşq içrə sevinc umma səadət günəşindən,

Üstündə qəmin kölgəsi vardırsa, sevirsən.

 

Zil pərdədə Şəhnazına aldanma vüsalın,

Dilkəşdə vüsal pərdəsi vardırsa, sevirsən.

 

Arif, əsl aşiqdə deyirlər, ağıl olmaz,

Səndə dəlilik rütbəsi vardırsa, sevirsən.

 

Hacı Arif

One thought on “* * *

Leave a Reply

Your email address will not be published. Required fields are marked *