8 Marta baxdım

Bu gün 8 Mart idi. Hər yerdə bayram sevinci, qadınların çöhrəsində xoşbəxtlik, hamımız virtual, real hədiyyələr, təbriklər qəbul etdik. Hər yan gül-çiçəyə, yumşaq oyuncaqlara bürünmüşdü…

Bu gün həm də Yel çərşəmbəsi idi. Hava da yaxşıca soyumuşdu. Şəhəri dolaşıb insanların bu günkü həyat tərzindəki dəyişiklikləri müşahidə etmək də maraqlı oldu. Elə yanından əhəmiyyətsizcə keçib getdiyimiz bu nərgiz gülləri satan qadınların da çöhrəsində sevinc var idi. Bu gün daha çox gül satacaqdılar axı. Imkan tapıb şəkillərini çəkdim və istəmədən də satıcı kişi ilə etdikləri söhbətin şahidi oldum.

Qadın: “Axşam bazarıdı, ucuzdu, gəlin güllərdən alın.”

Satıcı: “Nə axşam? Saat hələ 1-dir.”

Qadın: “Vallah bütün gecəni yatmamışam, gülləri dəstələmişəm. Yorğunluqdan elə bilirəm axşama yaxındı. Bu gün axı 8 Martdı, qadınları sevindirmək üçün hamı gəlib alacaq…”

Qadınlar günündə özlərinin də qadın olduqlarını unudan bu xanımlara acıdım. Bəlkə də başqa şəraitdə, başqa mühitdə şahzadələr kimi yaşaya bilərdilər. Mühit, şərait insanı çox şeyə məcbur edə bilir. Məni cəlb edən məsələlərdən biri də həyatları, ürəkləri və əlləri bomboş olan qadınlar oldu… İmkanım olsaydı… ehh nə isə… Həyatdır.

Kişilərin isə ən azı ilin bu günündə bizə ayırdıqları diqqətdən necə də məmnunuq. İl boyu nə etdiklərinin əhəmiyyəti yoxdu, əsas odu ki, bu gündə unudulmayaq… Amma haqsızlıq edib bu sözümü təbii ki, bütün kişilərə də şamil etmirəm. Sözümün yiyələri götürəcək.

Fürsətdən istifadə edib bütün xanımların bayramını təbrik edirəm və analarımızın gözlərindən öpürəm. Allah sizi bizim həyatımızdan əskik etməsin. İlinizin tək bu gününü yox, hər gününü gül-çiçəklərlə, diqqətlə dolu yaşayasınız.

08.03.11

(c) Samira Haşımzadə

4 thoughts on “8 Marta baxdım

  1. “İmkanım olsaydı… ehh nə isə… Həyatdır.” gerek sen bir yazar olaraq demezdin bu sozleri….daha oyadan sozler yazardin, yazar! 😉

  2. İmkanım olmayan nələrinsə xəyalını niyə yazım, Aylin xanım? Axı O xanımlara lazım olan mən və ya mənim diqqətim və ya mənim edə biləcəklərim deyil…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *