Azərbaycanla qələbə

Dünən gecə Azərbaycanlı olaraq hamımız Avrovizyon həyəcanını və sevincini yaşadıq. 43 Avropa ölkəsinin qatıldığı bu, sənətdən, peşəkarlıqdan daha çox siyasətin yarışdığı yarışmada Azərbaycan qalib gəldi. Düzü heç gözləmirdim və səsini hələ verməmiş 4-5 ölkə qalana qədər birinci olacağımıza inanmırdım. Amma biz bunu etdik! Avrovizyon 2011-ci il yarışmasını öz adımıza yazdıq. Bütün Bakı, Azərbaycan, dünya azərbaycanlıları və türkləri qələbə bayramına büründük. Inanıram ki, bu qələbə sevinci bizim ürəyimizdə hələ uzun müddət yaşayacaq. Lakin hətta qələbəmizə də istər Azərbaycan, istərsə də dünya məkanında təbii olaraq birmənalı münasibət bəslənilmədi. Mən öz məkanımızda, sosial şəbəkələrimizdə rast gəldiyim qınaqlardan yazmaq istəyirəm. Əsas qınaq hədəfi qaliblərimizin səhnəyə Türkiyə bayrağı ilə çıxmağı oldu. Mənə görə isə bu, təsadüfi bir hadisə də olsa da, çox yerinə düşdü. Türkiyə bayrağının səhnəyə qalibin əlində çıxması ilə bizim qələbəmiz əlimizdən alınmadı. Əksinə, bunun əvəzində isə dünya Türkün birliyini bir daha hiss etdi və gördü. O, başa düşdü ki, türk türkün qardaşıdı və bunu hansısa araqarışdıran siyasi manevrlərlə pozmaq olmaz. Məsələnin ikinci tərəfi də elə Türkiyənin münasibəti ilə bağlıdır. Onlar anladılar ki, bu yarışmada iştirak etməsələr də, biz onları hətta qalibiyyət səhnəsində belə tək qoymadıq. Bu həm də Məmmədəli Birand kimi əvvəl ermənilərin tərəfini tutan, sonra isə guya peşman olduğunu bildirən ermənipərəst türklər, Azərbaycan bayrağını Türkiyə-Ermənistan futbol yarışı zamanı stadiona buraxmayan digər türklərə də çox böyük bir görk olsun.

Bu qalibiyyət bizə çox şeylər vəd edir. Bu qalibiyyət Azərbaycanı dünyaya tanıtmaqdadır. Bütün dünya bizimlə maraqlanmaqdadır. Ən sadə bir misal çəkim ki, mən bloqumda ölkəmi, millətimi tanıtmaq məqsədilə artıq neçə aydır ki, Azərbaycanım, millətim haqqında ingilis dilində məlumatlar yerləşdirmişəm. Gecədən bu günə artıq bloqda yerləşən bu məlumatlara axtarış sistemlərindən “Azerbaijan, Azerbaijanis, Land of fire, Azerbaijan’s state symbols və s.” Ifadələr yazaraq dəfələrlə giriş edilib. Bunun səbəbini isə hesab edirəm ki, düşünməyə çox ehtiyac yoxdur. Odur ki, gəncləri öz xeyrimizə internetdə daha fəal olmağa səsləyirəm. Mənfur niyyətli qonşularımızın isə günbəgün oğurladıqları və hələ neçə-neçə oğurlamaq istədikləri milli dəyərlərimizə sahib çıxmaq məqamı gəldi. Bizim haqq səsimizi ucaltmaq, şəhidlərimizin qisasını alınmaq məqamımız gəldi. Bacarıqlarımızı göstərmək, turizmi inkişaf etdirmək, Bakını mədəniyyət paytaxtı etmək məqamımız gəldi. Bu və digər bir sıra məsələlərdə bu qalibiyyətin bizim üçün nə qədər mühüm olduğu danılmazdır.

Uğurun mübarək, Azərbaycan!

(c) Samira Haşımzadə

15.05.11

2 thoughts on “Azərbaycanla qələbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *