Bizim vaxtımızda belə deyildi…

İctimai nəqliyyatda uşaqların davranışı və uşaqlarla davranış.
Özüm ictimai nəqliyyatdan çox istifadə edirəm və həmişə məni qıcıqlandıran bir məsələdən bu dəfə də yan keçə bilmədim. 2 nəfər 10-11 yaşlarında oğlan uşaqları yanbayan əyləşib, söhbət edirlər. Başlarının üstündə də 5-6 gənc qız və orta yaşlı xanımlar ayaq üstdə dayanıb. Uşaqlar isə bu xanımlara heç əhəmiyyət vermədən öz söhbətlərini edirlər. Əvvəlcə uşaqları qınadım. Sonra isə uşaqları qınamaq fikrindən daşınıb, bu cür rəftarın mənbəyini öz beynimdə araşdırmağa başladım…

Son zamanlar belə bir adət dəbə minib. Çox da kiçikyaşlı olmayan uşaqla qadın içəri daxil olur. Hətta yaşlı xanım da olsa ayağa qalxıb ona yer verir və bu da azmış kimi, xanım özü oturmaq əvəzinə uşağı ora əyləşdirir. Və yaxud da bir xanım əyləşib, ayaq üstdə kim olur-olsun, yanındakı yerdə də övladını əyləşdirib. Həmişə bu ifadəyə gülmüşəm. Amma indi özüm də işlədəcəyəm. Bizim vaxtımızda belə deyildi! Mən şəxsən uşaq olanda əgər avtobus və yaxud da metroda ayaq üstdə dayanan kimsə var idisə, mən anamın qucağında oturmalı idim. Və bu, mənim üçün yazılmamış bir qanuna çevrilmişdi. Dəfələrlə şahidi olmuşam ki, yaşlı insan gələndə uşaq ayağa qalxmaq istəyib, anası isə uşağı yerinə otuzdurub ki, qalxmasın. Yəqin belə valideynlər hesab edir ki, uşağı üçün yaxşılıq edir. Amma onlar uşaqlarını öz əllərilə gələcəyin mədəniyyətsiz və düşüncəsiz birinə çevrilməsinə imza atırlar. Bu da sübut!

Həzrəti Əlinin bir sözü var: Yumşaq tərbiyə gələcəyin tərbiyəsizliyidir. Bu ifadə ilə razılaşmaya bilmərəm. Alov nə qədər isti olsa, polad daha möhkəm olar. Bir çox nüanslarda yumşaq davranmaq, yeri gəldi-gəlmədi övladın tərəfini saxlamaq, uşağa tam olaraq hər istədiyini vermək,  gələcəyin eqoist, ərköyün, təmbəl və bacarıqsız birinə çevirmək deməkdir. Övlada qarşı haqsızlıq etmək , aşırı dərəcədə sərt olmaqdan söhbət aparmıram mən.  Lakin övladı sanki hər bir şeyin gözəl olduğu, “qa deyəndə qa, qu deyəndə qu”-nun olduğu xəyallar dünyasında bəsləmək, böyütmək də olmaz. Uşaq da insandır, o da nə zamansa böyüyərək onun üçün yaradılan nağıllar dünyasının boşluq və yalandan ibarət olduğunu dərk edəcək. Onun qarşılaşdığı ən zəif problem belə ona dağ boyda görünəcək və özünü digərlərilə müqayisə edəndə, ilk növbədə qayıdıb həmin valideynlərini günahlandıracaq…

Samira Haşımzadə

One thought on “Bizim vaxtımızda belə deyildi…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *