Mənim üçün oğlumu al

Ramazanın son günü idi. Bayrama bir gün qalmışdı. Zəhra ana bayram bazarlığı etmək üçün evdən çıxmağa hazırlaşırdı. Düzdü elə böyük bir bazarlıq etməyəcəkdi. Amma 1 ay ərzində ailələdə hamı oruc tutmuşdu. Buna görə də qadın nə ilə olsa da ailəsində bayram əhval-ruhiyyəsini hiss etdirməyə çalışırdı. Qapıdan çıxmamışdan öncə ərinin namaz qıldığını görüb bir az ayaq saxlayaraq qızı ilə söhbət etməyə başladı.

–          Qızım, ürəyin hansı meyvəni istəyir, de alım gətirim.

–          Heç nə istəmirəm, ana, elə nə istəyirsən, özün al.

–          Niyə belə? Axı sən də oruc tutmusan. Istəyirəm ürəyin istəyəni deyəsən.

–          Vallah ürəyim xüsusi bir şey istəmir.

–          Yaxşı, qoy atan namazını qurtarsın, görüm o nə istəyir. Get sən də namazını qıl, qızım. Vaxtı keçirtmə.

Beləliklə, gənc Fatimə də namaz qılmağa başladı. Zəhra ana isə səbrsiz olduğuyçun ayaqqabılarını geyinib bayırda ərini gözləməyə başladı. Qulam kişi namazı qurtarar-qurtarmaz, heç dua etməyə macal tapmamış, arvad səsləndi.

(more…)

Facebook sevgilim

“Bu dəfə Facebook-da olan sevgilim- virtual surətdə eşqinə mübtəla olduğum birindən söz açmaq istəyirəm. Niyə axı mən hər dəfə sənin səhifənə gəlirəm? 15 dəq əvvəl burda idim, sanki sən gəlib səhifəndə yeni-yeni inqilablar, çevrilişlər etmisən, mən də bunlardan xəbərsiz qalmışam. Onsuz da bütün “status”ların, kimlərəsə yazdığın “comment”lər, kimlərinsə “comment”inə cavabların, kimlərin rəyini “like” etdiyin hamısı nöqtə-vergülünə kimi əzbər xatirimdədir. Şəkillərindəki ən xırda detallara qədər, hətta şəkillərin altındakı rəylərdən şəkli kimin çəkdiyini belə bilirəm. Bunları səndən soruşa bilmirəm, özüm tapmağa çalışıram. Axı sən mənim bu hisslərimdən, əməllərimdən xəbərsizsən. Elə beləcə, virtual surətdə nələri xoşladığını, nələri xoşlamadığını, kimlərə daha yaxın olduğunu, kimlərlə məsafəli münasibətdə olduğunu çox yaxşı bilirəm. Bütün zövqlərin gözlərim önündədir. Xoşladığın müğənni və musiqini “share” etdiyin videolardan, geyim zövqünü albomlarındakı şəkillərindən, bəyəndiyin kitabları, filmləri, hətta xoşladığın sitatlara qədər hamısını info-ndan əzbər öyrənmişəm. “Join” etdiyin qruplara, “like” etdiyin səhifələrə mən də gizli-gizli qoşuluram, sonra səhifəmdən silirəm ki, səndən sonra qoşulduğumu başa düşməyəsən. Bircə sənin yaratdığın qrupa daxil olmuram, qüruruma sığışdırmıram, gözləyirəm ki, dəvət göndərəsən.

Bu yaxınlarda Mark Zukerberqə bir minnətdarlıq məktubu yazmaq istəyirəm. Belə bir açıq informasiya mənbəyi yaratdığı üçün. Yoxsa mən səni hardan tanıyardım? Ümumi götürdükdə nəinki səni, “Family” siyahına əsasən hətta ailə üzvlərini və qohumlarını da tanıyıram. Harda işləyirsən, harda və kiminlə təhsil almısan, qrup yoldaşlarından kiminlə əlaqən var, kimlər evlənib, kimlər subaydır, hamısı mənə məlumdur. Hər gün bir neçə nəfərlə dostlaşdığının da şahidi oluram. Düzün desəm, hər dəfə qızlarla dostlaşdığını görəndə səni çox qısqanıram. Və ya hansısa qızın sənə xoş sözlər yazdığını görəndə əsəbimdən onu “block”, “report” etməmək üçün özümü güclə saxlayıram.

(more…)

Dünyamız dəyərlidir

British Council Azərbaycanın Fəal Vətəndaşlar proqramı
(http://www.britishcouncil.org/az/azerbaijan-education-active-citizens-3.htm) Y-PEER Azərbaycan (www.youthpeer.az) və Birləşmiş Millətlər Təşkilatının Keçmiş Təcrübəçiləri Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində video çarxların çəkilməsi və bloqların yazılması üzrə 1-günlük media təlim çərçivəsində “Ekoloji davamlılığın artırılması” mövzusu üzrə işləyib-hazırladığım video.

[youtube=http://www.youtube.com/watch?v=YQoMMbaROqk&feature=channel_video_title]

“Sevginin 3 Növü”

Görkəmli Yaponiyalı yazıçı və mütəfəkkir Masumi Toyotome “Sevginin 3 Növü” (“Three Kinds of Love”) adlı kitabında sevgi və sevginin növləri barədə düşündüklərini yazmış və hər kəslə paylaşmışdır. Hamımız içimizdə sevgi nədir bilirik, hiss edirik, başa düşürük. Bunu sözlərə köçürdərək izah etmək isə çox çətindir. Masumi Toyotome buna cəhd etmiş və hətta sevgini  növlərə ayırmışdır. Onun baxdığı istiqamətdə baxarsaq, zənnimcə nə demək istədiyini başa düşər və sözlərinə haqq qazandırarıq.

“Dünyada sevilmək istəməyən insan yoxdur” sözlərilə Toyotome kitabı başlayır.
“Amma sevgi nədir, harada tapmaq olar, bilirikmi?” deyə soruşur.. Sonra izah etməyə başlayır.
“Sevgi üç növdür!..”
Birincinin adı “Əgər” növ sevgidir!..
Əgər yaxşı olsan atan, anan səni sevər. Əgər uğurlu və mühim bir insan olsan, səni sevərəm. Əgər həyat yoldaşı olaraq mənim istədiklərimi versən, səni sevərəm. Toyotome “Ən çox təsadüf edilən sevgi növü budur” deyir. Bir şərtə bağlı olan sevgi.. Qarşılıq gözləyən sevgi… Məqsəd sevgi qarşılığında bir şey qazanmaqdır. Gənclər bir-birlərinin o ankı gerçək vəziyyətinə deyil, xəyallarındakı şişirdilmiş romantik görüntüsünə aşiq olur və nələrsə gözləməyə başlayırlar. Bu gözləntilər həyata keçmədiyində isə məyusluq başlayır. Ən saf olmalı olan ana-ata sevgisində belə “Əgər” növ sevgiyə rast gəlinir.

(more…)

Evləndik ki, boşanaq?!

Müasir Azərbaycan cəmiyyətinin ən qlobal problemlərindən biri də boşanmadır. Yaşanan müxtəlif problemlər, mövcud olan anlaşılmazlıqlar, ailədaxili münaqişələr bütün dövrlər üçün səciyyəvi olsa da, ötən illərlə müqayisədə, yaşadığımız dövrdə boşanmaların sayında kəskin artma halları vardır. Ədliyyə Nazirliyinin rəsmisinin mətbuata etdiyi açıqlamaya əsasən, 2010-cu ilin ilk 6 ayında ölkədə 32 681 nikah bağlanıb, 4276 nikahın pozulması halı qeydə alınmışdı. 2011-ci ilin ilk altı ayı ərzində isə 39 803 nikah bağlanıb, 5335 nikahın pozulması halı qeydə alınıb.

Millətcə, evlənməyi, toyu, xeyir işləri sevirik, amma son illərdə boşanmağı da kifayət qədər sevməyə başlamışıq. Vaxt var idi bir kənddə, qəsəbədə, küçədə, binada ailəsindən boşanan qadın və ya kişi olardısa, onu barmaqla göstərərdilər. İndi isə belələrini saymağa barmaqlar yetmir. Əvvəllər boşanma halı ailəyə yaxın insanlar, xüsusilə qız adamları üçün ölümdən beşbətər bir faciə kimi qəbul olunardı. Ailə çox müqəddəs idi. Qadın hər bir vəchlə öz ailəsini davam etdirməyə çalışırdı. Çünki qadının boşanması onun özü, ailəsi, hətta nəsli üçün böyük bir ləkə idi. Qızlarını bir evdən digər evə gəlin köçürən ata-ana öz xeyir duaları ilə birgə məsləhətlərini də verərdilər: “Getdiyin evdən ancaq meyidin çıxmalıdır. Hər nə olur-olsun dözüb oturmalısan. Sən artıq o evə məxsussan.” Hətta qızı evdən aparanda doğmaları adət üzrə gəlin maşınının arxasıyca kiçik bir daş da atırdı. Bu da o anlama gəlirdi ki, qız getdiyi evdə daş kimi möhkəm qalsın, geri qayıtmasın. İndi valideynlərin öz qızlarına verdiyi məsləhətlərin xarakteri də dəyişib: “Əvvəldən özünü necə göstərdin, axıra qədər elə də gedəcək. Unutma, biz həmişə səninləyik və burada sənin bir evin var.” Ana-atalarımızın dövrü ilə müqayisədə ailə qurmanın tərzində də çox dəyişikliklər var. O zaman ailə qurmaq üçün sevgi şərt deyildi. İnsanlarımız əsasən böyüklərinin seçdiyi biri ilə ailə qurar və nə cür anlaşılmazlıq, nə cür problem baş verir-versin, bir ömür boyu özlərini bu ailəyə məhkum edirdilər. Deyərdim ki, o dövrdə ailənin dağılmasına əsas səbəb yalnız qadın xəyanəti ola bilərdi. Bu hal da bəlkə 10 mində bir ailədə baş verə bilərdi. Kişinin xəyanəti isə ailə dağılmasına heç bir halda səbəb ola bilməzdi. Indiki ailələrin dağılmaması üçün isə sevgi çox böyük şərtdi. Sevgi yoxdursa, kiminsə xatirinə bir-birinə güzəştə getmək də yoxdur, ailəni qorumaq xatirinə, uşaqlara görə, “camaat nə deyər?” düşüncəsinə görə səbr etmək, nələrəsə qatlaşmaq da yoxdur. Standartlar dəyişib, ailəyə münasibət dəyişib, həyat tərzi dəyişib. Mən əslində hansısa dövrə haqq qazandırmağa çalışmıram. Təbiidir ki, hər dövrün öz tələbi, çatışmazlıqları və müsbət cəhətləri vardır.

(more…)

Bərdə səyahətim

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir.

Dahi şairimiz Nizami Gəncəvinin bu sətirləri həmişə əzbər xatirimdə olub. İndi isə bu gözəl və qəşəng olan qədim Bərdəni 3 günlük də olsa səyahət etmək, tanımaq, öyrənmək şansım yarandı. Yola düşməzdən öncə qədim dövrlərdə öz gözəlliyi və qüdrətinə görə “Aranın anası” adlandırılan Bərdə haqqında özüm üçün kiçik araşdırma apardım.

Bərdə Azərbaycanın ən qədim şəhərlərindən biri hesab olunur. Onun əsası e.ə. IV qoyulmuşdur. V əsrdə isə Bərdə elə inkişaf edir ki, onu “Şahastan” adlandırırlar. VI əsrdə Qafqaz Albaniyasının qubernatoru öz iqamətgahını Qəbələdən Bərdəyə köçürmüş və beləliklə də Bərdə dövlətin paytaxtına çevrilir. Ərəb tarixçisi Təbarinin yazdığına görə Bərdə şəhəri böyüklüyünə, əzəmətinə və əhalisinin sayına görə Bağdaddan sonra Şərqin ikinci böyük şəhəri olmuşdur.

Beləcə, Bərdənin qısa tarixi və tarixi abidələri haqqında məlumat topladıqdan sonra bu tarixi abidələri özüm əyani surətdə gedib görmək niyyəti ilə yola düşdüm. 5 ildən bəri ilk dəfə idi ki, nəhayət Bakımdan kənara çıxırdım. Qarşıda məni düz 5 saatlıq uzun bir yol  gözləyirdi. Bərdəyə çatanda ilk olaraq məni bu qapılar qarşıladı.

Bir gün dincəldikdən sonra isə bu dillər əzbəri Bərdə şəhərinin tarixi abidələrini, gəzməli-görməli yerlərini səyahət etməyə və özümə görə kiçik tədqiqat aparmağa başladım.  Gəldik Bərdə şəhər Tarix-Diyarşünaslıq muzeyinə:

Muzey 1981-ci ildən fəaliyyət göstərir. Muzeydə Azərbaycan xalqıının, o cümlədən Bərdənin tarixi irsi qorunub saxlanılır. İki salonda Bərdənin tarixini, mədəniyyətini əks etdirən 2200 eksponat və mənim üçün ən maraqlı olan qədim şəhərin maketi nümayiş etdirilir. Eksponatlar arasında yaşı beş yüz il ildən artıq əmək alətləri də vardır. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır.

[slideshow id=2089670227127741504&w=426&h=320]

(more…)