Bərdə səyahətim

Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir.

Dahi şairimiz Nizami Gəncəvinin bu sətirləri həmişə əzbər xatirimdə olub. İndi isə bu gözəl və qəşəng olan qədim Bərdəni 3 günlük də olsa səyahət etmək, tanımaq, öyrənmək şansım yarandı. Yola düşməzdən öncə qədim dövrlərdə öz gözəlliyi və qüdrətinə görə “Aranın anası” adlandırılan Bərdə haqqında özüm üçün kiçik araşdırma apardım.

Bərdə Azərbaycanın ən qədim şəhərlərindən biri hesab olunur. Onun əsası e.ə. IV qoyulmuşdur. V əsrdə isə Bərdə elə inkişaf edir ki, onu “Şahastan” adlandırırlar. VI əsrdə Qafqaz Albaniyasının qubernatoru öz iqamətgahını Qəbələdən Bərdəyə köçürmüş və beləliklə də Bərdə dövlətin paytaxtına çevrilir. Ərəb tarixçisi Təbarinin yazdığına görə Bərdə şəhəri böyüklüyünə, əzəmətinə və əhalisinin sayına görə Bağdaddan sonra Şərqin ikinci böyük şəhəri olmuşdur.

Beləcə, Bərdənin qısa tarixi və tarixi abidələri haqqında məlumat topladıqdan sonra bu tarixi abidələri özüm əyani surətdə gedib görmək niyyəti ilə yola düşdüm. 5 ildən bəri ilk dəfə idi ki, nəhayət Bakımdan kənara çıxırdım. Qarşıda məni düz 5 saatlıq uzun bir yol  gözləyirdi. Bərdəyə çatanda ilk olaraq məni bu qapılar qarşıladı.

Bir gün dincəldikdən sonra isə bu dillər əzbəri Bərdə şəhərinin tarixi abidələrini, gəzməli-görməli yerlərini səyahət etməyə və özümə görə kiçik tədqiqat aparmağa başladım.  Gəldik Bərdə şəhər Tarix-Diyarşünaslıq muzeyinə:

Muzey 1981-ci ildən fəaliyyət göstərir. Muzeydə Azərbaycan xalqıının, o cümlədən Bərdənin tarixi irsi qorunub saxlanılır. İki salonda Bərdənin tarixini, mədəniyyətini əks etdirən 2200 eksponat və mənim üçün ən maraqlı olan qədim şəhərin maketi nümayiş etdirilir. Eksponatlar arasında yaşı beş yüz il ildən artıq əmək alətləri də vardır. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılmışdır.

[slideshow id=2089670227127741504&w=426&h=320]

Muzeyin yaxınlığında tikinti işləri aparılarkən bu şəhər qalıqları aşkarlanmışdır. Bərdənin görünən hissələrindən başqa torpağın altında görünməyən tarixi baxımdan böyük xəzinə var. Əslində Bərdə bu gün həm də açıq səma altında olan tarixi müzeydir.

Elə bu açıq səma altında olan muzeydən də bir neçə şəkillər mənə xatirə qaldı.   Bərdədə öz ağlı və dərrakəsi, siyasəti ilə seçilən hökmdar Nüşabə xanımın izi olan türbə və qala divarları qalmaqdadır. Ümumiyyətlə, bu torpaqlarda ötən əsrlərdən qalma qədim qala divarları, məscidlər, qədim hamamlar, türbələr və s. bu gün də qorunur. Onların arasında “Axsadan baba” (XIV əsr) mavzoleyinin qalıqları, səkkizguzşəli mavzoley (XIV əsr), İmamzadə məscidi (XVIII əsr) də vardır. Elə bu açıq muzeyi keçib gedəndən sonra yolumuzu el arasında Nüşabə qalası adı ilə tanınmış Bərdə türbəsindən saldıq. XIV əsrin nadir memarlıq nümunələrindən hesab olunan Bərdə türbəsi 1322-ci ildə Əcəmi məktəbinin yetişdirməsi Naxçıvanlı Əhməd ibn Əyyub Əl Hafiz tərəfindən tikilmişdir. Türbənin yuxarı hissəsindəki şirli kərpiclərə hər yandan baxanda “Allah” sözü oxunur. XX əsrin 50-ci illərində aparılan bərpa işlərinin nəticəsi olaraq abidənin quruluşunu dəyişdirərək kilsəyə bənzətməyə çalışıblar. Çünki memarların arasında erməni memarı olmuşdur. Üstünü dəmir beton konstruksiya ilə örtən memarlar bununla da türbənin divarlarına düşən yük təzyiqinin normadan yüksək olmasına səbəb olmuşlar. Abidənin divarları bu yükə hesablanmadığı üçün onun divarlarında çatlar əmələ gəlmişdir. Aldığım məlumata görə ateist bolşeviklərin Azərbaycanı işğalından sonra türbənin dağıdılması üçün bütün variantlara əl atılıb. Ancaq onların bu səyləri nəticəsiz qalıb. Hazırda abidə dağılmaq təhlükəsi ilə üz-üzədir. Abidənin kitabələri demək olar ki, tamamilə dağılıb və üzərində ərəb əlifbası ilə yazılan sözlər silinib və artıq oxunmur. Abidənin uçmasının qarşısını almaq üçün ilk növbədə onun üzərindəki beton konstruksiya götürülməlidir.
Bildiyimizə görə bu türbənin eyni oxşar variantı İranın İsfahan şəhərində tikilmişdir. Lakin təbii olaraq, İsfahan şəhərindəki türbənin üstündəki beton minarə yoxdur. Biz də ümid edirik ki, nə zamansa Bərdənin qədimi tarixini özündə əks etdirən Bərdə türbəsi yenidən bərpa edilərək öz ilkin variantında yaşamağa davam edəcək.                      
Növbəti və sonuncu səfər etdiyim tarixi abidə Bərdə şəhərinin mərkəzində yerləşən İmamzadə məscidi oldu. Bərdə İmamzadəsi türbə və məsciddən ibarətdir. Azərbaycanda XIV əsrdə tikilən yeganə 4 minarəli məscid olan bu abidə akademik Dornun fikrincə, ilkin olaraq ziyarətgah-türbə formasında olub. Sonralar (XVIII əsrdə) ətrafında məscid tikilib. Məlumatlara görə,

Buradakı türbədə İmam Cəfəri Sadiqin qız nəvəsi İsmayıl dəfn olunub. İmamın III oğlu İbrahim İsa (739-cu ildə) Gəncə şəhərinin 7-ci km-liyində yerləşən Göy İmamzadədə dəfn olunub. Bu abidə Buxaradakı “çar Minar” abidəsi ilə oxşarlıq təşkil edir. A.A.Bakıxanov da “Gülüstani-İrəm” əsərində Bərdədə müqəddəs ziyarətgah yeri olduğunu göstərib.

Elə bu İmamzadə ilə yanaşı yerləşən XVII-XVIII əsrlərə aid olan bir türbə də vardır. Bu türbədə Qacarlar sülaləsindən olan alim və tarixçi Bəhmən Mirzənin məzarı yerləşir. Dolğun məlumat verə bilməyim üçün türbənin üzərində yerləşən bu lövhəni də nəzərinizə çatdırıram.

Bərdə şəhərinin tarixi abidələrinə ziyarətim bu qədər oldu. Tarixi abidələrin, şəhərin müasir görünüşünün, 2 günlük istirahət etdiyim meşənin və daha nələrin xoş təəssüratları ilə isə hələ də yaşayıram. Bu xoş təəssüratlardan oxuculara 10% nəsə məlumat ötürə bilərəmsə, çox məmnun olaram.

8 thoughts on “Bərdə səyahətim

  1. Maraqli yazidi.. Adamin lap gedib Berdeni gezmeyi geldi 🙂 Mence netde Berde haqqinda cox az melumat var, maraginda olan insanlara bu cox faydali olucey.. Bu arada, hemishe seyahetde 🙂

  2. Samira xanım, virtual da olsa sizin vasitənizlə Bərdəyə səyahət etdim. Xüsusilə şəkillərlə bu səyahət lap əyani oldu. Çox sağ olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *