Evləndik ki, boşanaq?!

Müasir Azərbaycan cəmiyyətinin ən qlobal problemlərindən biri də boşanmadır. Yaşanan müxtəlif problemlər, mövcud olan anlaşılmazlıqlar, ailədaxili münaqişələr bütün dövrlər üçün səciyyəvi olsa da, ötən illərlə müqayisədə, yaşadığımız dövrdə boşanmaların sayında kəskin artma halları vardır. Ədliyyə Nazirliyinin rəsmisinin mətbuata etdiyi açıqlamaya əsasən, 2010-cu ilin ilk 6 ayında ölkədə 32 681 nikah bağlanıb, 4276 nikahın pozulması halı qeydə alınmışdı. 2011-ci ilin ilk altı ayı ərzində isə 39 803 nikah bağlanıb, 5335 nikahın pozulması halı qeydə alınıb.

Millətcə, evlənməyi, toyu, xeyir işləri sevirik, amma son illərdə boşanmağı da kifayət qədər sevməyə başlamışıq. Vaxt var idi bir kənddə, qəsəbədə, küçədə, binada ailəsindən boşanan qadın və ya kişi olardısa, onu barmaqla göstərərdilər. İndi isə belələrini saymağa barmaqlar yetmir. Əvvəllər boşanma halı ailəyə yaxın insanlar, xüsusilə qız adamları üçün ölümdən beşbətər bir faciə kimi qəbul olunardı. Ailə çox müqəddəs idi. Qadın hər bir vəchlə öz ailəsini davam etdirməyə çalışırdı. Çünki qadının boşanması onun özü, ailəsi, hətta nəsli üçün böyük bir ləkə idi. Qızlarını bir evdən digər evə gəlin köçürən ata-ana öz xeyir duaları ilə birgə məsləhətlərini də verərdilər: “Getdiyin evdən ancaq meyidin çıxmalıdır. Hər nə olur-olsun dözüb oturmalısan. Sən artıq o evə məxsussan.” Hətta qızı evdən aparanda doğmaları adət üzrə gəlin maşınının arxasıyca kiçik bir daş da atırdı. Bu da o anlama gəlirdi ki, qız getdiyi evdə daş kimi möhkəm qalsın, geri qayıtmasın. İndi valideynlərin öz qızlarına verdiyi məsləhətlərin xarakteri də dəyişib: “Əvvəldən özünü necə göstərdin, axıra qədər elə də gedəcək. Unutma, biz həmişə səninləyik və burada sənin bir evin var.” Ana-atalarımızın dövrü ilə müqayisədə ailə qurmanın tərzində də çox dəyişikliklər var. O zaman ailə qurmaq üçün sevgi şərt deyildi. İnsanlarımız əsasən böyüklərinin seçdiyi biri ilə ailə qurar və nə cür anlaşılmazlıq, nə cür problem baş verir-versin, bir ömür boyu özlərini bu ailəyə məhkum edirdilər. Deyərdim ki, o dövrdə ailənin dağılmasına əsas səbəb yalnız qadın xəyanəti ola bilərdi. Bu hal da bəlkə 10 mində bir ailədə baş verə bilərdi. Kişinin xəyanəti isə ailə dağılmasına heç bir halda səbəb ola bilməzdi. Indiki ailələrin dağılmaması üçün isə sevgi çox böyük şərtdi. Sevgi yoxdursa, kiminsə xatirinə bir-birinə güzəştə getmək də yoxdur, ailəni qorumaq xatirinə, uşaqlara görə, “camaat nə deyər?” düşüncəsinə görə səbr etmək, nələrəsə qatlaşmaq da yoxdur. Standartlar dəyişib, ailəyə münasibət dəyişib, həyat tərzi dəyişib. Mən əslində hansısa dövrə haqq qazandırmağa çalışmıram. Təbiidir ki, hər dövrün öz tələbi, çatışmazlıqları və müsbət cəhətləri vardır.

Boşanmış və ya boşanmaq niyyətində olan insanlardan bunun səbəbini soruşanda adətən “Xasiyyətlərimiz tutmadı; bir-birimizi başa düşmürük” kimi ifadələr işlədirlər. Lakin anlaşılmazlıqlara, ailələrin dağılmasına gətirib çıxaran digər səbəblər var. Bu məsələləri araşdırmaq üçün bir neçə günlük virtual və real həyatda insanların rəyini öyrənərək, müxtəlif fikir, təcrübələr və məsləhətlər əldə etmiş oldum. Keçirdiyim sorğuya əsasən ailələrin dağılmasının əsas səbəbləri hörmətsizlik, valideynlərin müdaxiləsi, yalan, xəyanət, diqqətsizlik, sevgisiz qurulan ailələr, maddi problemlər və s.kimi sıralanmış oldu. İki tərəfin də gözləntiləri oxşardır. Sevgi, məhrəmiyyət, bağlılıq, bərabərlik, hörmət, uyğunluq, duyğusal dəstək, maddi dəstək və dostluq hər iki tərəfin vazkeçilməz ehtiyaclarıdır.

40 illik gözəl ailə həyatı sürmüş bir qadın isə mənimlə çox maraqlı həmsöhbət olub, öz həyat təcrübələrini, ailəsini qorumağın sirrlərini bölüşdü:

Evliliyimizin əvvəlində maddi cəhətdən çox sıxıntılar çəkmişdik, amma biz bu ailəni dağıtmaq üçün deyil, yaratmaq üçün qurmuşduq. Bizim zamanımızda boşanmaq yox idi, insanlar xoşbəxt olmasalar belə evli qalırdılar. Ərimlə bəzən mübahisə edərdik, bir-birimizi eşitməzdik, hər məsələdə eyni düşüncədə olmazdıq, amma biz bu mübahisələr barədə heç vaxt kənar adamlara bildirməmişik. Bu məsələləri yalnız ikimiz arasında həll etmişik. Evliliyimizin əvvəlində “pəncərəni niyə açıq qoydun?” kimi ən kiçik məsələlərdə belə mübahisələr olurdu lakin, zaman keçdikcə bu məsələlərin elə də önəmli olmadığını öyrəndik. Ən əsası isə ailədə qarşılıqlı hörmət hissini itirməməkdir, partnyorunun dəyərlərinə, onun ailəsinə dəyər verməkdir. Öz həyat yoldaşının böyüyüb, boya-başa çatdığı ailəsini pisləmək onun üçün ən ağır zərbə ola bilər. Bunu edirsinizsə, özünüzü sadəcə o insanın yerinə qoyun və ümumiyyətlə həyat yoldaşına qarşı hər hansı bir addımı atdığınız zaman əvvəlcə özünüzü onun yerinə qoyun. Əgər bu hərəkət özünüzə xoş gəlirsə, onda davam edin. Gənclərimiz elə bil səbrsiz, dözümsüz olublar, kiçik bir problem olan kimi tez ruhdan düşürlər, ayrılmağı çarə bilirlər. Lakin unutmayın ki, ailə həqiqətən də çox müqəddəsdir. Əgər Allah sizə bu gözəl neməti bəxş edibsə, onun dəyərini bilin.

Ər və arvad həyat ümmanında eyni qayıqda üzən insanlardı. Bəzən partnyorlar hər ikisi eyni istiqamətə üz tutaraq, avarlarını çəkir və fırtınalara, qasırğalara baxmayaraq öz xoşbəxt limanlarına çata bilirlər. Bəziləri isə eyni qayıqda oturub onu müxtəlif istiqamətlərə aparmağa çalışırlar. Nəticədə, heç bir limana çatmadan elə bu qasırğaların qurbanına çevrilirlər. Bunun günahı isə yanımızda bizimlə eyni istiqamətdə paralel üzən qayıqları görməməzlikdən gəlib, bizdən istər dini, maddi imkan, mənəvi dəyərlər, istərsə də təhsil, həyata baxış tərzi ilə çox fərqli olan insanlarla qurulan izdivaclardır. Əvvəlcədən bizdən tamamilə fərqli olduğunu bilə-bilə “evlənəndən sonra dəyişər” düşüncəsilə özümüzü aldadırıq. Çünki artıq ailə yaşına çatmış hər bir şəxsiyyət özünün, xarakterinin, dəyərlərinin, sevdiklərinin dəyişdirilməməsi üçün mütləq mübarizə aparacaq. Ailə qurmağa addım atmazdan öncə ən azı heç bir günahı olmayan, sizə isə ən doğma olacaq balaca möcüzələrin həyatını zəhərləməməkdən ötrü son bir dəfə də düşünməyə dəyər.

(copyrights) Samira Haşımzadə 

11.08.11

11 thoughts on “Evləndik ki, boşanaq?!

  1. Dogurdan da gunumuzun teessuf ki, en aktual movzularindan biridir. En esas nuanslar vurgulanib. Men deyerdim ki, ya insanlar bu qeder adileshib, ya da heyatda bash veren hadiselere, yashananlara baxish, yanashma terzi adileshib. Bura tekce gencleri deyil, orta, hem de yashli tebeqeni de aid etmek isteyerdim. 73 yashinda boshanmag ucun erize verenler bele var.. Ne deyim.. Allah sebr versin…

  2. Samirə bəzi fikirlərinlə tamamilə razıyam . bir neçəsi ilə heç də razı deyiləm. məsələn ata-ananın qızına dəstək olması heç də pis bir şey deyil – ən azından qadın da bir insandır və onun da hüquqları var. Əgər o getdiyi ailədə döyülürsə və ya evləndiyi Allahın verdiyi cana qıyırsa(döyülməkdən dəli olan qadınlar var, və ya əri bütün gücü ilə vurub xanımının qolunu və ya qıçını sındırırsa..) belə ailədə necə yaşamaq olar. Əgər ər xəyanət edir və HİV-ə yoluxur və bunu gətirib xanımına yoluxudurur.budurmu ailə! Ər deyilən “insan” da ən azından xanımına evə alınan əşya kimi deyil “Həyat yoldaşı” kimi baxsa və hörmət etsə məncə boşanmalar azalar. İndi kişilər evlənəndə fikirləşir ki, əşşi çox oyna -buyan edərsə boşanaram daa.. bax belə…

    1. Günay, bu mövzu həqiqətən də çox genişdir. Mən təbii ki, normal, müasir Azərbaycan gənclərindən, ailələrindən söhbət açıram. Zorakı, anormal xüsusiyyətli insanlarla ailə həyatı tam başqadı.

  3. ‎”Unutma burda senin bir evin var”-ifadesiyle raziyam. her halda : “bax getdin ne olursa olsun doz otur,bowanib qayitma ustumuze,bizi biyabir etme”-ifadesinden medeni seslenir. MENCE…..

  4. Shebish, men razilasha bilmirem, bilirsen niye.. Insanda eminlik yarandi, vessalam. Ne vaxt istese, elinde kozr var “gederemaa”.. Mence bu ufadeni ishletmekdense, ailesinin dagilmamasi ucun bashqa sebebler dushunmelidi. Heyat bu qeder asan deyil axi…

  5. duzdu here ozune gore bir cur bawa duwur.ama eger normal duwunen insanlardan sohbet gedirse bele olmalidir.biz de insanlar “el qinagi” deyilen nelere ve ya kimlerinse sozlerine heddinden cox ehemiyyet verirler

  6. Men oz adimdan deyirem.Eger er ailesine sahib cixirsa ve eger ailesine baxa bilirse,onda yoldasi heç vaxt boşanmaz. Valideynlerimizin dovru getdi.Cunki indi adice ishe axtaranda kisi tapmir,tapsa da 200manatla ne aile dolandirmaq olar axiiiiiiiiiii!!!!!!! Maddiyyat problem deyil, en boyuk felaketdi.İndiki cavanlarimiz arasinda evlenenlerin sayi azdir. Hamisi maddi probleme goredir.

  7. Bu mövzuya görə sizə çox minnətdaram. İşlətdiyiniz hər bir cümlə ilə tam razıyam. Təşşəkkür edirəm ki, belə aktual mövzuya müraciət etmisiniz. Bu cür lazımlı və düşünməyə çağıran bir mövzunu sizdən hallalıq alaraq səhifəmdə paylaşmağa özümə borc bilirəm. Allah razı olsun, Allah ürəyinizə görə versin!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *