Facebook sevgilim

“Bu dəfə Facebook-da olan sevgilim- virtual surətdə eşqinə mübtəla olduğum birindən söz açmaq istəyirəm. Niyə axı mən hər dəfə sənin səhifənə gəlirəm? 15 dəq əvvəl burda idim, sanki sən gəlib səhifəndə yeni-yeni inqilablar, çevrilişlər etmisən, mən də bunlardan xəbərsiz qalmışam. Onsuz da bütün “status”ların, kimlərəsə yazdığın “comment”lər, kimlərinsə “comment”inə cavabların, kimlərin rəyini “like” etdiyin hamısı nöqtə-vergülünə kimi əzbər xatirimdədir. Şəkillərindəki ən xırda detallara qədər, hətta şəkillərin altındakı rəylərdən şəkli kimin çəkdiyini belə bilirəm. Bunları səndən soruşa bilmirəm, özüm tapmağa çalışıram. Axı sən mənim bu hisslərimdən, əməllərimdən xəbərsizsən. Elə beləcə, virtual surətdə nələri xoşladığını, nələri xoşlamadığını, kimlərə daha yaxın olduğunu, kimlərlə məsafəli münasibətdə olduğunu çox yaxşı bilirəm. Bütün zövqlərin gözlərim önündədir. Xoşladığın müğənni və musiqini “share” etdiyin videolardan, geyim zövqünü albomlarındakı şəkillərindən, bəyəndiyin kitabları, filmləri, hətta xoşladığın sitatlara qədər hamısını info-ndan əzbər öyrənmişəm. “Join” etdiyin qruplara, “like” etdiyin səhifələrə mən də gizli-gizli qoşuluram, sonra səhifəmdən silirəm ki, səndən sonra qoşulduğumu başa düşməyəsən. Bircə sənin yaratdığın qrupa daxil olmuram, qüruruma sığışdırmıram, gözləyirəm ki, dəvət göndərəsən.

Bu yaxınlarda Mark Zukerberqə bir minnətdarlıq məktubu yazmaq istəyirəm. Belə bir açıq informasiya mənbəyi yaratdığı üçün. Yoxsa mən səni hardan tanıyardım? Ümumi götürdükdə nəinki səni, “Family” siyahına əsasən hətta ailə üzvlərini və qohumlarını da tanıyıram. Harda işləyirsən, harda və kiminlə təhsil almısan, qrup yoldaşlarından kiminlə əlaqən var, kimlər evlənib, kimlər subaydır, hamısı mənə məlumdur. Hər gün bir neçə nəfərlə dostlaşdığının da şahidi oluram. Düzün desəm, hər dəfə qızlarla dostlaşdığını görəndə səni çox qısqanıram. Və ya hansısa qızın sənə xoş sözlər yazdığını görəndə əsəbimdən onu “block”, “report” etməmək üçün özümü güclə saxlayıram.

“Relationship status”da “Single” qeyd etmisən. Bu həddindən artıq ürəyimcədir. Elə ümumiyyətlə də hiss olunur ki, “single”san. Amma albomunda bir şəkil var. Otluqda bir qızla oturmusan… ehh nə isə. Nə deyə bilərəm axı sənə? Bircə onu bilirəm ki, sən “O”san. Mənim ardımca uzaq diyarlardan gələn “Ağ atlı şahzadəm”. Amma deyəsən sən bunu bilmirsən. Gərək bir yolla bunu sənə də hiss etdirim axı. Bəlkə “like”, və ya “comment”. Yox, bunlar artıq çox baş verib. Bəlkə “poke” və ya mənalı bir şəkilə “tag”… Düşünmək lazımdır. “Twitter”də də deyilik ki, bir-birimizi “follow” edək. Amma sənin statuslarımı, şəkillərimi “like” və ya “comment” etdiyin gün mənim üçün əsl bayrama çevrilir deməsəm qeyri-səmimi olaram. 

Ötən günlərdə bir “event” yaradılmışdı. Mən də ora “attend” eləmişdim. Sonra gördüm ki, sən də “attend” edirsən. Sən 100% məni gələnlər siyahısında görüb, “attend” düyməsini basmısan. Sevincimin həddi-hüdudu yox idi. Nəhayət ki, biz “Facebook”dan daha real bir dünyada görüşəcəkdik. Heç bir tədbirə bu qədər və həyəcanla hazırlaşdığım yadımda deyil. Amma hər şey boşa çıxdı. Sən gəlmədin. Daxilən səndən çox incidim, virtual bir depressiyaya düşdüm. Düz bir gün sənin səhifənə daxil olmadım. 3 gündür də ki, nə status paylaşmısansa heç bir “like” filan etmirəm. Heç etməyəcəyəm də, ta ki, sən mənim profilimdə olan nəyisə “like” edib, ürəyimi almayınca. Amma etiraf etməliyəm ki, yenə də kimlərin “comment” yazdıqlarını, sənin kimlərin “comment”ini “like” etdiyini izləmişəm. Nə yaxşı ki, bu “Facebook”da kimlərin profilinə baxdığını bilmək olmur. Yoxsa mən neyləyərdim?!”

Bu yazının mənim şəxsimlə heç bir əlaqəsi yoxdur. Lakin sakini olduğum Facebook dünyasında gündəlik bu hadisələrin baş verdiyinin şahidi oluram və Facebook-un bir insan həyatını detallarıyla izləyə bilmək üçün nə qədər açıq mənbə olduğunu vurğulamaq istəyirəm. Hər bir məsələnin alternativi vardır. Biri bu yazıdakı kimi öz virtual sevgilisini belə formada izləməklə yalnız özünə təsəlli tapmağa çalışırsa, digəri öz saysız-hesabsız saxta profilləri ilə dostluğumuza daxil olaraq, sonra hətta bizim hesabımıza da daxil ola bilir və bizim yerləşdirdiyimiz istənilən növ məlumatlardan, şəkillərdən hansısa məqsədlərinə görə sui-istifadə edə bilir. Digər tərəfdən isə virtual bir sevgiyə mübtəla olmuş və deyərdim ki, bu sevgi üçün öz reallığını belə formada sataraq gün-gündən özünü aldatmaqdan başqa bir şey etməyən biriləri çoxdur. Və belə sevgilər də insanları internetdən asılı vəziyyətə gətirən səbəblərdən biridir. Real həyatımız ola-ola niyə getdikcə daha çox virtuallaşmağa üstünlük verdiyimiz, özünəməxsus düşüncələrimiz, hisslərimiz ola-ola isə cəmiyyət olaraq niyə onlardan utandırılaraq, maskalamağı, gizlətməyi diktə edən ruhda tərbiyə olunduğumuz isə ən acı həqiqətlərimizdəndir.

Samira Haşımzadə

16 thoughts on “Facebook sevgilim

  1. Mənim də facebook səhifəm var, amma mən özümü ondan asılı saymıram, hətta buna yol da vermirəm, çünki bu məntiqsizdir. Bütün günümü orda keçirərək özümü real həyatdan təcrid etmək, real ünsiyyətdən məhrum etmək kimi bir cəzaya düçar etmərəm axı… Məndə də olub ki hiss etmişəm ki internetdə çox vaxt keçirirəm. O zaman mən özümü soyuduram, uzaqlaşıram, ehtiyacım olduqca və ya arada bir az başımı qatmaqçun girməyə üstünlük verirəm. Bundan əlavə də ki bloqlar, məqalələr, maraqlı yazılar, işlər – bunlarla məşğul olmaq daha mənalıdır və qazandırıcıdır, nəinki facebook…

    1. Çox gözəl, Şəbnəm. Əsas odu asılılıq yaranmasın. Hər bir şey öz normasında yaxşıdır. Necə deyərlər “Всего по немножку”.

  2. Hmm… Bizim bu Facebook var haa… Həm qəliz məsələdi, həm də VACIB. Kim deyir axı sosiallaşmaq üçün mütləq internetə, facebooka girəsən? Bu xidmətlər ona görədir ki, real həyatda tanışa bilməyəcəyin uzaqlıqdakı insanlarla ünsiyyətdə olasan. Bu xidmətlərin bilinən və bilinməyən yönlərini tezliklə blogumda paylaşmağı düşünürəm.

    1. Hmmm… bilinən, xüsusən də bilinməyən tərəfləri çox maraqlıdı. Bloqunu burda paylaş, biz də ara -sıra daxil olub yeniliklərə baxaq. 🙂

  3. Bu postdakı insan kim imiş görəsən? Ciddi çox maraqlı gəldi. Bir dəfə də nəsə bu hekayəyə bənzər birini oxumuşdum. Deyəsən çox olur belə şeylər 🙂 Deyə bilmərəm pis və yayaxşı baxıram. Hər kəsin öz şəxsi işidir çünki 🙂 Hər kəs öz qərarlarının nəticəsini özü yaşayır.
    Ümumiyyətlə isə Facebook bizi məlumatlarımızı paylaşmağa məcbur edir. Şəkillərimizi paylaşmaq nə bilim statrus yazmaq filan.Bir də görürsən bütün həyatını paylaşmısan. 🙂

    1. Bu postdakı hər hansı bir insan ola bilər. Çünki doğurdan da mən belə şeylərlə çox rastlaşıram və bu dəfə yazmağı qərara aldım. 🙂
      Facebook-a gəlincə isə həqiqətən bir də görürsən ki, artıq hər bir şeyi paylaşmısan. Amma ehtiyatlı olmaq lazımdır, xüsusən də son dövrlərdə.

  4. Thanks , I have recently been searching for information about this subject for a while and
    yours is the best I have found out so far.
    However, what about the conclusion? Are you sure in regards to the source?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *