Mənim üçün oğlumu al

Ramazanın son günü idi. Bayrama bir gün qalmışdı. Zəhra ana bayram bazarlığı etmək üçün evdən çıxmağa hazırlaşırdı. Düzdü elə böyük bir bazarlıq etməyəcəkdi. Amma 1 ay ərzində ailələdə hamı oruc tutmuşdu. Buna görə də qadın nə ilə olsa da ailəsində bayram əhval-ruhiyyəsini hiss etdirməyə çalışırdı. Qapıdan çıxmamışdan öncə ərinin namaz qıldığını görüb bir az ayaq saxlayaraq qızı ilə söhbət etməyə başladı.

–          Qızım, ürəyin hansı meyvəni istəyir, de alım gətirim.

–          Heç nə istəmirəm, ana, elə nə istəyirsən, özün al.

–          Niyə belə? Axı sən də oruc tutmusan. Istəyirəm ürəyin istəyəni deyəsən.

–          Vallah ürəyim xüsusi bir şey istəmir.

–          Yaxşı, qoy atan namazını qurtarsın, görüm o nə istəyir. Get sən də namazını qıl, qızım. Vaxtı keçirtmə.

Beləliklə, gənc Fatimə də namaz qılmağa başladı. Zəhra ana isə səbrsiz olduğuyçun ayaqqabılarını geyinib bayırda ərini gözləməyə başladı. Qulam kişi namazı qurtarar-qurtarmaz, heç dua etməyə macal tapmamış, arvad səsləndi.

–          Ay kişi, səni gözləyirəm axı. De görüm nə istəyirsən?

–          Hə, gəlirəm. Nə deyirsən?

–          Bazara gedirəm, de görüm, ürəyindən keçən bir şey var? Pulum çox yoxdu, amma ki, az da olsa istədiyindən ala bilərəm.

–          Yox, heç nə istəmirəm.

–          Yaxşı da sən də. De görüm axır.

–          Yaxşı, istəyirəm! Elvini al gətir mənim üçün.

–          …… ehh….

Zəhra ana heç nə deməyib, başını aşağı salıb çıxıb gedir. Fatimə də bu sözləri eşidib, namaz üstündə göz yaşlarını heç cür saxlaya bilmir.

“Aman Allah. Atalar heç vaxt üzdə nə çəkdiklərini bildirmir, möhkəm görünməyə çalışır. Amma bir atanın bu Ramazan ayında övladından başqa istədiyi bir şey yoxdur. Ya Rəbbim, ata-analarımız bizi nə qədər çox istəyir. Ramazan ayı daxil olandan səndən o qədər şey istəmişəm ki… Düzdü qardaşımı da istəmişəm, amma ondan başqa da nələrsə istəyə bilmişəm. Ata-anamız həqiqətən də bizim üçün çox fədakarlıq edir. Üzdə sakit görünürlər amma ürəkləri qan ağlayır. Ya Rəbbim, nə olar, yalvarıram sənə onlara oğullarını ver. Bu Ramazan ayı xatirinə, Allahım, nə olar sənə açdığım əllərimi boş buraxma.” Elə bu fikirlərlə, bu yalvarışlarla Fatimə bir neçə dəqiqə göz yaşlarına hakim kəsilə bilmədi.

Elvin artıq 2 il idi ki, həbsdə yatırdı. Elə söz vaxtına çəkər, düz iki il əvvəl Ramazan ayında kiçik bir səhvi ucbatından boynuna olar-olmaz cinayətləri yıxmış, ailə də heç cür hakimin tələb etdiyi pulu tapıb verə bilmədiyinə görə başqalarının da günahını onun boynuna yıxmışdılar. Hakim Elvini azad etmək üçün ailədən yüksək məbləğdə pul tələb etmişdi. Bu məbləği verə bilməyən ailə isə artıq iki ildir ki, həbsxana yollarında qalmış, elə olan-qalanlarını da, bu yolda xərcləyirdilər. Elvin özü isə bir saniyə boş dayanmağı bilməyən, evdə heç vaxt oturmayan bir gənc, indi isə həbsxanada əl-qolu bağlı vəziyyətdə haçansa əhv olunacağı və ya ailəsinin pul yığacağını gözləyə-gözləyə ancaq Allahdan səbr, təsəlli tapırdı. Hakim özü də Həcc ziyarətinə gedib-gəlmiş və deyilənə görə bütün ibadətlərini yerinə yetirən biri idi. Bununla belə Ramazan ayında Elvinin günahsız olduğunu bilə-bilə belə bir məbləğdə rüşvət tələb etmiş və məbləği ala bilməyəndə isə ona 10 il iş kəsmişdi. Məhkəmə zalında anasının hakimə dediyi sözlər Fatimənin qulağında bu gün də səslənirdi. “Bu Ramazan ayında, bu müqəddəs günlərdə səni Allaha tapşırıram. Mən bacarmıram, Allah özü cəzanı versin.” Indi isə həmin hadisələrdən 2 ildən də artıq bir müddət keçmişdi.

Bir saat sonra Zəhra ana bazardan qayıtdı. Plov bişirmək üçün bir az düyü, ət, bir az da armud almışdı. Gələn kimi qızının üzündən öpdü, qadının simasında sanki çiçəklər açmışdı, gülümsəyir. Bayaqdan bəri özünə güclə gələn qız anasının belə halına təəccüblənirdi. Amma söhbəti təzələməmək üçün cəsarət edib heç nə soruşmurdu. Bir müddət keçəndən sonra ana dilləndi:

–          Ay kişi, bilirsən biz nə qədər xoşbəxt insanlarıq? Allah bizi çox istəyir. Heç 5 dəq.məni qəmlənməyə qoymadı.

–          Nə olub axı? Niyə sevinirsən?

–          Evdən çıxanda mənə elə bir söz dedin ki, ağlaya-ağlaya getməyə başladım. Amma elə qapıdan çıxan kimi başımı qaldırıb gördüm ki, qonşumuz Solmaz da ağlaya-ağlaya gəlir.

Solmaz ananın 2 həftə əvvəl cavan oğlu maşın qəzasında dünyasını dəyişmişdi.

–          Göz yaşlarım yanağımda dondu. Dedim ay Allah, şükür sənə. Oğlum yanımda deyilsə də, sağ-salamatdır. Ayda 2 dəfə gedib, görürəm, səsini eşidirəm, toxuna bilirəm. Necə dərdlər vermisən, mənim yoluma da onu dərs almaq, şükr etmək üçün çıxartdın.

(c) Samira Haşımzadə 

11 thoughts on “Mənim üçün oğlumu al

  1. Maraqlı yazmısınız. Əsas odur ki, Solmaz obrazı ilə insanların ruh düşkünlüyünün aradan qalxmasına boyu stimul yaratmısınız.

  2. Samira, gender beraberliyi, reproduktiv huquqlar, forced marriage, aile planlashdirilmasi ve s. kimi movzulara yazsan, gel Y-PEER saytinda da post edek 🙂

  3. cox gozeldir Samira cox sag ol ki bele ibratamiz movzular qoyursan. Bizim nasukurluk etdiyimiz seyler belkede basqalarinin arzuladiqlaridir. Ona gore heyatimizda ne varsa ona sukur etmeliyik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *