Getmək

Hərdən getmək istəyirəm. Sadəcə getmək və buraları tərk etmək. Bütün tanışlardan, qohumlardan, dostlardan uzaq olan bir yerə. Sahilsiz dənizə açılmış yelkənli bir qayıq kimi hara, niyə getdiyini, nəyi və ya kimi axtardığını anlamadan getmək… Dolu bir həyatın boşluğunu yaşayarkən, anlaşılmaz bir boşluqda doluluq tapmaq üçün getmək.. İçimdəki boşluqları o boş olan diyarda buraxıb, geri, dolu dünyama boşluqdan doluluqlar yığıb gətirmək. Kimin üçün dəyərliyəm, kim mənim yoxluğumu hiss edəcək, kimin üçün yerim dolacaq, kimin üçün boş qalacaq?! Getmək istəyirəm, geri qayıtdıqda yerimin boş qaldığı kimsələrin yanına qayıdım. Onlara dəyərimi hiss etdirim, onların dəyərini hiss edim. Amma xəyal qırıqlığından qorxuram. “Təhminə” filmində Zaurun yeni həyata başlamaq arzusuyla Türkiyəyə səyahətindən sonra, İstambulda dənizin kənarında dayanıb “Bu da İstambul. Nə olsun ki?” dediyi ifadəni yaşamaqdan qorxuram.

Tək qaldım, könlümdə xatirələrlə

İtirdim özümü səni tapanda

Səni də itirdim, amma nə fayda?!

Özümü tapmadım, hər yerdə sənsən,

Yoxluqda, varlıqda, mənlikdə sənsən.

Səni itirsəm də, yenə də yoxam,

Yenə də hər yerdə, hər yanda sənsən…

(c) Samira Haşımzadə

5 thoughts on “Getmək

  1. İnanın ki hara getsək də, kimdən qaçsaq da özümüzü də özümüzlə daşıyırıq, özümüzdən qaçammarıq. Belə olan halda da hamını da özümüzlə daşıyırıq, çətini də budur. Buna görə də Zaur İstanbulda da tək qala bilmədi. Kimdən qaçır axı?!

    Yazınız mənə Vahabzadənin Gör necə güclüsən şerini xatırlatdı:

    Yatmaq istəyirəm…sənsizliyimi
    Yuxu dənizində batıram deyə.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *