Dağlarda internet döyüşü

Təmiz hava, göz işlədikcə üfüqlərə qədər uzanan yaşıllıqlar, bir tərəfi sıldırım, digər tərəfi qalın meşəlikli başı buludları yarıb keçən uca dağlar… Azərbaycanımın təbiəti olduqca gözəldir. Belə yerlərdə çox az – 3 ya 4 dəfə olmuşam. Hər dəfə də bu səyahətlər ən çox üç günümü əhatə edib. Ona görə də hətta bu gözəl diyarlarda olanda belə özümü yuxudakı kimi və ya oturub gözəl bir filmə və yaxud da şəkilə baxdığım kimi hiss edirəm. Əyilib yerdəki otlara, ağaclara, axan çaya toxunuram, təravətli havanı dərindən içimə çəkirəm ki, bunların real olduğu duyğusunu yaşayım. Belə səfərlərim az olsa da həmişə çox gözəl təəssüratlarla xatirimə həkk olunur. Çünki belə yerlərdə demək olar ki, yaşadığım gündəlik həyatdan, fikirlərdən, problemlərdən tamamilə təcrid olub, ancaq Allahın bizə bəxş etdiyi bu gözəlliklərin seyrinə dalır, necə deyərlər Carpe Diem – anı tutmağa, həmin anla yaşamağa çalışıram.

İsmayıllıda düz 12 il əvvəl olmuşam. Bu dəfəki səfərim isə Irəli İB WeBlog layihəsinin komandası ilə açıq havada təlim keçmək üçün ən gözəl diyarlarımızdan olan İsmayıllıya oldu. Həm də bu günümüz İT Koordinatoru və səfərimizin təşkilatçısı İmam Quliyevin doğum gününə təsadüf etdiyindən dostların ətrafında səhər 08:00- dan başlayan səfərimiz daha rəngarəng və əyləncəli şəkildə baş tutdu. Üç- dörd saatlıq yolda müxtəlif oyunlar, musiqilər, Twitter-dəki hashtag-lərimiz :)) başımızı qatdı. Mənim başımı isə xüsusilə qatan çox sevdiyim çox zaman da düşüncələrimin əsas mənbəyi olan yollar oldu. Yol boyu olan mənzərələri, detalları qaçırmamağa çalışır və elə ilk qeydiyyatlarımı hamının səssizcə dinlədiyi Elton John & Blue-nun ifasında “Sorry seems to be the hardest word” mahnısının sədaları altında aparmağa başladım. Dəftərimdə ilk qeydiyyatlarım da bunlar idi:

İstirahət və təlim guşəmizə yamyaşıl dağların başına dolana -dolana gedirik…

Buludlar var, hava bizimlə oynamaq istəyir deyəsən…

Gözlərim yaşıllıqla dincəlir…

Ancaq hava yaxşı ki, bizimlə oynamadı. Bizim Bakıdan gəldiyimizi başa düşüb, qonaqlara hörmət elədi deyəsən. 😉

Rayona gəldikdə, əvvəlcə rayon mərkəzində yerləşən Heydər Əliyev mərkəzi və Diyarşünaslıq
muzeyinə səfər etdik. H. Əliyev mərkəzində Heydər Əliyevin kiçik yaşlarından ömrünün son illərinə qədər dövrü əhatə edən, kətan parça üzərinə salınmış şəkilləri və aldığı bir sıra diplomların surətləri sərgilənmişdir. Bundan əlavə, bu mərkəzdə uşaqlar üçün bir çox dərnəklər –şahmat, rəssamlıq, heykəltəraşlıq və s. fəaliyyət göstərir. Diyarşünaslıq muzeyində isə İsmayıllı diyarından tapılmış qədimi pullar, məişətdə işlənən əşyalar, dərman hazırlamaq üçün olan xüsusi kiçik qablar, xüsusən Lahıc qəsəbəsinə aid olan misgərlik alətləri, mənim dəbilqəyə bənzətdiyim, əslində isə plovun soyumaması üçün qabın üzərinə qoyulan dəmir qapaq-örtük və s. bir sıra qədimi əşyalar sərgilənmişdir. Muzeyin direktoru bizə bu əşyalar barədə ətraflı məlumat verərək bildirdi ki, bu əşyalar hansısa xüsusi arxeoloji qazıntı zamanı tapılmayıb, elə xalq tərəfindən zaman- zaman tapıldıqca və ya nəsildən- nəsilə ötürülərək gəlib bizim dövrümüzə çatmış və bu muzeydə toplanmışdır. Muzeydə hətta eramızadan əvvələ aid olan keçmiş insanın əmək aləti də qorunub saxlanılmışdır. Beləcə, bir az da şəhər mərkəzində parkı gəzişdikdən sonra yola düşdük bizim üçün dağların qoynunda ayrılmış xüsusi sahəyə.

Səfərimizin ikinci hissəsində (belə demək olarsa) “Qasırğa” adlanan buzqırandan sonra əsas məsələyə – təlimimizə başladıq. Ekspertlərimiz Hikmət HüseynovƏli Hacızadə “İnformasiya müharibəsi dövründə bloqlardan necə istifadə etməli?” mövzusunda müzakirə formasında təlim keçirdilər. Təlimdə bizə informasiya müharibəsi zamanı bloqların nə dərəcədə önəmli olması və onlardan dövlətin, xalqın mənafeyi, şəxsi maraqlarımızın dünyaya daha dolğun çatdırılması, bloqlardan səmərəli istifadə olunması məsələləri, xüsusilə də ermənilərlə olan bu müharibədən yumruqla, söyüşlə deyil, ağılla, sözlə, strategiya ilə necə qalib çıxmağın yolları göstərildi. Bundan əlavə, bəzilərinin son dövrlər başqa söz tapmayaraq əllərində bayraq etdikləri dillər əzbəri olan copy-paste probleminə də bir baxış keçirtdik. İT sahəsində olmasa da, gözəl bir təlimçi olan Vüsal Bəkirov da özünəməxsus tarix bilgiləri ilə bizimlə müzakirəyə qoşuldu. Bu müzakirələrdən sonra isə istirahət, stol arxasında da davam edən müzakirələr, fotosessiyalar, gəzinti, oyunlarla günümüzü davam etdik.


Yolu gedəndə hamı necə yüksək əhval-ruhiyyəli musiqilərə qulaq asırdıqsa, qayıdanda romantik musiqi sədaları altında yuxulamağa üstünlük verirdik. Bütün gözəl anlar kimi bu günümüz də olduqca tez gəlib keçsə də, çox gözəl xatirələr və daha çox oxumaq, öyrənmək motivasiya ilə dolu geri qayıtdıq. 

8 thoughts on “Dağlarda internet döyüşü

  1. woow baxmayaraq men de orda olmusham, bir nefese oxudum 🙂 Bu gozelliyi qacirdanlar harada sehv etdiklerini bir daha dushunmelidirler mence 🙂 Super.. Hemishe gezintiler ve xosh ehval-ruhiyyede…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *