Mən də ailə istəyirəm

Özümü xatırlayandan burdayam. Ata-anam tərbiyəçi və müəllimlərimiz, bacı-qardaşlarım isə mənimlə bir yerdə böyüyən, atılmış uşaqlardır. Onların nəzərində biz hamımız burda eyniyik. Hər gün eyni vaxtda dərsə gedir, eyni vaxtda yemək yeyir, eyni vaxtda yatmağa gedirik. Yemək paylarımız da tən, eyni bölünür. Kiməsə artıq və ya əskik heç nə verilmir.

Valideyn himayəsindən məhrum edilmiş uşaqların böyük əksəriyyəti internat məktəbləri, internat tipli müəssisələr və uşaq evlərinə yerləşdirilib. Bu cür müəssisələrin əksəriyyəti Bakı şəhərində, bəziləri isə ölkənin müxtəlif rayonlarında fəaliyyət göstərir. Rəsmi məlumata əsasən, 2010-cu ildə 3860 uşaq dövlət uşaq müəssisələrində təlim-tərbiyə alır və yaşayır. Yetimlərin böyük əksəriyyətinin internat müəssisələrinə yerləşdirilməsinin başlıca səbəbi yoxsulluq nəticəsində ailələrin dağılması və ya desinteqrasiyası olmuşdur. İnternat müəssisələrinə yerləşdirilmiş uşaqlar tək valideynli ailələrdən olan uşaqlar və ya hər iki valideyni olmayan uşaqlardır. Əlilliyi olan digər qism uşaqlar da xüsusi internat müəssisələrində yerləşdirilib. Hal-hazırda valideyn himayəsindən məhrum edilmiş və ya çətinliyə düşmüş uşaqların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi problem həllində hələ də aparıcı rol oynayır.


Bəzi uşaqların hərdən bir ata və ya anası yanlarına gəlir, hətta olur ki, bir neçə günlük aparıb yanlarında da saxlayırlar. Məndə amma heç zaman belə bir hadisə baş verməyib. Bayramlarda olur ki, müxtəlif insanlar, yaxud da təşkilatlar bizim yanımıza gəlir, hədiyyələr gətirirlər. Kənardan kiminsə bizimlə maraqlandığını görəndə heç olmasa bir günlük də olsa düşünürəm ki, kiməsə lazımam.

Çətin vəziyyətə düşmüş və valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün nəzərdə tutulan dövlət uşaq müəssisələri və xüsusi təhsil müəssisələrinin fəaliyyəti səmərəsizdir. Buna səbəb həmin müəssisələrdə çoxlu sayda uşağın olması, müəssisənin idarə edilməsi üçün xeyli sayda işçi heyətinin və küllü miqdarda maliyyə vəsaitinin tələb olunmasıdır. Mövcud dövlət uşaq müəssisələri qapalı və cəmiyyətdən təcrid edilmiş vəziyyətdə fəaliyyət göstərir və uşaqların ehtiyaclarını tam ödəyə bilmirlər. Qeyd etmək vacibdir ki, valideyn himayəsindən məhrum edilmiş uşaqların problemləri müxtəlifdir. Bunların sırasında uşaqların yerləşdirildikləri internat müəssisələrində yaşadıqları və ya tərbiyə aldıqları dövrdə onların vəziyyəti və üzləşdikləri problemlər, həmçinin, internatı bitirdikdən sonra üzləşdikləri problemlər dayanır. 1999-cu ildə Azərbaycan Respublikası “Valideyn himayəsindən məhrum edilmiş uşaqların sosial müdafiəsi”nin təmin edilməsini nəzərdə tutan ayrıca qanun qəbul etdi. Qanunda deyilir ki, internat müəssisəsinə yerləşdirilmiş hər bir uşağın mövcud əmlakı üzərində hüququ, ailəyə qayıtmaq hüququ, sosial və digər yardıma olan ehtiyacları dövlət tərəfindən təmin edilməlidir. Qanunda həmçinin deyilir ki, hər bir uşağın internat müəssisəsini bitirməsinə 3 ay qalmış müvafiq icra hakimiyyəti orqanı uşağın yaşayış yerinə malik olub-olmamasını araşdırır və uşaq yaşayış yerinə malik olmadığı təqdirdə onun mənzillə və ya yataqxana ilə təmin edilməsini həyata keçirir. Lakin aparılmış araşdırmalar onu göstərir ki, yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar, habelə internat müəssisələrinin rəhbərliyi bu istiqamətdə qanunla müəyyən edilmiş qaydada fəaliyyət aparmır. Bu isə öz növbəsində küçə uşaqlarının sayının artmasına, uşaq və gənclərin kriminal qruplara qoşulmasına gətirib çıxarır.

5 yaşım olanda çox gözəl üzlü bir rəfiqəm var idi-Aygün. Onun da heç kimi yox idi. Bir gün gəlib onu apardılar. Onu məndən aldıqlarına görə o vaxt çox ağlamışdım. Müəllimlərimiz sonra dedilər ki, Aygünü çox imkanlı bir ailə övladlığa götürüb. Mən isə həmişə arzulamışam, düşünmüşəm ki, haçansa möcüzə baş verər, atam ya anam gəlib məni tapar.

Ümumiyyətlə uşaqların övladlığa götürülməsi dərəcəsi çox aşağıdır. Övladlığa götürmə adətən 0-4 yaşlı uşaqlara daha çox şamil edilir. 5 yaşından yuxarı olan uşaqların övladlığa götürülməsi demək olar ki, çox nadir hallarda baş verir. Ölkədaxili övladlığa götürmə halları müxtəlif bürokratik əngəllər, çətin prosedurlar və korrupsiyanın mövcudluğundan məhdud şəkildə tətbiq edilir. Bu cür süni problemlər ucbatından internat müəssisələri və uşaq evlərindən uşaq övladlığa götürmək istəyən ailələrin böyük əksəriyyəti bu fikirlərindən daşınmalı olur. Azərbaycan ailələrinin böyük əksəriyyəti sağlam uşağı övladlığa götürmək istəyir. Bu isə əlilliyi olan uşaqların övladlığa götürülməsi ehtimalını demək olar ki, sıfra endirir. Azərbaycanda ailə və ya yuvenal məhkəmələr olmadığından, habelə sosial işçilərin az olması uşağın maraqlarının təmin edilməsində problemlər yaradır. Beynəlxalq övladlığa götürmə isə bir müddət qadağan edilmişdi. Buna səbəb Azərbaycan uşaqlarının beynəlxalq övladlığa verilməsi zamanı baş verməsi iddia edilən xeyli sayda qanuna zidd hərəkətlər və cəmiyyəti sarsıtmış “uşaqların xaricə satılması” xəbərləri oldu. 2007-ci ildən etibarən bu qadağa aradan qaldırılmış və beynəlxalq övladlığa götürmə prosesinin idarə edilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə edilmişdir.

Nə qədər ki, burda yaşayıram ən azı başımın üstündə bir dam olduğunu bilirəm. Amma buranı tərk etmək vaxtı gələndə necə olacaq?! Hara gedəcəyəm?! Bu biliklə ali məktəbə də qəbul ola bilmərəm. Heç bir peşəm də yoxdur. Düzün desəm, gələcəyim mənə yalnız qara tunel kimi görünür…

Hər il minlərlə uşaq internat məktəblərini bitirir və internatda olan mühitdən xeyli fərqlənən həyata qədəm qoyur. Burada tərbiyə aldıqları dövrdə həyata hazırlıqsız şəkildə baş vuran gənclər daha böyük problemlər və çətinliklərlə üzləşir. Bu uşaqların hazırlıqsızlığı, onların evsiz-işsiz qalmalarına, cinayət törətməyə, əyri yollara düşməyə və ya özünə sui-qəsd etməyə gətirib çıxarır. Müxtəlif dövrlərdə aparılmış tədqiqatlar onu göstərir ki, internat müəssisələrində tərbiyə və təhsil alan uşaqların keyfiyyətli təhsil almaq və inkişaf etmək imkanları daha məhduddur. İnternat müəssisələrində təhsilin səviyyəsi orta ümumtəhsil məktəblərində olan təhsilin səviyyəsindən xeyli geri qalır. Nəticə etibarilə, internat müəssisələrində təhsil alan uşaqların ali məktəblərə qəbul olma imkanları demək olar ki, sıfra bərabərdir. İnternat müəssisələrində həmçinin peşə yönümlu təhsilə də lazımi səviyyədə diqqət yetirilmir. İnternatlarda peşə təliminin lazımi səviyyədə təşkili üçün zəruri imkanlar və vəsaitlər də mövcud deyil. İnternat məktəblərini bitirən uşaqlar üçün iş tapmaq sualı birincili olduğundan, bu cür müəssisələrdə peşə yönümlü təhsilin önə çəkilməsinin nə dərəcədə əhəmiyyətli olduğu aydın görünür.

Mənim taleyim necə olacaq?!… Əgər məni atmasaydılar… Əgər ailəm olsaydı…

2006-cı ildə AR Nazirlər Kabineti uşaqların dövlət uşaq müəssisələrində alternativ qayğıya cəlb edilməsi və de-institusionalizasiya dövlət proqramını hazırlamış və həmin proqram sonradan AR prezidenti tərəfindən imzalanmışdır. Proqramın əsas məqsədi uşaqları uşaq müəssisələrindən kənarlaşdıraraq ailə və ya ailə əsaslı alternativ qayğı formaları ilə onlara normal və dolğun həyat tərzi bəxş etməkdir. Valideyn himayəsindən məhrum edilmiş uşaqların bir çoxu yaxın qohumlarına övladlığa və ya qəyyumluğa verilməlidir. Hal-hazırda ölkədə foster ailələr (professional hazırlıqlı himayədar ailələr) yoxdur. Həmçinin ailə tipli uşaq evləri və ya internatların yaradılması, fəaliyyəti və s. barəsində nə qanunvericilikdə, nə də digər sənədlərdə qaydalar və mexanizmlər mövcud deyil. Azərbaycanda yalnız iki ailə-tipli uşaq evi fəaliyyət göstərir ki, bu da SOS Kinderdorf Milli Assosiasiyasının Bakı və Gəncə şəhərlərində yaratdığı uşaq kəndləridir. Burada isə cəmi 170 uşaq tərbiyə və təhsil alır. İnternat binalarının ev tipinə dəyişdirilməsi, iqtisadi dəstək verməklə uşaqların öz ailə və ya qohumlarının yanında böyümələrini təmin etmək ən yaxşı variant olardı. Lakin əgər uşağın öz doğmaları ilə yaşaması mümkün deyilsə, onun üçün alternativ ev mühiti yaradılmalıdır. Onun əsas ehtiyaclarının ödənməsilə bərabər, şəxsiyyətini inkişaf etdirəcək, sağlam və özünə inamlı biri olmasını təmin edəcək mühitin yaradılması vacibdir. Bu işlə vəzifələnəcək işçilərin də nə cür mütəxəssis olmaları çox önəmlidir. Belə qurumlarda sosial xidmət mütəxəssisləri, psixoloqlar fəaliyyət göstərməli, burada işləyən nəzarətçi, tərbiyəçi və s. işçilər də xüsusi seçilməlidir. Qurumda yaşayan uşaqlara ailə mühitindəki fəaliyyətlər tətbiq edilməli, könüllü ailələrə qonaq olaraq göndərilməli və uşağın ev mühitini, ailə əlaqələrini öyrənməsi, özünə bir ailə nümunəsi seçməsinə fürsət verilməlidir. Unutmaq lazım deyil ki, uşaqlar bizim gələcəyimizdir. Bu günki uşaq gələcəyin formalaşmış Azərbaycan vətəndaşıdır. Əgər biz Azərbaycanın gələcəyini gözəl, inkişaf etmiş görmək istəyiriksə, əvvəlcə bu gələcəyin təməli olan uşaqların qayğısına vaxtında qalmağı özümüzə borc bilməliyik.

 (c) Samira Haşımzadə

12 thoughts on “Mən də ailə istəyirəm

  1. İnsanları düşünməyə, daha məsuliyyətli olmağa çağıran gözəl bir yazı… Təəssüf ki, netdə araşdırdığımız zaman aktual problemimiz olan bu tipli mövzulara çox az sayda rast gəlmək mümkündü.

  2. Dövlətin uşaqların öz valideynlərinin və yaxud da yaxınlarının yanında qalmasıyçun ailələrə yardım ayırmaq fikri çox gözəldi. Ailə tipli uşaq evləri fikri də yaxşıdı.

  3. İnşaAllah de-institusionalizasiya proqramı layiqincə yerinə yetirilər. Uşaqların da cəmiyyətdən təcrid şəkildə böyümələrinin qarşısı alınar. Təşəkkür Samira!

  4. Əssəlamun əleykum !

    Ey insanlar elə fikirləşməyin ki,qocalana qədər İslam dinini qəbul etməyib,qocalanda qəbul edib, namaza başlasanız sərf edici olacaq! XEYR !
    Sən Yəhudilər kimi təhfil veriləcəksən !
    Ona görədə təcili TÖVBƏ edin və İslamı qəbul edərək 5 vacibatı yerinə yetirməyə başlayın.
    Dua və Zikr etməyi unutmayın.
    Allah günahlarımızı bağışlasın. AMİN !

  5. Alti aydi ovladliga usaq goturmek ucun novbe gozleyirem.ama xeber gelmir ki gelmir…yolunu gozlediyimiz korpenin butun levazimatlarini almisiq…geyim yataq hamam desti kaleska hette boyuyub resm cekeceyi albom ve karandaslari da…ama Sehiyye nazirliyindeki burokratik engeller o xosbextliyi yubadir….her umidim bir az daha azalir.

    1. Ümidinizi üzməyin, xanım. Əgər bütün sənədlər qaydasındadırsa və himayənizə uşaq verilməsi üçün bütün şərtlər uyğundursa, oturub gözləməyin, daha yuxarı orqanlara şikayət edin. İşinizi tezləşdirsinlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *