10 yaşlı istək

Bu gün əlimə 2007-ci il sentyabr ayının 17-də yazdığım bir yazı keçdi. 4 ildən sonra həmin yazının davamına indiki düşüncələrimi də əlavə edərək böyük məmnuniyyətlə bu gün yayımlamağı qərara aldım.

“17 sentyabr. Bütün şagirdlər, tələbələr təhsil aldıqları ocaqlara tələsir. Hamının üzündə sevinc, öz yoldaşları, sevimli müəllimləri ilə yenidən görüşmək həvəsi. Ancaq mən… :(( Son 15 ildə mənim üçün yad olan bir hal. Evdə oturmuşam və bu sətirləri yazıram. Çünki məni gözləyən bir məktəb və ya universitet yoxdur. Artıq hamısı keçib- qurtarıb. Birinci sinfə getməyimi xatırlayıram. Cəmi 6 yaşım var idi. Amma necə də fərəhli, sevincli idim, dərs öyrənəcəyim, məktəbə gedəcəyim günləri həvəslə gözləyirdim (Nə tez keçdi o günlər)… Anam mənə ağ köynəyi geyindirib, arxadan düymələri bağlayanda yuxulu da olsam, ürəyim elə bil yerindən çıxırdı. Hələ birinci sinif son zəngimdə Tamilla müəllimə (1993-cü ildə, 286 N-li məktəbdə direktor müavini idi :)) ) Solmaz güllərindən ibarət buketimi məndən aldı ki, gedim uşaqlarla rəqs edim. Sonra isə buketim birdəfəlik yoxa çıxdı. Mən də hədiyyəsiz qaldım. Axı ənənə var idi ki, mən 11-ci sinfi bitirə birinə gül verməli, o isə əvəzində mənə nəsə hədiyyə verməli idi. Yadımdadı, o vaxt evə əliboş gələndə yaman pərt olmuşdum.

İllər keçdi… Yuxarı siniflərdə oxuyanda tələbələrə necə böyük biri kimi, necə həsrətlə baxırdım. Tələbə olacağım günlər barədə xəyallarım bitib tükənmək bilmirdi. Bir gün bu xəyallarım da reallığa çevrildi. Və reallığa çevrildiyi kimi də o, təkrarolunmaz tələbəlik xatirələrimə əbədi həkk olundu. Arzular heç vaxt bitib-tükənmir. Növbəti xəyallarım, arzularım magistratura ilə bağlıdır. Bilirəm bu istəyim də müləq reallaşacaq. Çünki çox istəyirəm. Allah ən xeyirlisin qismət etsin, inşaAllah.”

Indi bu yazımı oxuyanda üzümdə təbəssüm oyanır. Çünki “mütləq reallaşacağ”ına inandığım istəyim həqiqətən də reallaşdı. Məktəb olmayacaq deyə heç vaxt yay tətillərini, bazar günlərini sevməyən biri üçün hamının dərsə tələsdiyi vaxtlarda başqa işlərlə məşğul olmaq həqiqətən də mənim üçün ağır idi. Darıxırdım. Hər gün mütəmadi hansısa tədris binasına getmək, özümlə həmyaşıd olanlarla dərslər oxumaq, imtahanlar vermək. Həmişə məktəb olsun, dərs olsun, dostlarım yanımda olsun istəyirdim. Elə bilirdim bunlar heç vaxt bitməyəcək. Amma bir gün bitdi və mən iş, digər təlimlər, ictimai birliklərlə məşğul olarkən düz dörd il bu atmosferdən ayrı düşdüm, belə desək, hər il ertələndi. Amma təhsilimi davam etdirmək fikrindən heç bir zaman ayrı düşmədim. Ertələdikcə də təhsili harda davam etdirmək barədə onlarla variant üzərində düşündüm. Bu il isə öz ixtisasımın masteri olmaq qərarı üzərində dayanaraq, əslində fikrimdə iki özəl universitetimizdən birinə qəbul olmaq niyyətiylə özümü sınadım. Nəticə isə mənim üçün həqiqətən də gözlənilməz oldu. Mən indi planlaşdırdığım deyil, 10 il əvvəlki xəyallarımın universitetinə qəbul oldum. Sanki qəbul olunmaq sevincini, xoşbəxtliyini yaşamaq 10 ildən sonraya qismət imiş. Bu mənə əminliklə sübut etdi ki, istəmək, həm də çox istəmək insanı hədəfinə çatdırır. Özüm üçün nəticəyə gəldiyim müvəffəqiyyət düsturum isə belədir: Güclü istək + İnam + Hədəfə doğru dayanmadan addımlar = Uğur

Beləcə bir müddətlik ayrılıqdan sonra bu il sentyabrın 15-də sevimli təhsil ocağıma getməyin məmnunluğunu yaşadım. Ilk dərs günüm akt zalında Səməd Seyidovun bizimlə olan görüşündən ibarət oldu. Ali təhsil ocağının yaranması tarixindən, universitetdə fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat verən rektor bildirdi ki, “Azərbaycan Dillər Universiteti dünyanı Azərbaycana gətirir, Azərbaycanı isə dünyaya açır. Bu şərəfli məsələ bu gün məhz elə buradan – Akt zalından başlayır. Gəncliyimiz daha ağıllı, daha mübariz və daha da qüdrətlidir. ADU-nu seçməklə siz düzgün yolda olduğunuzu sübut etmisiniz. Sizdən bir məsələ tələb olunur: oxumaq, təhsil almaq və öz vətəndaş mövqeyinizi ortaya qoymaq. Təhsil almağın bir çox çətinlikləri var. Bu çətinliyi dəf edən şəxs gələcəkdə yüksək tribunalardan çıxış edəcək və onu hər yerdə dinləyəcəklər. Mənəvi dəyərləri qorumaqla, yüksək savada malik olmaqla işğal altında qalan Qarabağ torpaqlarını azad edib Azərbaycanın bayrağını qaldırmalıyıq”. Təhsillə elmin yanaşı addımladığını diqqətə çatdıran rektor bizi fəal olmağa, elmi məqalələr yazmağa və universitetin Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etməyə çağırdı. Çıxışının sonunda rektor bir daha bu il qəbul olunan tələbələrə uğurlar arzuladı. Azərbaycanın dövlət himni ilə açılan tədbir, ADU-nun bir tələbəsi tərəfindən yazılmış himni ilə başa çatdı. Indi isə ADU-nun mənim üçün həqiqətən ən xeyirlisi olacağına inanaraq, artıq bazar ertəsindən yenidən başlayacaq tələbəlik həyatımı səbrsizliklə gözləyirəm.

(c) Samira Haşımzadə

9 thoughts on “10 yaşlı istək

  1. Yazdiginiz menede bir nostaleji hiss verdi . Beli mence de insan neyi istrese , tekce ona bir muddet fikr ve xiyal perdelerinen shekillendirsin ta bir vaxt o arzunu sizin kimi real bir suretinde gorsun.ister ders olsun ister bashqa mueffeqiyet..cox teshekkur Semira xanim…

  2. Yadımdadı, o vaxt evə əliboş gələndə yaman pərt olmuşdum :))) Yadima oz 1-ci sinif hediyyem dushdu )) Men gulu 11-ci sinfin shagirdine verdim, o, da mene tapanca verdi )) Cunki hediyyeni vermeye bashqa oglan qalmamishdi 😀 Qiragdan baxan 7-8 yashli yad oglan da elimnen alib qacdi tapancani :DD Men de qaldim aglaya-aglaya :))))))))

Leave a Reply

Your email address will not be published. Required fields are marked *