İnternet

Gündəlik həyatda internetin rolu artdıqca, insanlar da günbəgün artan müxtəlif online resurslardan istifadə edirlər. WWW – məlumatlandırıcıdır, rahatdır, mənbədir, əyləncədir, dünyanın istənilən nöqtəsi ilə ünsiyyətdir. İmkanların sərhədsizdir. Lakin bununla paralel olaraq, internet vaxt itkisidir, real cəmiyyətdən təcridolmadır. Bəzi insanlar üçün internetin faydalılığı artıq zərərə çevrilməyə başlayıb. 5 dəqiqəlik hansısa bir məlumata baxmaq bizdən ən azı 1 saat vaxtımızı alır. Buna məlumatın çoxluğu, eyni vaxtda bir neçə səhifədə müxtəlif işlərlə məşğul olmaq, çat yazışmaları və s. səbəb olur.

XX əsrin ortalarında bu gün internetdən qorxduqları kimi televizordan  qorxurdular. Uşaq vaxtından valideynlərimizin, elə onların da valideynlərinin onlar üçün qoyduğu əsas qadağalardan biri: “Televizora çox baxma, ziyandır!” İndisə, bu günkü “ziyan mənbəyi” də internetdir.

Bəzi insanlar utancaqlıq və ya digər bu kimi səbəblərdən cəmiyyətdə bir növ “gözəgörünməz” olur, özlərinə mövqe, yer tuta bilmir. Lakin onlar üçün internetdə ünsiyyət yaratmaq çox asandır. Dildə, reallıqda özünü ifadə edə bilməyən, hər hansı başqa vasitə ilə mütləq özünü ifadə etməlidir. Bunun  üçün internetdən daha gözəl hansı vasitə ola bilər?!

Bir gün bir çətir təmirçisi yazdığı şerləri oxuyub qiymət verməsi üçün Şekspirə göndərir. Dahi şairin isə cavabı belə olur: “Dostum, siz çətir düzəldin! Siz həmişə çətir düzəldin! Siz yalnız və yalnız çətir düzəldin!”

İnternet məkanında da özünü şair kimi tanıdan çətir təmirçiləri istənilən qədərdir. Xüsusilə də forumlarda, müzakirələrdə mövzu ilə heç bir əlaqəsi olmayan özünü bu mövzunun əsl bilicisi olaraq göstərməyə çalışır. Virtualda qəhrəmana çevrilmək çox asandır. Heç kim sənin mimikalarını, hansı hissləri keçirdiyini görmür, bir sual verildikdə tez internetdən tapıb o suala cavab verə bilərsən. Beləcə sən daha bilikli, ağıllı və hazırcavab görünər, hamının gözündə ucalarsan. Real həyatda etdiklərimizin, söylədiklərimizin mütləq bir qarşılığı vardır. Lakin virtual dünyada isə istənilən birinə (tanımadıqları halda) istənilən sözləri deyir və istədiyin vaxtda da internetdən çıxıb rahatca getmək olur. Bu hərəkətlərə nə bir qarşı reaksiya verən var, nə də ümumiyyətlə məsuliyyət hissi yoxdur.
Ege Universiteti Sosiologiya Fakültəsi tərəfindən İzmir və Mersindəki 240 internet istifadəçisi arasında aparılan “İnternet və İnternet Yalanları” adlı araşdırmanın nəticələri belə olmuşdur. Araşdırmaya qatılan insanların internetdə özlərini tanıdarkən 35% -i yaşını, 32 %-i cinsiyyətini, 38%-i işini, 77%-i adını və 53%-i bəyənmədiyi fiziki özəlliklərini yalandan uydurmuşlar. Kişilərin özlərini qadın olaraq tanıtma səbəbləri daha rahat dostlaşa bilmək və əyləncə xarakterli olduğu ortaya çıxmışdır. Internet istifadəçilərinin 44%-i “başqa birisi olaraq özümü tanıtmaq məni rahat edir” söyləmişdir. Internetdən istifadə məqsədlərini araşdırdıqda isə birinci yerdə dostluq, ikinci yerdə sörf etmək, üçüncü yerdə isə flört və e-mail ilə xəbərləşmək gəlib.

Internet istifadəçilərinin ən azı 1/10 – i internetsiz həyatını belə təsəvvür edə bilmir. Axı internetdən daha hərtərəfli, maraqlı, cəlbedici nə ola bilər dünyada?! Biz internetdən istənilən bir məlumatı TV və ya başqa mənbələrdən daha tez ala bilirik. Istənilən növ kitablar, filmlər, mahnılar, düşüncələr, məlumatlar, poçt, hamısı da pulsuz. Online alış-veriş, banklar, auksionlar, distant təhsil, kurslar, sərhədsiz və məsuliyyətsiz bir ünsiyyət. Hamı burada özünün olanı tapır. Biri üçün bura sonsuz informasiya mənbəyi, ikincisi üçün ünsiyyət, yeni dostlar tapmaq vasitəsi, digəri üçün isə pul qazanmaq vasitəsidir. Demək istənilən bir adam internetdən asılı vəziyyətə düşə bilər. Düşünürük ki, axı bütün bunlar necə asılılıq yarada bilər?! Bunlar əksinə insanı daha sərbəst edir. Bəli, amma içki düşkünləri də heç vaxt özlərinin aludə olduqlarını boyunlarına almır, həmçinin siqaret çəkənlər deyə bilər ki, istənilən vaxt siqareti ata bilər. Içki, siqaret, azart oyunlar, narkotika, …….. internet aludəçiliyi. Bunlarla internetin nə əlaqəsi ola bilər axı?! Ilk sadalananlar sağlamlığa, ətrafdakılara birbaşa zərər vuran vasitələrdir. Amma internetin hansı zərərindən söhbət gedə bilər?! Internet alkoqol və narkotik vasitələr kimi reallıqdan, gündəlik problemlərdən bizi uzaqlaşdırır. Bəziləri deyir ki, internetdə ünsiyyət yaratmaq sosial boşluğu doldurur. Digərləri isə təkid edir ki, virtual ünsiyyət sağlamlıq, real ünsiyyətlər, iş və digər öhdəliklərdən bizi uzaqlaşdırır.

Avropa Birliyi ölkələrində aparılan bir araşdırmaya görə gündəlik 4 saatdan artıq internetdən istifadə edənlərin beyinlərində dopomin maddəsinin daha artıq yarandığı təsdiq edilmişdir. Dopomin maddəsinin eyni şəkildə artıq yaranması qumar, narkotik maddə, spirtli içki aludəçilərində tapılmışdır.

Bəs asılı olduğunu necə müəyyənləşdirə bilərik?

Son araşdırmalara görə İnternetdən istifadənin artıq aludəçiliyə çevrilməsinin şərtləri:  1. İstifadəsini dayandırdıqda narahatlıq hissinin yaranması; 2. Köməksizlik, günahkarlıq, narahatlıq, depressiya zamanı problemlərdən qurtulma vasitəsinə çevrilməsi 3. Ailə üzvlərinə, dostlara internetdən istifadə müddətini və ya istifadə məqsədini gizlətmə 4. Sosial, real əlaqələrin internetdə vaxt keçirmək üçün məhdudlaşdırılması və s., və ilaxır.

Bütün bunlara rəğmən, yenə də deyə bilmərik ki, internet bizim düşmənimizdir. Onun üstün cəhətləri çoxdan da çoxdur. Lakin dahi şairimiz Nizami Gəncəvinin təbirincə desək:

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da.

Odur ki, elə hər şey öz qədərində, ifrata varmadan daha gözəldir.

(C) Samira Haşımzadə

2 thoughts on “İnternet

  1. Bütün belə şeylər sadəcə bekarçılıqdan yaranır,çünki dərs oxumayan,işsiz insanların axtarmaga,maraqlanmağa(e-kitab,dərslik,proqram və s.) heçnələri olmur, ona görə də, internetdən yalnız darıxmamaq üçün istifadə etməyə başlayırlar və nəticədə asılılıq halına gətirirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *