Yazılmalı olan hadisələr

Bu günkü yazımda əhatə etmək istədiyim 2 mövzuya rus və ingilis variantlarını işlətmək istəmədiyimə görə Azərbaycan dilində ən optimal variantı seçərək, “Heç olmamaqdansa gec olsun” ifadəsiylə başlamaq istəyirəm. Çünki əslində bu yazıları mən avqust və oktyabrın əvvəlində yazmalıydım. Amma bəzən A planının çoxluğu bəzi sevimli məşğuliyyətlərimi B planına atmaq zərurəti yaradır. Amma əsas olan sevimli məşğuliyyətlərdən nə olur-olsun əl çəkməmək və imkan tapan kimi onların yanına qaçmaqdır.

İlk mövzum Beynəlxalq Gənclər Günü ilə əlaqədar avqustun 11 – də SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının I Gənclər Evinə dostlarla etdiyimiz səfərlə bağlıdır. Məlumat üçün bildirim ki, avqustun 12-si  1998g-ci ildən etibarən Beynəlxalq Gənclər Günü olaraq elan edilib və bu gün dünyanın bir çox ölkələrində  qeyd edilir.  Həmin gün bəşəriyyətin inkişafında gənclərin   iştirakını təmin edən imkanların müzakirəsi, gənclərin bu imkanlardan yararlana bilməsi, onların yaşadığı  qayğılar və s. bu kimi mövzular gündəmə gəlir. Bu gün münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərən SOS Uşaq Kəndləri – Azərbaycan Assosiasiyası, BMT-nin İctimai İnformasiya Departamenti (UNDPI) və Azərbaycanda təmsil olunan bir sıra digər beynəlxalq təşkilatlar birlikdə Beynəlxalq Gənclər Gününə və Beynəlxalq Gənclər İlinin sona çatmasına  həsr edilmiş bir tədbir keçirdi. Bu tədbir çərçivəsində Azərbaycanda gənclərin inkişafını dəstəkləyən təşkilatlar göstərdikləri fəaliyyətlər barədə qısa təqdimat etdilər. Tədbirdə 10 ildir ki,  Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərən, uşaq və gənclərin hərtərəfli inkişafını özünün  prioritet vəzifələrdən biri hesab edən  SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının təqdimatına geniş yer verildi.   SOS qayğısında tərbiyə alan gənclər  SOS Uşaq Kəndləri Təşkilatı çərçivəsində müxtəlif inkişaf və təhsil imkanları,  əldə etdikləri uğurlar haqda danışdılar. Bundan əlavə,  SOS Uşaq Kəndlərinin 1-ci və 2 –ci  Gənclər Evində himayə edilən  gənclər “Xeyir və Şər” adlı kiçik tamaşa ilə, özlərinin bəstələdiyi rep kompozisiyası ilə və bizi feyziyab edən gitara ifası ilə  çıxış etdilər. Tədbir çərçivəsində  gənclərin öz gəncliklərini nə ilə asssosiasiya etdikləri haqda rəsm sərgisi də keçirildi. Burda yaşayan gənclərin belə istedadlı olması və özlərini inkişaf etdirə bilmək üçün şərait və imkanların yaradılması sevindirici haldır.

Digər mənim üçün həqiqətən də mühüm olan məsələ isə avqust ayında “İrəli İctimai Birliyi” və “Dünyaya baxış” təşkilatları tərəfindən “De-institusionalizasiya” mövzusunda elan olunmuş müsabiqə oldu. Müsabiqə 10 nominasiya: 1) Ən yaxşı TV xəbəri;  2) Ən yaxşı radio; proqramı; 3) Ən yaxşı qəzet məqaləsi; 4) Ən yaxşı elektron xəbər; 5) Ən yaxşı jurnal məqaləsi; 6) Ən yaxşı bloq yazısı; 7) Ən yaxşı sosial şəbəkə yazısı; 8) Ən yaxşı foto; 9) Ən yaxşı təqdimat; 10) Ən yaxşı video çarx; üzrə keçirildi və hər nominasiya üzrə də yalnız bir qalibin mükafatlanması nəzərdə tutuldu.

Düzü əvvəllər adını da doğru tələffüs edə bilmədiyim “De-institusionalizasiya” termini məndə maraq oyatdı və internetdə axtarışa başladım. De-institusonalizasiyanın  ideyasının əsas məqsədinin uşaqları icma əsaslı ailələrə verməklə onların cəmiyyətə inteqrasiyasını təmin etmək olduğunu öyrənəndə bu müsabiqəyə marağım daha da artdı. Beləcə 6-cı punktdakı nominasiya üzrə müsabiqəyə qatılmağı qərara aldım. Müsabiqəyə qatıldığım “Mən də ailə istəyirəm” yazısı isə məni qalib etdi.

Bütün qalibiyyətlərdə olduğu kimi mənim də birinciliyim təbii ki, birmənalı olaraq qarşılanmamalı idi. Əslində əvvəlcədən müxtəlif tənqidlərə, mövzumun, ümumiyyətlə qalibiyyətimin müzakirəyə qoyulacağına, “ədalətsiz oldu” kimi fikirlərlə qarşılaşacağıma özümü hazırlamışdım. Lakin elə də böyük tənqid eşitmədim. Hər halda üzdə belə oldu. Amma həmişəki kimi əvəzolunmaz dostlarım və yaxınlarım mənim bu uğuruma elə mənim qədər sevinərək məni tək qoymadılar. Belə uğurlar kənardan kiçik görünsə də insanı növbəti addımlar atmağa, yeni qələbə hissini yaşamağa ruhlandıran işlər görməyə sövq edir.

Bu mövzuları əbəs yerə birləşdirib yazmaq qərarına gəlmədim. Mənim “De-institusionalizasiya” ilə bağlı müsabiqədə qalib olmağımın məhz həmin dövrdə SOS Gənclər evi və Suraxanıda yerləşən digər bir internat müəssisəsinə etdiyim ziyarətin, ordakı uşaqların yaşam tərzini ilə qismən də olsa tanışlığımın, onların keçirdiyi hissləri qismən də olsa yaşamağımın çox böyük əhəmiyyəti oldu. Ümid edirəm ki, “De-institusionalizasiya” istiqamətində atılan addımlar tam olaraq öz məqsədinə nail olacaq və heç bir uşaq normal ailədən, ən azı ailəni xatırladan şəraitdən kənarda qalmayacaq.

(c) Samirə Haşımzadə

3 thoughts on “Yazılmalı olan hadisələr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *