Azərbaycan Gənclərinin VI Forumundan seçmələr

Sentyabrın 24-də Respublika sarayında Azərbaycan Gənclərinin VI Forumu keçirildi. 15 il öncə ilk dəfə Heydər Əliyevin rəhbərliyi ilə təşkil olunan və hər 3 ildən bir keçirilməsi nəzərdə tutulan bu Forumda iştirak edən 2000 gəncdən biri də mən idim və gənclər siyasətinin aparılmasını kənardan da olsa izləmək şansı əldə etdim. Bu Forumdan diqqətimi çəkən əsas məsələləri sizin də diqqətinizə çatdırmaq istədim.

Tədbiri Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev açdı. O, bütün gəncləri və gələn qonaqları salamlayaraq bir gün öncə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi münasibətilə hamını təbrik etdi. Həmin vaxtda Türkiyədə səfərdə olan Prezident İlham Əliyevin müraciətini Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov qonaqlar üçün məruzə etdi. O, həmçinin ötən 3 il ərzində gənclər sahəsi üzrə aparılan işlərdən danışaraq, bu dövr ərzində 212 layihənin təsdiqləndiyini və 40 Gənclər Təşkilatının qeydiyyatdan keçdiyini nəzərimizə çatdırdı. Sonra isə çıxışlara Gənclər və İdman Naziri Azad Rəhimov davam edərək gənclərin və gənclər təşkilatlarının son 3 ildə əldə etdiyi nailiyyətlər,  gənclər üçün təşkil olunan imkanlar barədə ətraflı məlumat verdi. O, həmçinin qeyd etdi ki, Bələdiyyələrin 28%-ini gənclər təmsil edir və ötən dövr ərzində Azərbaycanın gənclər təşkilatları 11 Beynəlxalq təşkilata üzv qəbul olmuşdur. Gənclər Təşkilatı Milli Şurasının sədri Fuad Muradov isə gənclərin əksəriyyətinin ixtisaslaşdığı sahədə işləmədiyini və bunun da iqtisadi- sosial geriliyə gətirib çıxartdığını təəssüflə qeyd etdi və gənclər üçün maarifləndirici kanal açılması təklifini irəli sürdü. Daha sonra bir-birinin ardıyca İrəli İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı, ATGT-nin sədri Şahin İsmayılov,Dünya Gənclər Bankı Şəbəkəsinin Türkiyə, İran və MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli, ASAİF-n sədri Orxan Əkbərov və digər gəncləri təmsil edən nümayəndələr çıxış etdilər. C.Osmanlının yadımda qalan iki təklifini xüsusi bəyəndim: Təhsil haqqlarına və kitaba qoyulan Əlavə Dəyər Vergisinin aradan qaldırılması. ƏDV-nın yalnız oxumağa, gənclərin öz savadlarını artırmağa qarşı bir maneə olaraq gördüyüm üçün bu təklifi ürəkdən dəstəklədim. Onu da xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanda kitaba olan ƏDV 18% olduğu halda Gürcüstanda ƏDV ümumiyyətlə yoxdur. Bu aradan qalxarsa, kitab alışında da əsaslı dəyişilik olacağına inanıram.

Əslində belə məlumatverici və konfransı təsvir edən yazılarda nahar fasiləsi barədə yazmırlar. Amma elə iştirakçılar üçün ən vacib məqamlardan biri Respublika sarayı işçilərinə və ya rəhbərliyinə yaxşı sərf edən bu nahar fasiləsi oldu. Obyektivliyi qorumaq üçün deyim ki, 10 dəq. ərzində qeyb olan, heç zalın 1/10-ə çatmayacaq sayda, iki barmaq boyda kiçicik çörəklərin üstündə şor və nazik pendir dilimlərini və bu kimi un məmulatlarını çıxmaq şərtilə, digər yemək və içmək məhsulları (yəni buterbrod növləri və soklar) pullu idi. Həm də necə pullu! Səhər 10-dan tədbirdə olan iştirakçıların hələ 17:00-a kimi burada olacağını nəzərə alaraq, məcburən almalı olduqları coca-cola fujerinin yarısından olan sok 2.5 AZN-ə, orta ölçülü buterbrodun qiyməti isə 5 AZN-ə idi. Burda deyirlər – İnsaf da yaxşı şeydi! Bu qiymətə məcbur olub alanlar isə o buterbrodu əzizləyə-əzizləyə yeməkdən başqa çarə tapmadılar. :))

Beləcə yaxşıca yeyib-içdikdən sonra :)), Forumun ikinci rəsmi hissəsinə başlanıldı. Bu rəsmi hissədə isə irəli sürülən qətnamə qəbul edildi. Qətnamənin şərtləri aşağıdakı kimi idi:

  1. Azərbaycan Gənclərinin V Forumundan ötən dövr ərzində gənclərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti müsbət qiymətləndirilsin.
  2. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üçün dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi aidiyyəti dövlət orqanına tövsiyə edilsin.
  3. Gənclərin vəziyyəti, inkişaf tendensiyalarının öyrənilməsi və təhlili sahəsində fəaliyyət gücləndirilsin, gənclər tərəfindən bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılması stimullaşdırılsın.
  4. Gənclər siyasətinin mövcud infrastrukturunun möhkəmləndirilməsi, gənclər üçün sosial xidmət müəssisələrinin fəaliyyətinin bilavasitə gənclərin tələbatına uyğun, müasir şəraitə cavab verən məzmun və formada qurulmasının vacibliyi qeyd edilsin.
  5. Savadlı, bacarıqlı və artıq müəyyən təcrübəsi olan gənclərin yerli və mərkəzi səviyyədə idarəetmə vəzifələrinə cəlb edilməsi dövlət qurumlarına ictimai və özəl təşkilatlara tövsiyə edilsin.
  6. Yaradılacaq Azərbaycan Gənclər Fondunun fəaliyyətinin gənclərin sosial təşəbbüslərinin, elmi və mədəni sahədə yaradıcılığının, sahibkarlıq və məşğulluq sahəsində kreativ ideyalarının, regionda yaşayan gənclərin inkişafının dəstəklənməsinə yönəldilməsi zəruri hesab edilsin.
  7. Gənc nəslin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə növbəti mərhələdə hər bir gənc tərəfindən Azərbaycançılıq məfkurəsi və dövlətin uzunmüddətli maraqlarına cavab verən xüsusi proqramların işlənib tətbiq edilməsi aidiyyəti dövlət orqanlarına tövsiyə edilsin.
  8. Yeniyetmə və gənclərin elmə və texniki yaradıcılığa həvəsləndirilməsi, peşə hazırlığı tədrisinin gücləndirilməsi məqsədəuyğun hesab edilsin.
  9. Gənclərin iqtisadi həyatda iştirakının artırılması məqsədilə yeni layihələrin tətbiq edilməsinin vacibliyi aidiyyəti dövlət qurumlarının nəzərinə çatdırılsın.
  10. Gənc liderlərin formalaşması və gənclərin qeyri-hökumət təşkilatlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədi ilə gənclər üçün təlim mərkəzlərinin yaradılması aidiyyəti dövlət qurumlarına tövsiyə edilsin.
  11. Gənclərin müasir informasiya və kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə etməsi üçün əlavə tədbirlərin görülməsi zəruri hesab edilsin.

Tədbirin rəsmi hissəsindən sonra isə zövqümü oxşayan bir sıra musiqi ifaları və çıxışlar baş tutdu.

(c) Samirə Haşımzadə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *