Qırmızı lent – ümid, qayğı, dəstək

Bu gün dünyanı ağuşuna alıb aparan xəstəliklərdən öndə gedəni QİÇS-di. Dünyada QİÇS xəstəliyi ilə yaşayan 34 milyon insan var. Bu xəstəlik barədə maariflənmə işləri aparılsa da, onun barəsində formalaşan yalnış düşüncələr də az deyil.

– Əgər QİÇS-ə yoluxsan tezliklə öləcəksən;

– QİÇS-in heç bir simptomu yoxdur;

– Əgər partnyorum QİÇS xəstəsidirsə, bu barədə mütləq mənə deyəcək;

– QİÇS xəstəsi ilə hər hansı münasibət qurmaq olmaz, yoxsa xəstəliyə yoluxarsan;

– Xəstəliyim barədə məlumat gizli saxlanılmayacaq və s. bu kimi miflər insanlarda bu xəstəlik barədə səhv təsəvvürlər formalaşdırır.

Bəs QİÇS xəstəliyi ilk dəfə nə zaman aşkara çıxarılıb? Bu xəstəlikdən bir qurtuluş yolu yoxdurmu?

QİÇS barədə ilk məlumat 1981-ci ildə xəstəliklərin yoxlanılması və profilaktikası üzrə Amerika Mərkəzinin araşdırmalarına əsasən dərc edilib. Həkimlərin qənaətinə görə bu xəstəlik anadangəlmə deyil, insanın həyatı boyu qazandığı xəstəlikdir. Beləcə, bu xəstəliyi QİÇS – qazanılmış immun çatışmazlığı sistemi adlandırmağa başladılar. 2 ildən sonra isə QİÇS-in virusunu – insanın immunçatışmazlığı virusunu (İİV) aşkara çıxardılar. İİV-ə yoluxmuş xəstələrə isə QİÇS diaqnozu qoyuldu. Xəstənin İİV-ə yoluxduğu vaxtdan ölümünə qədər olan müddət 13-15 ildir. Bəzi xəstələr isə daha tez dünyasını dəyişir və ya 20 ildən çox yaşaya bilir. QİÇS ötürülən xəstəlikdir. O, əsasən cinsi və parental (narkotik və digər dərman vasitələrinin artıq istifadə edilmiş və sterlizə olunmamış şprislərlə venadaxilinə vurulması; İİV olan qanın digər şəxsə köçürülməsi və s.) vasitələrlə digər şəxsə ötürülür. Digər müalicə olunmamış infeksiyalar, xroniki xəstəliklər, həmçinin cinsi yolla ötürülən müxtəlif xəstəliklər də orqanizmin müdafiə gücünü zəiflədir, bu da İİV virusuna yoluxmağa gətirib çıxara bilər. Xüsusi diqqət anadan doğulmamış körpəyə keçə biləcək virusun profilaktikasına yönəldilməlidir. Həkimlər heç bir halda ananın qanının körpənin qanına qarışmasına yol verilməməlidir. Lakin İİV anadan körpəyə təkcə doğuş zamanı qan sızması vasitəsilə deyil, həm də süd vermə yolu ilə də keçə bilir. Buna görə də həkimlər xəstə analara uşağı süni yolla yedirməyi məsləhət görür.

(more…)

Fotoqrafla bir saat

“Women’s forum”da biz bloggerlərin qəbul etdiyi növbəti mütəxəssis- qonağımız hər zamankından fərqli olaraq bu dəfə “woman” olmadı. Digər qonaqlardan onun tək fərqi bu deyildi. O, bizimlə peşəkarı olduğu fotoqraflıq sənəti barədə müzakirələr etməyə gəlmişdi və söhbət zaman yaratdığı abu- hava, emosional məqamlar və hisslər bu insanın öz hobbisi adlandırdığı sənətinə nə qədər vurğun olduğunu və ümumiyyətlə necə dərin bir insan olduğunu açıq- aşkar göstərirdi. Yeri gəlmişkən deyim ki, söhbət ömrünü Cənubi Afrika Respublikasında keçirmiş və cəmi bir neçə aydır Bakıda fəaliyyət göstərən həmyerlimiz Cəmil Mirzoyevdən gedir.

Əvvəlcədən heç bir sual hazırlamadan görüşə gəlmişdik. Təşkilatçımız ekspromt bir müsahibə etmək təklifini irəli sürəndə isə əvvəlcə tərəddüd etsək də razılaşdıq. Beləcə, sosial korrespondent olaraq ilk müsahibəmiz baş tutdu. Təbiidir ki, peşəkar fotoqraflıq ilə məşğul olmayan və öz adıma deyim ki, bundan sonra da belə bir niyyəti olmayanlar üçün onun texnikasından danışmaq lazım gəlmədi. Müzakirəmizi əsasən şəkillərin mövzusundan, şəklin çəkilmə məqamlarından, son dövrlərdə dəbə minən fotosessiyalardan, onun özünün şəxsi təcrübələri ətrafında apardıq. Cəmil qeyd etdiyi kimi onun üçün şəkil çəkmək insan həyatının hansısa xoşbəxt anını tutmaq, o anı əbədiyyətə qovuşdurmaq deməkdir. Mənim üçün fərqi yoxdur yerdə uzanmış vəziyyətdə, ayaqlarımdan sallanmış vəziyyətdə olsun və ya  şəkil çəkdiyim zaman başıma hansısa hadisələr gələ bilər. Hətta 3 dəfə ölümlə də üzləşmişəm. Əsas olan odur ki, mən istədiyim anı tuta bilim.  Buna görə də mənim “paparadze edirsiz?” sualıma “xeyr, heç vaxt etməmişəm”  cavabı verib bildirdi ki, bunu oğurluq hesab edir. Onun üçün isə əsas olan insanı xoşbəxt etməkdir. İnsanın və ya hansısa canlının yaşadığı hissləri qabarıq şəkildə göstərdiyini hesab edərək fotoqrafiyada əsasən ağ-qara rəngli şəkilləri sevdiyini bildirdi. Gəlin- bəy fotosessiyası edəndə Cəmili onların arasında olan sevgi ruhlandırır. Əgər orada sevgi yoxdursa, onun üçün bu fotosessiyanı etmək çətindir və Cəmil həmişə üstündə gəzdirdiyi qulaqcıqlarla da olsa həmin sevgi əhval ruhiyyəsini özü üçün yaratmağa çalışır. “Əsas o deyil ki, rəqs zamanı bəy gəlinin belindən tutur. Əsas odur ki, həmin beli bir ömür boyu tutacağına əmindir.” Onun sevdiyi ən vacib məqamlardan biri isə odur ki, sonda ayrıldığı toydan o, həmin bəy və gəlinlə dost olaraq ayrılır. Biz Cəmilin belə mehriban və səmimi insan olduğunu görərək bu sözlərə bir damcı belə şübhə etmədik. Lakin hamı foto çəkdirmək marağında deyil axı. Bunun isə deyərdim ki, ən əsas səbəblərindən biri, bəlkə də başlıca səbəbi şəkildə yaxşı görünməmələridir. Şəkil çəkdirməkdən, kameradan qorxan, sərbəst olmayan, bunun da nəticəsində şəkillərdə olduğundan daha pis görünənlər də var. Elə suallarımızdan biri də bu oldu ki, bəs bu zaman siz nə edirsiniz ki, şəkil çəkdirən tərəf işinizdən razı qalsın və siz də istədiyiniz nəticəni alasınız. Cavab isə çox konkret və dəqiq oldu – “Kompliment deyirəm!” Cəmilə görə bütün insanlar gözəldi. Sadəcə aralarında utancaqlar var. Onlara komplimet deyəndə, rahat, sərbəst olacaqları şəraiti yaradanda, səmimi bir yaxın insan kimi münasibət göstərəndə hamı içlərində olan gözəlliklərini göstərməyə başlayır. Düzdür, əvvəlcə belələri ilə işləmək çətin olur. Bəlkə də yüzlərlə kadr çəkməli olursan. Amma Cəmil sonda istədiyinə nail olmağı bacarır.

Müsahibəmizdən sonra facebook– da onun səhifəsini tapıb çəkdiyi şəkillərə nəzər yetirdim. Toy fotoları, təbiət mənzərələri, uşaq şəkilləri, fərdi fotosessiyalar Cəmilin özü kimi çox kreativ və fərqli göründü mənə. Necə deyərlər dilinə görə dilçəyi var imiş. 🙂 Öz ixtisası turizmlə bağlı olduğundan, fotoqraflığa hobbi kimi baxan Cəmilin çəkdiyi şəkillərə söz olmasa da gördüyü işin müqabilində aldığı məbləğ çox aşağıdır. Çünki fotosessiya etdirmək istəyən çox insan var. Ola bilər ki, aralarında gəlirləri yüksək məbləğə imkan verməyənlər olsun. O, isə heç kimin ürəyini qırmaq istəmir. Çəkdiyi şəkillərdən gələn boşluq, tənhalıq duyğusu isə mənə “çox dostu olan əslində təkdir” ifadəsini bir daha yadıma saldı. Amma öz hisslərimdə yanılmağımı çox istəyərdim.

PS. Şəxsən mənim üçün bu insan kəşf oldu və sevindim ki, ilk müsahibəm belə ekstra- səmimi biri ilə baş tutdu.

[slideshow]

Samirə Haşımzadə

Skandinaviya xalqları Azərbaycandan köç edib?

Sərhədlər? Mən onları görməmişəm. Amma bilirəm ki, onlar var… əksər insanların düşüncələrində…

Bu sözlər XX əsrdə yaşamış bəlkə də ən məşhur norveçli – tədqiqatçı, yazıçı və antropoloq kimi uzun bir peşə yolu keçmiş Tur Heyerdala məxsusdur. Onun bütün həyatı ölkələr və mədəniyyətlər arasındakı əlaqələri araşdırmaqla, qədim əsatirlər
və nağılların tarixi faktlara əsaslandığını  və onların keçmişi işıqlandırdığını sübut etməyə çalışaraq bu ölkələrə etdiyi ekspedisiyalarla keçib. Onun düşüncəsinə görə ideyaları ofisdə oturub nəzəri cəhətdən əsaslandırmaqdansa, ən yaxşısı real həyatda sınaqdan keçirməklə yoxlamaq olar. Beləliklə də, Heyerdal özünün dünyaca məşhur “Kon Tiki”, “Ra”, “Ra 2”, “Tiqris”, ən sonda isə “Odin” ekspedisiyalarını həyata keçirmişdir.

Heyerdal 1980-2000-ci illərdə Azərbaycana bir neçə səfər edib və həyatının son illərini Qafqaz və Skandinaviya arasındakı qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işləmişdir. Onu Azərbaycanda cəlb edən məhz Qobustanın qayaüstü qayıq təsvirləri olmuşdur. O, Qobustanda qaya üzərindəki oymalardan heyrətə gələrək Qobustanı “açıq səma altındakı muzey”adlandırmışdı. Onun Azərbaycan haqqında mülahizələri böyük maraqla qarşılandı. Qobustan təsvirlərinin Skandinaviyanm qayaüstü təsvirlərindən fərqlənmədiyini bildirən   alim Azərbaycanı dünya gəmiçiliyinin ən qədim vətəni adlandırdı. Həmin görüş zamanı Tur Heyerdalın belə bir fikri də çoxları üçün yeni və gözlənilməz oldu: «Azərbaycan, onun Xəzərboyu sahilləri avropalıların, xüsusilə Skandinaviya xalqlarmm ana vətəni olmuş, Avropa mədəniyyətinin kökü də məhz bu diyardan başlanmışdır». Sonralar Avrosentrik baxışlara yeni nəzər yetirən alim qeyd etmişdir ki, Avropa deyil, məhz Azərbaycan qaynar sivilizasiyanm mərkəzi olmuş, erkən mədəniyyəti qədim dənizçilər vasitəsilə ucqarlara yaymışdır.

(more…)

Hardadır axı xoşbəxtlik?!

Əsrlərdir ki, insanlığın axtardığı, həsrətində olduğu, lakin əksər insanların da nail ola bilmədiyi varlıqdır xoşbəxtlik. Hamı onu istəyir, hamı onu özündə deyil hardasa – hansısa bir insanın yanında, hansısa bir ölkədə, karyeranın hansısa zirvəsində, uzaqlarda olduğunu düşünür. Lakin əslində əksəriyyət də onun çox yaxında, onların həyatında, öz içlərində olduğunu dərk edə bilmir. Hamımızın dildə dediyi bir söz var – Pul xoşbəxtlik deyil. Lakin “Çoxlu pulum olsaydı, daha böyük ev alardım, həmin maşını alardım, mən də filan ölkədə yaşayardım, Harvardda təhsil alardım” və sair, və ilaxır düşüncələrlə içimizi yeyirik. Bunların hamısı da pulun başının altından çıxır. Bəs həqiqətən də xoşbəxtliyi pulla almaq olarmı? Xoşbəxtlik əyləncələri artırmaqla, məşhurluq və var-dövlət qazanmaqla və ya istədiyin hər bir şeyi ala bilməklə gəlmir axı. Həmin pullara malik olan milyonerlər nə dərəcədə xoşbəxtdir? Ömrü boyu hər istədiyini pulla əldə edə bilən, lakin bədbəxtlikdən intihar etmiş azmı milyoner övladı var?

Xoşbəxtlik heç də əldə edə bilmədiyin maşında, qazana bilmədiyin pullarda, yaşaya bilmədiyin sevgidə deyil. O, sənin malik olduğun ata-anada, 1 uşağın gülüşündə, doğma bir əlin toxunuşunda, gözlərini açdığın səhərdə və ya uşaqlıqda hiss etdiyin qoxunu hardasa duyduğun yerdədir. Xoşbəxtlik tutmaq istədiyin zamanda, andadır. “Insanlar öz içlərində olanı dəyişmədikcə, Allah onların vəziyyətini dəyişməz”deyib, peyğəmbərimiz (s.a.s). Xoşbəxtlik başına gələn hər hansı hadisədə deyil, həmin hadisəni hansı formada qəbul etməyindədir. Təbiidir ki, baş verən, başımıza gələn hər bir hadisəyə müxtəlif cür qiymət vermək olar. Əgər biz müəyyən hadisələrin pessimist tərəflərini düşünərək öz həyatımızı kədərli etmək niyyətindəyiksə, kölgədə qalan, gözümüzə görünməyən xoşbəxtliyin heç bir günahı yoxdur.

(more…)

Ən gözəl çiçək

Bir neçə il öncə eşitdiyim və bu gün yenidən türk versiyasında qarşıma çıxan gözəl bir hekayəni bölüşmək istəyirəm. Yazar isə naməlumdur.

Bir zamanlar dünyalar gözəli bir qız yaşayırmış. Bu qız elə gözəl imiş ki, uzaq şəhərlərdən, diyarlardan çox yaraşıqlı və zəngin gənc oğlanlar onu görməyə gəlirlərmiş. Onunla evlənmək istəyən neçə-neçə şahzadəni rədd edən bu gənc qız heç kimi bəyənmirmiş. Bu arada qızla eyni qəsəbədə yaşayan və bu qıza aşiq olan digər bir gənc də bu qıza evlilik təklif edir, lakin qız onu da rədd edir. Aradan uzun illər keçir. Həmin bu gənc qəsəbədən köçərək özünə başqa bir həyat qurur, evlənib ailə-uşaq sahibi olur. Bir gün yolu əvvəllər yaşadığı kiçik qəsəbədən düşür. Orada tanış biri ilə rastlaşaraq, söhbət əsnasında ağlına orada bir zamanlar yaşayan həmin dünya gözəli qız gəlir və ondan həmin qızı xəbər alır. Tanışı ona qarşısında gül bağçası olan bir ev göstərərək  qızın ailə quraraq həmin evdə yaşadığını söyləyir. Oğlan da bu zaman həmin adamın kim olduğu ilə maraqlanır. Bir yerdə gizlənərək, evi güdməyə başlayır və qızın ərini evdən çıxarkən görür. Qızın əri kök, keçəl və çirkin bir adam imiş. Üstəlik heç də varlı biri deyilmiş. Bu məsələ oğlana bir az da maraqlı gələrək, əri evi tərk etdikdən sonra qapını döyür. Qız qapını açada özünü tanıdaraq niyə belə biri ilə ailə qurduğunu soruşur. Qızın ona cavabı isə belə olur: “Arxandakı gül bağçasına gir və sıra ilə gedərək mənim üçün ən gözəl gülü dər və gətir. Amma bir şərtim var gülün yanından keçib getdinsə, geriyə dönüb onu dərə bilməzsən.” Beləliklə, oğlan yüzlərlə gözəl çiçəyi olan gül bağçasına daxil olur və irəliləməyə başlayır. Birdən çox gözəl bir sarı gül görür, onu dərmək istəyəndə qarşıda ondan da gözəl bir çəhrayı gül olduğunu görür.  Bu dəfə bu çiçəyi dərmək istəyəndə daha irəlidə möhtəşəm gözəllikdə bir qırmızı gül qönçəsi görür. Belə-belə oğlan bağçanın sonuna qədər gəlib çatır, məcburən sonda qalan yeganə gülü dərib qız üçün gətirir. Bağçanın ən gözəl gülünü gətirmək əvəzinə o, qız üçün yarpaqları solmuş, cılız bir gül gətirmişdi. Qız bu zaman “Bax gördünmü, hər zaman daha yaxşısını tapmaq istəyərkən ömür keçir və sən ən pisinə belə razı olmaq məcburiyyətində qalırsan. Buna görə də vaxtında qarşında olanı dəyərləndirmək lazımdır”.