Ən gözəl çiçək

Bir neçə il öncə eşitdiyim və bu gün yenidən türk versiyasında qarşıma çıxan gözəl bir hekayəni bölüşmək istəyirəm. Yazar isə naməlumdur.

Bir zamanlar dünyalar gözəli bir qız yaşayırmış. Bu qız elə gözəl imiş ki, uzaq şəhərlərdən, diyarlardan çox yaraşıqlı və zəngin gənc oğlanlar onu görməyə gəlirlərmiş. Onunla evlənmək istəyən neçə-neçə şahzadəni rədd edən bu gənc qız heç kimi bəyənmirmiş. Bu arada qızla eyni qəsəbədə yaşayan və bu qıza aşiq olan digər bir gənc də bu qıza evlilik təklif edir, lakin qız onu da rədd edir. Aradan uzun illər keçir. Həmin bu gənc qəsəbədən köçərək özünə başqa bir həyat qurur, evlənib ailə-uşaq sahibi olur. Bir gün yolu əvvəllər yaşadığı kiçik qəsəbədən düşür. Orada tanış biri ilə rastlaşaraq, söhbət əsnasında ağlına orada bir zamanlar yaşayan həmin dünya gözəli qız gəlir və ondan həmin qızı xəbər alır. Tanışı ona qarşısında gül bağçası olan bir ev göstərərək  qızın ailə quraraq həmin evdə yaşadığını söyləyir. Oğlan da bu zaman həmin adamın kim olduğu ilə maraqlanır. Bir yerdə gizlənərək, evi güdməyə başlayır və qızın ərini evdən çıxarkən görür. Qızın əri kök, keçəl və çirkin bir adam imiş. Üstəlik heç də varlı biri deyilmiş. Bu məsələ oğlana bir az da maraqlı gələrək, əri evi tərk etdikdən sonra qapını döyür. Qız qapını açada özünü tanıdaraq niyə belə biri ilə ailə qurduğunu soruşur. Qızın ona cavabı isə belə olur: “Arxandakı gül bağçasına gir və sıra ilə gedərək mənim üçün ən gözəl gülü dər və gətir. Amma bir şərtim var gülün yanından keçib getdinsə, geriyə dönüb onu dərə bilməzsən.” Beləliklə, oğlan yüzlərlə gözəl çiçəyi olan gül bağçasına daxil olur və irəliləməyə başlayır. Birdən çox gözəl bir sarı gül görür, onu dərmək istəyəndə qarşıda ondan da gözəl bir çəhrayı gül olduğunu görür.  Bu dəfə bu çiçəyi dərmək istəyəndə daha irəlidə möhtəşəm gözəllikdə bir qırmızı gül qönçəsi görür. Belə-belə oğlan bağçanın sonuna qədər gəlib çatır, məcburən sonda qalan yeganə gülü dərib qız üçün gətirir. Bağçanın ən gözəl gülünü gətirmək əvəzinə o, qız üçün yarpaqları solmuş, cılız bir gül gətirmişdi. Qız bu zaman “Bax gördünmü, hər zaman daha yaxşısını tapmaq istəyərkən ömür keçir və sən ən pisinə belə razı olmaq məcburiyyətində qalırsan. Buna görə də vaxtında qarşında olanı dəyərləndirmək lazımdır”.

5 thoughts on “Ən gözəl çiçək

Leave a Reply

Your email address will not be published. Required fields are marked *