Hardadır axı xoşbəxtlik?!

Əsrlərdir ki, insanlığın axtardığı, həsrətində olduğu, lakin əksər insanların da nail ola bilmədiyi varlıqdır xoşbəxtlik. Hamı onu istəyir, hamı onu özündə deyil hardasa – hansısa bir insanın yanında, hansısa bir ölkədə, karyeranın hansısa zirvəsində, uzaqlarda olduğunu düşünür. Lakin əslində əksəriyyət də onun çox yaxında, onların həyatında, öz içlərində olduğunu dərk edə bilmir. Hamımızın dildə dediyi bir söz var – Pul xoşbəxtlik deyil. Lakin “Çoxlu pulum olsaydı, daha böyük ev alardım, həmin maşını alardım, mən də filan ölkədə yaşayardım, Harvardda təhsil alardım” və sair, və ilaxır düşüncələrlə içimizi yeyirik. Bunların hamısı da pulun başının altından çıxır. Bəs həqiqətən də xoşbəxtliyi pulla almaq olarmı? Xoşbəxtlik əyləncələri artırmaqla, məşhurluq və var-dövlət qazanmaqla və ya istədiyin hər bir şeyi ala bilməklə gəlmir axı. Həmin pullara malik olan milyonerlər nə dərəcədə xoşbəxtdir? Ömrü boyu hər istədiyini pulla əldə edə bilən, lakin bədbəxtlikdən intihar etmiş azmı milyoner övladı var?

Xoşbəxtlik heç də əldə edə bilmədiyin maşında, qazana bilmədiyin pullarda, yaşaya bilmədiyin sevgidə deyil. O, sənin malik olduğun ata-anada, 1 uşağın gülüşündə, doğma bir əlin toxunuşunda, gözlərini açdığın səhərdə və ya uşaqlıqda hiss etdiyin qoxunu hardasa duyduğun yerdədir. Xoşbəxtlik tutmaq istədiyin zamanda, andadır. “Insanlar öz içlərində olanı dəyişmədikcə, Allah onların vəziyyətini dəyişməz”deyib, peyğəmbərimiz (s.a.s). Xoşbəxtlik başına gələn hər hansı hadisədə deyil, həmin hadisəni hansı formada qəbul etməyindədir. Təbiidir ki, baş verən, başımıza gələn hər bir hadisəyə müxtəlif cür qiymət vermək olar. Əgər biz müəyyən hadisələrin pessimist tərəflərini düşünərək öz həyatımızı kədərli etmək niyyətindəyiksə, kölgədə qalan, gözümüzə görünməyən xoşbəxtliyin heç bir günahı yoxdur.

Bir gün Molla Nəsrəddindən bir tələbəsi soruşur:

–          Xoşbəxtliyi qazanmağın sirri nədir?

Molla bir qədər düşündükdən sonra cavab verir:

–          Xoşbəxtliyin sirri yaxşı mühakimə etməkdədir.

–          Bəs yaxşı mühakimə etməyin sirri nədədir?

–          Təcrübə qazanmaqla yaxşı mühakimə etməyi öyrənmək olar.

–          Bəs, təcrübəni necə qazanmaq olar?

–          Pis mühakimə etməklə.

Odur ki, insan hadisələri yaxşı mühakimə etməklə, optimist yanaşmaqla, hər bir işin xeyirli tərəflərini düşünməklə içində olduğu xoşbəxtliyin fərqinə vara bilər.

Son bir neçə ildə psixoloqlar və tədqiqatçılar bütün dünyada insanların dəqiq nə ilə xoşbəxt olduqlarını araşdırmaqla məşğul olmuşlar. Onların əldə etdiyi nəticələr isə belə olmuşdur:

1. Özünü kiminləsə müqayisə etməkdən çəkin. Stanford Universitetinin psixoloqu Sonja Lyubomirskiyə görə özünü başqaları ilə müqayisə etməkdənsə, öz nailiyyətlərinə yönlənmək insana böyük rahatlıq gətirir. Qurani Kərimdə deyilir:

(Kafirlərdən) bəzisini sınamaq üçün onlara dünya həyatının bərbəzəyi kimi verdiyimiz şeylərə gözünü dikmə. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır. (20:131)

2.  Gülümsə. Xoşbəxt insanlar imkanları və müvəffəqiyyətləri görə bilir. Onlar gələcək barədə optimist düşünür və keçmişə baxanda hadisələrin ən yaxşı tərəflərini axtarmağa çalışır. Peyğəmbərimiz Məhəmməd (s.a.s) deyib: “Hər hansı bir yaxşı əməli kiçik bilmə. Bu, ən adi bir gülümsəmə olsa belə. Təbəssüm ən asan yaxşılıqdır.”  “Gülümsəyən sima yaxşı xasiyyətə, qəlbin kin-küdurətdən azad olduğuna  işarədir və insanlar arasında sevgi yaradır.” (Alim Şeyx İbn Baaz)

3.  İdman elə. Dyuk Universiteti tədqiqatı göstərir ki, idman depressiya və sağlamlıq üçün çox faydalıdır. Məhəmməd (s.a.s) deyib: Güclü olan imanlı şəxs Allahın nəzərində zəif olandan daha yaxşı və sevimlidir.” Yəqin ki, bu hədisdə inam və xasiyyətdən əlavə imanlı şəxsin öz sağlamlığına fikir verməsinin də yüksək qiymətləndirildiyinə işarə olunub.

4. Dostlaş və əlaqələr qur. Daha xoşbəxt insanların yaxşı ailələri, dostları və davamlı əlaqələri olur. Bizim sadəcə əlaqəyə yox, yaxın əlaqələrə ehtiyacımız var. Allah deyir:

“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir. (4:36)”

Peyğəmbərimiz Məhəmməd (s.a.s) demişdir: “Bu həyatda yaxşı qonşu, geniş ev və yaxşı at möminə xoşbəxtlik gətirən şeylərdəndir.” İslam ailələrin, qonşuların həmrəyliyinə və geniş ictimaiyyətə böyük qiymət verir.

5. Təşəkkür et. Hər zaman minnətdar olan insanlar daha sağlam, optimist olur və daha  məqsədyönlü olur. Islami tədrisin kökündə xoşbəxt olmağın ideyası və məzmunu Allaha təşəkkürdən, şükr etməkdən keçir. Hansı vəziyyətdə oluruqsa-olaq biz şükr edirik və əminik ki, bu bizim üçün ən doğrusu, ən xeyirlisidir. Allah deyir:

“Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” (2:152)

“O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (14:7)

6. Xeyirxahlıq et. Altruist ol və sədəqə ver. Tədqiqatçı Stefen Post deyir ki, qonşulara kömək etmək, könüllülük etmək və ya xeyirxahlıq etmək kömək edənin özü üçün yaxşıdır. Hətta bu zaman insan özünü idmanla məşğul olandan və siqareti tərgidəndən daha yaxşı və sağlam hiss edir.  Islam da insanları ailəsinə, dostlarına, qonşularına, yadlara və hətta düşmənlərə qarşı belə mərhəmətli olmağa çağırır. Bu Qurani-Kərimdə və Peyğəmbərimizin (s.a.s) hədislərində dəfələrlə vurğulanıb:

De: “Həqiqətən, Rəbbim istədiyi qullarına ruzisini bol edər, (istədiyinə də) onu azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (34:39)

7. Pulu prioritetlərin siyahısında ən aşağıda yerləşdir. Tədqiqatçı Tim Kasser və Riçard Rayanın fikrincə, pulu siyahısının başında qoyan insanlar ən çox depressiya, narahatlıq və özünə inamsızlığın təhlükəsi altında olanlardır. Məhəmməd (s.a.s) demişdir: “Xoşbəxt olun və sizi xoşbəxt edəcək şeylərə ümid bəsləyin. Allaha and olsun ki, mən sizin kasıb olmağınızdan qorxmuram, mən qorxuram ki, sizdən əvvəlkilərlə olduğu kimi dünya zənginliyi sizə də ehsan ediləcək. Siz də əvvəlkilər kimi bir-birinizlə ona görə yarışacaqsınız və pul onları etdiyi kimi sizi də məhv edəcək.”

Islam həyat tərzidir. Islam bizə Quran və Peyğəmbərin sünnəsi ilə bunları öyrədir. Bundan başqa o, bizə səbrli, mərhəmətli, düşüncəli, hörmətli olmağı öyrədir. Ümumiyyətlə, Allahın hər bir sözü fərdlərə xoşbəxtlik gətirmək üçün deyilmiş, göndərilmişdir. Allah tərəfindən bizə əmanət kimi verilən bu həyatı sağlam, düşüncəli və xoşbəxt yaşamaq hər birimizin borcudur.

Samirə Haşımzadə

3 thoughts on “Hardadır axı xoşbəxtlik?!

  1. Chox gozel yazi. Fikirlerle raziyam. Sadece pulla elaqedar olaraq fikrimi bildirim. Optimist yox realist olaraq. Pul o halda xowbextlik deyil ki, onun sene bexw ede bilemeyeceklerini puldan gozleyirsen. Meselen saqlamliqi puldan asili olanlardan bunu soruwsaq deyecek he pul xowbextlikdir. Cunki ozunu mualice etmeye pulu olmayib vefat eden nece-nece insanlar var. Pul insani o halda xowbext ede biler ki, pulla ala bileceklerini ala bilesen. Yoxsa Dostluq, mehribanliq, aile ve s kimi menevi weyleri yox. Pulun bedbextlik getirdiyine inanan insanlar ise heyatlarindaki her weyi onunla almaqa cehd edenlerdir. Ona gore de pulu olsa da xowbext deyiller. Pul sadece maddi cehetden ehtiyaclari odemek ucundur. Yazi ucun tewekkurler Samira. 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *