Fotoqrafla bir saat

“Women’s forum”da biz bloggerlərin qəbul etdiyi növbəti mütəxəssis- qonağımız hər zamankından fərqli olaraq bu dəfə “woman” olmadı. Digər qonaqlardan onun tək fərqi bu deyildi. O, bizimlə peşəkarı olduğu fotoqraflıq sənəti barədə müzakirələr etməyə gəlmişdi və söhbət zaman yaratdığı abu- hava, emosional məqamlar və hisslər bu insanın öz hobbisi adlandırdığı sənətinə nə qədər vurğun olduğunu və ümumiyyətlə necə dərin bir insan olduğunu açıq- aşkar göstərirdi. Yeri gəlmişkən deyim ki, söhbət ömrünü Cənubi Afrika Respublikasında keçirmiş və cəmi bir neçə aydır Bakıda fəaliyyət göstərən həmyerlimiz Cəmil Mirzoyevdən gedir.

Əvvəlcədən heç bir sual hazırlamadan görüşə gəlmişdik. Təşkilatçımız ekspromt bir müsahibə etmək təklifini irəli sürəndə isə əvvəlcə tərəddüd etsək də razılaşdıq. Beləcə, sosial korrespondent olaraq ilk müsahibəmiz baş tutdu. Təbiidir ki, peşəkar fotoqraflıq ilə məşğul olmayan və öz adıma deyim ki, bundan sonra da belə bir niyyəti olmayanlar üçün onun texnikasından danışmaq lazım gəlmədi. Müzakirəmizi əsasən şəkillərin mövzusundan, şəklin çəkilmə məqamlarından, son dövrlərdə dəbə minən fotosessiyalardan, onun özünün şəxsi təcrübələri ətrafında apardıq. Cəmil qeyd etdiyi kimi onun üçün şəkil çəkmək insan həyatının hansısa xoşbəxt anını tutmaq, o anı əbədiyyətə qovuşdurmaq deməkdir. Mənim üçün fərqi yoxdur yerdə uzanmış vəziyyətdə, ayaqlarımdan sallanmış vəziyyətdə olsun və ya  şəkil çəkdiyim zaman başıma hansısa hadisələr gələ bilər. Hətta 3 dəfə ölümlə də üzləşmişəm. Əsas olan odur ki, mən istədiyim anı tuta bilim.  Buna görə də mənim “paparadze edirsiz?” sualıma “xeyr, heç vaxt etməmişəm”  cavabı verib bildirdi ki, bunu oğurluq hesab edir. Onun üçün isə əsas olan insanı xoşbəxt etməkdir. İnsanın və ya hansısa canlının yaşadığı hissləri qabarıq şəkildə göstərdiyini hesab edərək fotoqrafiyada əsasən ağ-qara rəngli şəkilləri sevdiyini bildirdi. Gəlin- bəy fotosessiyası edəndə Cəmili onların arasında olan sevgi ruhlandırır. Əgər orada sevgi yoxdursa, onun üçün bu fotosessiyanı etmək çətindir və Cəmil həmişə üstündə gəzdirdiyi qulaqcıqlarla da olsa həmin sevgi əhval ruhiyyəsini özü üçün yaratmağa çalışır. “Əsas o deyil ki, rəqs zamanı bəy gəlinin belindən tutur. Əsas odur ki, həmin beli bir ömür boyu tutacağına əmindir.” Onun sevdiyi ən vacib məqamlardan biri isə odur ki, sonda ayrıldığı toydan o, həmin bəy və gəlinlə dost olaraq ayrılır. Biz Cəmilin belə mehriban və səmimi insan olduğunu görərək bu sözlərə bir damcı belə şübhə etmədik. Lakin hamı foto çəkdirmək marağında deyil axı. Bunun isə deyərdim ki, ən əsas səbəblərindən biri, bəlkə də başlıca səbəbi şəkildə yaxşı görünməmələridir. Şəkil çəkdirməkdən, kameradan qorxan, sərbəst olmayan, bunun da nəticəsində şəkillərdə olduğundan daha pis görünənlər də var. Elə suallarımızdan biri də bu oldu ki, bəs bu zaman siz nə edirsiniz ki, şəkil çəkdirən tərəf işinizdən razı qalsın və siz də istədiyiniz nəticəni alasınız. Cavab isə çox konkret və dəqiq oldu – “Kompliment deyirəm!” Cəmilə görə bütün insanlar gözəldi. Sadəcə aralarında utancaqlar var. Onlara komplimet deyəndə, rahat, sərbəst olacaqları şəraiti yaradanda, səmimi bir yaxın insan kimi münasibət göstərəndə hamı içlərində olan gözəlliklərini göstərməyə başlayır. Düzdür, əvvəlcə belələri ilə işləmək çətin olur. Bəlkə də yüzlərlə kadr çəkməli olursan. Amma Cəmil sonda istədiyinə nail olmağı bacarır.

Müsahibəmizdən sonra facebook– da onun səhifəsini tapıb çəkdiyi şəkillərə nəzər yetirdim. Toy fotoları, təbiət mənzərələri, uşaq şəkilləri, fərdi fotosessiyalar Cəmilin özü kimi çox kreativ və fərqli göründü mənə. Necə deyərlər dilinə görə dilçəyi var imiş. 🙂 Öz ixtisası turizmlə bağlı olduğundan, fotoqraflığa hobbi kimi baxan Cəmilin çəkdiyi şəkillərə söz olmasa da gördüyü işin müqabilində aldığı məbləğ çox aşağıdır. Çünki fotosessiya etdirmək istəyən çox insan var. Ola bilər ki, aralarında gəlirləri yüksək məbləğə imkan verməyənlər olsun. O, isə heç kimin ürəyini qırmaq istəmir. Çəkdiyi şəkillərdən gələn boşluq, tənhalıq duyğusu isə mənə “çox dostu olan əslində təkdir” ifadəsini bir daha yadıma saldı. Amma öz hisslərimdə yanılmağımı çox istəyərdim.

PS. Şəxsən mənim üçün bu insan kəşf oldu və sevindim ki, ilk müsahibəm belə ekstra- səmimi biri ilə baş tutdu.

[slideshow]

Samirə Haşımzadə

One thought on “Fotoqrafla bir saat

  1. “Əsas o deyil ki, rəqs zamanı bəy gəlinin belindən tutur. Əsas odur ki, həmin beli bir ömür boyu tutacağına əmindir” bu sozu deyibse, demeli heqiqeten yaxshi fotografdi 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *