Qırmızı lent – ümid, qayğı, dəstək

Bu gün dünyanı ağuşuna alıb aparan xəstəliklərdən öndə gedəni QİÇS-di. Dünyada QİÇS xəstəliyi ilə yaşayan 34 milyon insan var. Bu xəstəlik barədə maariflənmə işləri aparılsa da, onun barəsində formalaşan yalnış düşüncələr də az deyil.

– Əgər QİÇS-ə yoluxsan tezliklə öləcəksən;

– QİÇS-in heç bir simptomu yoxdur;

– Əgər partnyorum QİÇS xəstəsidirsə, bu barədə mütləq mənə deyəcək;

– QİÇS xəstəsi ilə hər hansı münasibət qurmaq olmaz, yoxsa xəstəliyə yoluxarsan;

– Xəstəliyim barədə məlumat gizli saxlanılmayacaq və s. bu kimi miflər insanlarda bu xəstəlik barədə səhv təsəvvürlər formalaşdırır.

Bəs QİÇS xəstəliyi ilk dəfə nə zaman aşkara çıxarılıb? Bu xəstəlikdən bir qurtuluş yolu yoxdurmu?

QİÇS barədə ilk məlumat 1981-ci ildə xəstəliklərin yoxlanılması və profilaktikası üzrə Amerika Mərkəzinin araşdırmalarına əsasən dərc edilib. Həkimlərin qənaətinə görə bu xəstəlik anadangəlmə deyil, insanın həyatı boyu qazandığı xəstəlikdir. Beləcə, bu xəstəliyi QİÇS – qazanılmış immun çatışmazlığı sistemi adlandırmağa başladılar. 2 ildən sonra isə QİÇS-in virusunu – insanın immunçatışmazlığı virusunu (İİV) aşkara çıxardılar. İİV-ə yoluxmuş xəstələrə isə QİÇS diaqnozu qoyuldu. Xəstənin İİV-ə yoluxduğu vaxtdan ölümünə qədər olan müddət 13-15 ildir. Bəzi xəstələr isə daha tez dünyasını dəyişir və ya 20 ildən çox yaşaya bilir. QİÇS ötürülən xəstəlikdir. O, əsasən cinsi və parental (narkotik və digər dərman vasitələrinin artıq istifadə edilmiş və sterlizə olunmamış şprislərlə venadaxilinə vurulması; İİV olan qanın digər şəxsə köçürülməsi və s.) vasitələrlə digər şəxsə ötürülür. Digər müalicə olunmamış infeksiyalar, xroniki xəstəliklər, həmçinin cinsi yolla ötürülən müxtəlif xəstəliklər də orqanizmin müdafiə gücünü zəiflədir, bu da İİV virusuna yoluxmağa gətirib çıxara bilər. Xüsusi diqqət anadan doğulmamış körpəyə keçə biləcək virusun profilaktikasına yönəldilməlidir. Həkimlər heç bir halda ananın qanının körpənin qanına qarışmasına yol verilməməlidir. Lakin İİV anadan körpəyə təkcə doğuş zamanı qan sızması vasitəsilə deyil, həm də süd vermə yolu ilə də keçə bilir. Buna görə də həkimlər xəstə analara uşağı süni yolla yedirməyi məsləhət görür.

İİV-in məişət yolu ilə keçməsi mümkün deyil. Bu faktdır. İİV və QİÇS həmçinin əllə toxunma, öpüş, eyni əşyalardan istifadə ilə də ötürülmür. Belə ki, İİV orqanizmdən kənarda məhv olur. Həmçinin İİV/ QİÇS həşəratların dişləməsi ilə də keçə bilməz. O, insana məxsus olan virusdur və həşəratlarda yaşamır.

QİÇS –in ilkin əlamətləri:

Ümumi halsızlıq

Izaholunmaz arıqlama (10% və daha artıq)

Uzunmüddətli diareya

1 aydan çox davam edən xroniki öskürək

Normal müalicə ilə sağalmayan böyrəklərin soyuqdəyməsi

Pnevmoniya

Əvvəl tam sağlam olan birində yaddaşsızlıq və s. digər xəstəliklər.

QİÇS xəstələrində onkoloji xəstəliklərin səviyyəsi də çox yüksək olur.

Yanvarın 1-i 2010-cu ilin göstəricisinə görə Azərbaycanda qeydiyyatdan keçmiş 2264 QİÇS xəstəsi vardır. Onlardan 90-ı xarici, 2174-ü isə Azərbaycan vətəndaşlarıdır. Son illərdə İİV infeksiyalı xəstələrin sayının stabil olaraq artımı qeydə alınmışdır. Azərbaycanda İİV daşıyıcılarından 60%-i narkotika istifadəçiləridir. Daha çox müstəqil həyat sürən 20-30 yaş arası gənclər QİÇS-ə qarşı ən həssas olan əhali qrupudur. Onlar ümumi xəstələrin 1/3- ni təşkil edir. Ən az İİV daşıyıcısı isə yeniyetmələrdir (cəmi 2%). Statistikaya görə isə ümumilikdə Azərbaycan əhalisinin təqribən 0.008% -i QİÇS-ə yoluxmuş xəstələrdir. Lakin bu statistik rəqəmlər təbii ki, həqiqəti tam əks etdirməyən rəsmi göstəricilərdir. Bu xəstəlikdən utanan, onu gizlətməyə çalışan, QİÇS üçün qan analizi verməkdən yayınanlar da az deyil. Amma onlar yaxınlarına bu virusu ötürə biləcəklərindən bəlkə də xəbərsizdirlər. Bəs İİV –dən müalicə üsulu varmı? Xeyr, lakin müalicə ilə virusu nəzarət altında saxlamaq və immun sistemi gücləndirmək mümkündür. Xəstələr İİV-dən müalicə olunmaqla, aktiv həyat keçirməklə sağlam qala bilər. Əgər bu xəstəlik insanda gec aşkarlanarsa onda müalicənin effekti də az olar. Bütün bunlar və məlumatın hər bir halda həkimlər tərəfindən gizli saxlanacağı nəzərə alınaraq özündə QİÇS-in əlamətlərini görənlər həkimə müraciət etməklə özləri üçün daha sağlam həyat qurar və digərlərini bu xəstəliyə yoluxdurmazlar.

1988-ci ildən başlayaraq hər il dekabrın 1-də bütün dünyada QİÇS Günü qeyd olunu. Bu da dünya insanları üçün İİV-ə qarşı mübarizədə birləşmək, İİV-li xəstələrə öz dəstəklərini göstərmək və ölənlərin xatirəsini yad etmək üçün bir şansdır. Dünya QİÇS Günü ictimaiyyətə və hökumətə QİÇS-in hələ də mövcudluğu, hələ də bu xəstəliyə qarşı mübarizə üçün maliyyəyə ehtiyac olduğu, məlumatlılığı artırmaq və maarifləndirmə məsələlərində çox vacibdir. Qırmızı lent isə beynəlxalq surətdə qəbul olunmuş İİV/QİÇS-ə qarşı mübarizənin və ümid rəmzidir. Hər ilin dekabrın 1-də insanlar yaxalarına qırmızı lent taxaraq QİÇS xəstələrinə öz dəstəklərini və qayğısını göstərirlər. Dünya QİÇS Günü sənə də İİV barədə faktları öyrənmək və öz biliklərinlə xeyirli olmaq üçün şans verir. Əgər sən İİV –in necə keçdiyini, onun qarşısını necə almaq lazım olduğunu və QİÇS-lə yaşamaq reallığını dərk etsən, bu biliklərdən istifadə edərək özünün və digərlərinin sağlamlıqlarının qayğısına qalar və QİÇS-li xəstələrə ədalətlə və anlayışla davranarsan.

Samirə Haşımzadə

2 thoughts on “Qırmızı lent – ümid, qayğı, dəstək

Leave a Reply

Your email address will not be published. Required fields are marked *