Əsas olan sevmək deyilmi?

Sevmək sevməkdir. Biri sevərək eşqini aləmlərə car çəkər, digəri içində gizləyib səssizcə inlər. Biri hicrana tab gətirməyib intihar eylər, digəri vəslə qovuşub hər iki qəlbi şad eylər. Əsas sevmək deyilmi? Yetər ki, sevə biləsən.  Yetər ki, qəlbin eşq atəşi ilə alovlansın. O alov varsa məşuq üçün fərqi nədir, sən çirkinsən, ya gözəlsən, sən zənginsən, ya müflissən. Dərk edən üçün sevilmək bir xəzinədir. O nemət hər kəsə nəsib olmaz. Allah üçün də fərqi yoxdur. Sən Sufilər tək rəqs edərək eşqə çatacaqsan, ya şiələr kimi Hz Əlinin öyrətdiyi yolla vüsala qovuşacaqsan. Əsas olan sevmək deyilmi? Əsas olan Allah, Muhəmməd (s.a.s), Qurani-Kərim deyilmi? Nə düşünürsən o zaman? Gəl! Hansı yoldan gəlməyinin heç fərqi yoxdur. Sən sevgiliyə gəlirsən. Fərqi nədir, Məcnun kimi çöllərə düşüb aşiq oldun, ya Fərhad kimi qayaları yarıb eşqini göstərdin? Səcdədə səni dünya dolusu eşq, aləmlərə sığmayan rahatlıq və ümid gözləyir. Alnın səcdəyə getdikcə səni ömrün boyu qazana bilmədiyin ucalıq gözləyir. Eləysə nəyi gözləyirsən? Əsas olan sevmək deyilmi? Aşiqə 100 yol sevmə desən kimi dinləyər? Sən niyə dinləyirsən “Bunu edirsənsə ibadət edə bilməzsən”,  “İbadət edirsənsə bunları edə bilməzsən” deyənləri? “İbadətdə bu doğrudur, bu yalnışdır” söyləyənləri boş ver. Onlar özləri yalnışdır. Doğrunu və yalnışı bilən yalnız uca Allahdır. Eləysə nə gözləyirsən? Əsas olan sevmək deyilmi? Öz doğrularınla gəl! Özün seçdiyin yolla gəl! Hamı eyni deyil ki. Hamı eyni cür sevə bilməz axı. Sevə bildiyin tərzdə sev! Bu sevgi varsa etiraf üçün hansı zamanı gözləyirsən? Sevdiyinin səndən üz çevirməsinə imkan vermə. O axı çox gözəldir…

04.02.12 – Muhəmməd (s.a.s)-in Mövludu gecəsi

Samirə Haşımzadə

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *