Mənim Mənlə dialoqu

Hələ də özümə hirsliyəm. Hələ də özümlə olan davam davam edir. Hələ də etdiklərimdən zaman-zaman narazı qalıram və yaxud da etmədiklərimdən. Hələ də özümü qınayıram “niyə dedin?”, “niyə demədin?”, “kaş edəydim” ya da “kaş etməzdim” deyə. Ya Mən səhv edirəm, ya da Mən səhv olanları istəyir. 

Mən – Gəl, gəl oturub söhbət edək. Münasibətlərimizi aydınlaşdıraq, Egom. Deyirlər heç bir insan həyatda tək deyil. Hər bir insanın mütləq yarısı var.

Ego – Doğrudur, təklik Allaha məxsusdur. Özümüzü dərk edəndən bir candayıq. Biz bir-birimiz üçün yarandıq, bir-birimizə məcburuq.

Mən – Məni heç tək qoymadın. Hər zaman yanımda oldun. Amma sən mənim etdiklərimlə razılaşmırsan.

Ego – Sən də mənim istədiklərimi etmirsən. Mənə qarşı gedirsən bəzən kimlərəsə görə.

Mən – Mən çox əziləndə sən məni daha güclü, qürurlu göstərirsən.

Ego – Mən yıxıldığımı heç kimə göstərə bilmərəm. Çox utanaram.

Mən – Nədən utanırsan? Yıxılan tək mənmiyəm?

Ego – Kimsənin məni zəif görməsinə, aciz bilməsinə dözə bilmərəm.

Mən – Mənim çılğınlığımı gizlədirsən. Mənim hayqırtılarımı susdurursan. Mənim üçün çox çətindi.

Ego – Bəs sən? Uşaq vaxtımızı yadına sal. Xoşuma gəlməyən biri olanda, onunla dava edirdin, küsürdün.

Mən – İndi isə yola verirəm. Sən də məni nə isə çox incidəndə, ağlayırdın.

Ego – İndi gülümsəyirəm. Göz yaşlarımı kimsə görməməli.

Mən – Sən mənim əsl istədiklərimi çox vaxt demirsən, ya da başqa cür deyirsən. Amma uşaq vaxtımızda məni dinləyirdin. Mən nəyisə əldə etmək istəyəndə, sən buna inanırdın. Mən israr edirdim, sən mənə dəstək olurdun. Indi mən istəyirəm, sən qorxudursan. Mən addım atıram, sən içimi şübhələrlə yeyirsən.

Ego – Mən özümü qorumağa çalışıram.

Mən – Sən özünü qorumursan, məni zəiflədirsən, cəsarətsiz edirsən. Hər çətin işin başlanğıcında bunun çox çətin olduğununu deyirsən, geri çəkilməyin isə daha asan olduğunu yadıma salırsan.

Ego – Amma çətindi axı. Əziyyət çəkmək istəmirəm.

Mən – Yalnız özünü düşünürsən – mən, mən, mən. Asanlıqla heç nə əldə olunmur. Mənə nə qədər mane olduğunun fərqində də deyilsən.

Ego – Mən huzur istəyirəm. Mane olmaq yox, məni ən yaxşı formada göstərmək istəyirəm.

Mən – İndi belə yazmaq istədiklərimin hamısını yazmağa imkan vermirsən. Dəftərlərin küncündə qalan yazılar hanı? Niyə yayımlamırsan? Niyə heç kimin oxumasını istəmirsən?

Ego – Olmaz! Onlar yalnız mənə məxsusdur. Mən daxili dünyamı hamıya göstərə bilmərəm.

Mən – Yaxın bir adam məndən uzaqlaşanda və ya dünyasını dəyişəndə çox əzab çəkirəm. Hətta bunu düşünmək belə bizə əzab verir. Bilirsən niyə?

Ego – Bu normaldı. Yəni o, dünyasını dəyişir. Yazıq əzab çəkdi deyə pis oluram.

Mən – Bu dünya heç kim üçün əbədi deyil. Hamı mütləq köçəcək. Hamı mütləq bizdən ayrılacaq. Sən özünə görə pis olursan. Onsuz nə edəcəksən? Sənin düşündüyün onsuz necə yaşayacağın, onun üçün çox darıxacağındır. Yenə də Mən, yenə də Mən!

Ego – Sən isə tez-tez özünü tapmağa çalışırsan. Həqiqət axtarırsan. Həqiqət mənəm.

Mən – Kimisə ilk dəfə görəndə tanımadan-bilmədən fikir yürütməyə çalışırsan. “Yaxşı adama oxşayır”, “Heç gözüm su içmir”. Bir adamı tanımadan-bilmədən necə qiymətləndirə bilirsən?

Ego – Guya illərlə tanıdığın adamların ayağından çəkdiyi az olub? Boynuna al, bu barədə hər zaman haqlı çıxıram. Məni dinləməlisən.

Mən – Yorulmuşam artıq, Egom. Biz bir cana məxsusuq. Biz həmişə bir yerdə olacağıq. Bir başda olan iki göz kimiyik. Göz iki olsa da, bir istiqamətə baxar, ayrı-ayrı yerlərə baxa bilməz.

Ego- Bu barədə razıyam səninlə. Hər ikimiz zaman-zaman haqlıyıq və yalnışıq.

Mən – Amma inanıram ki, razılığımız bu dialoqumuz bitənə kimidir. Bitən kimi yenə başlayacağıq çəkişmələrə.

Ego – Onsuz da yenə mən haqlıyam.

Mən – Ruhumuz da artıq bezib bizdən. Onu özümüzə məhkum etmişik.

Ego – Yox, o hələ ki, tam bezməyib. Bezəndə azadlığa uçacaq…

(c) Samira Haşımzadə

3 thoughts on “Mənim Mənlə dialoqu

  1. Duzu men Eqonu daha ustun tuturam. Cunki Men her zaman aglina ilk geleni etmeye calishir, amma Eqo tecrube sahibidi, olur olmazlari daha yaxshi bilir. Meni bashli bashina buraxmaq olmaz 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *