ADU-da boş saatlarımda

ADU -da boş saatımdı. Daha doğrusu boş deyil, ikinci 45 dəq.-yə gəlib çatmışam. Dərs Fonologiya ola, otaqda oturmağa stul olmaya, özü də Baloniya sisteminin Azərbaycanlılar üçün nəzərdə tutulmuş maddələrına əsasən müəllim mühazirə yazdıra. Qısası, dərsdə oturmağın mənası yoxdu. Yandakı balaca otaqda oturub dərsin qurtarmasnı gözləyirəm. Otağın pəncərələri dəniz istiqamətinə baxır. İçəri çox istidi, pəncərənin sınmış dəstəyindən tutub güc-bəla ilə pəncərəni açıram. Olduğum 5-ci mərtəbəyə qədər ucalan qurumuş ağaca əsəbləşirəm. Dənizi görməyə imkan verməyən uca binaya əsəbləşirəm. Telefonumda oxuyan Lara Fabianın səsini pozan maşın səslərinə, qarşımdakı köhnə, yanmış binaya əsəbləşirəm və sonda başa düşürəm ki, mənim əsəbim özüm-özümədi kimə və ya nəyə isə deyil. Aşağı yerə baxıram. Orda da iri hərflərlə SƏNİ SEVİRƏM yazılıb. Hər gün bu sözün üstündən keçirəm. Görəsən kimin üçün yazılıb? Özümdən belə bir nağıl quraşdırmışam. Yəqin hansısa oğlan dərsdə olan sevgilisiyçün yazıb. Sonra da qıza zəng vurub ki, pəncərədən aşağı baxsın. Özü də gülümsəyə-gülümsəyə dayanıb yazının yanında. Qız da yazıya baxandan sonra bütün qrup qızlarını yığıb başına, bir xeyli deyib-gülüblər. Qız çox xoşbəxt olub… Hə, inanıram, həmin gün hər ikisi xoşbəxt olub. Əslində bəlkə də sevirəm sözünü bir-birinə 100 dəfə deyiblər. Amma oğlan o gün 1 qəhrəmanlıq etmişdi. Bütün universitet artıq bu yazını görəcəkdi. Özü də illərlə görəcəkdi. Kimdi burda divarı ağardan, yerin yazısını yuyub-silən?

Qız da hər o yazının yanından keçəndə qürurlanacaqdı. Bəlkə də sonu ayrılıq olub. Bu zaman isə Səni Sevirəm ağır bir xatirə yükünə çevriləcək. Deyəsən çox fikirləşdim. Bayaqdan pəncərədən aşağı sallanıb baxıram. Biri qapını açsa bəlkə də elə biləcək ki, intihara hazırlaşıram. Görəsən intihar etməyə hazırlaşanlar hansı hissləri keçirir? -Boşluq? Mənasızlıq? Ümidsizlik? Hər bir şeyə, xüsusən də özünə qarşı əsəb? Nə olsun ki, mən də keçirdirəm bu hissləri? İntihar edim? – ABSURD! Keçirdiyim hisslərin məni üzdüyü bir zamanda mən onları sevindirməliyəm demək? Onsuz da günah bu boş- mənasız həyatda doluluq axtarandadı. Zəng də vuruldu. Dərs qurtardı. Başa düşdüm ki, mənasız da olsa yaxşısı elə dərsdə oturmağım olardı. Heç olmasa tək qalıb, belə boş düşüncələrə qapılmazdım.

Samirə Haşımzadə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *