Gözəllik harda gizlənib?

Günlərin bir günü iki  dənizçi öz qismətini axtarmaq üçün dünya səyahətinə çıxır. Onlar üzərək bir adaya gəlirlər. Burada qəbilə başçısının 2 qızı var idi. Böyük qız – dünya gözəli idi, kiçik qız isə elə də gözəl deyildi.

Dənizçilərdən biri öz dostuna dedi:

–          Mən öz xoşbəxtliyimi tapmışam. Burada qalıb qəbilə başçısının qızı ilə evlənirəm.

–          Hə, düz deyirsən. Böyük qız həqiqətən də çox gözəldir, çox ağıllıdır. Sən doğru seçim etmisən.

–          Əziz dostum, sən məni düz başa düşmədin. Mən başçının kiçik qızı ilə evlənirəm.

–          Ağlını itirmisən? O axı … belə də.

–          Bu mənim qərarımdır. Və mən bunu edəcəm.

Beləliklə, dostu yoluna davam edərək üzüb gedir, digəri də elçi daşının üstünə oturur. Demək, qəbilədə belə qayda-qanun var idi ki, başlıq olaraq qızın əvəzində atasına inək verirdilər. Yaxşı gəlinin dəyəri 10 baş inək idi. Dənizçi də 10 baş inək gətirərək, qəbilə başçısının yanına gəlir.

–          Əfəndim, mən sənin qızınla evlənmək istəyirəm və ona görə baş inək verirəm.

–          Bu, yaxşı seçimdir. Mənim böyük qızım çox gözəldi, ağıllıdı və o, 10 baş inəyə dəyər. Mən razıyam.

–          Yox, əfəndim, sən məni düz başa düşmədin. Mən sənin kiçik qızınla evlənmək istəyirəm.

–          Sən zarafat edirsən? Görmürsən?  O axı…. elə də…

–          Mən məhz onunla evlənmək istəyirəm.

–          Yaxşı. Amma bir dürüst adam kimi mən səndən 10 baş inək götürə bilmərəm. Kiçik qızım buna layiq deyil. Mən ona görə səndən üç baş inək alaram.

–          Yox, mən sənin qızına görə məhz on baş inək vermək istəyirəm.

Başçı artıq bir söz söyləməyərək razılaşır. Onlar evlənirlər. Bir neçə il keçdikdən sonra digər dənizçi dost artıq öz gəmisində adaya köhnə dostunu yoluxmağa gəlir. O, üzərək sahilə çatır, orada qarşısına dünya gözəli bir qadın çıxır. Dənizçi ondan dostunun yerini soruşur. O, da evin istiqamətini göstərir. Dostugilə gəlib əyləşir, hal-əhval tuturlar, ətrafda uşaqları ora-bura qaçır. Elə bu vaxt həmin gözəl xanım içəri daxil olur.

–          Tanış olun, bu mənim həyat yoldaşımdır.

–          Necə? Sən məgər yenidən evləndin?

–          Yox, bu, həmin qızdır.

–          O, necə olub ki, bu qədər dəyişib?

–          Bunu onun özündən soruş.

Dostu xanıma yaxınlaşır və soruşur:

–          Narahatlığa görə üzr istəyirəm. Necə oldu ki, siz belə gözəl oldunuz?

–          Sadəcə mən bir gün başa düşdüm ki, 10 baş inəyə dəyərəm…

Tərcümə etdi: Haşımzadə Samirə

One thought on “Gözəllik harda gizlənib?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *