Qar çiçəyim

Əfsanə var ki, Adəm və Həvva Ədn cənnətindən qovulduqdan sonra Həvva ümidsizcə, tək-tənha dizlərini qucaqlayaraq dünyanın bir küncündə oturub ağlayırmış. Həm Allahın bol nemətləriylə dolu qayğısız yaşadığı gözəl məkanından qovulmuş, həm sevgilisindən ayrı düşmüş, həm də qışın şaxtası uzandıqca uzanır, bitmək bilmirdi.  Onun artıq heç bir bağışlanmağa və ya sevgilisinə qovuşmağa gümanı yox idi. Soyuq qışın onları beləcə məhv edəcəyini düşünürdü. Bu zaman bir mələk peyda olur. O, Həvvanı sakitləşdirərək qar dənələrini əlinə alır və onlara üfürərək ağappaq çiçəklər yaradır. Qarın altından baş qaldıran çiçəklər Həvvanın ümid gülləri olur…

Bir dağ başında, soyuq fevral ayında heç kimin gözləmədiyi bir zamanda qarlara, qışa üsyan edərək torpaqdan baş qaldıran ümid gülümsən – qar çiçəyim. Səni hər kəs sevə bilməz. Çünki səni sevmək cəsarət istər. Eləcə uzaqdan, əlçatmazca sevməyi bacaranların cəsarətini. Çünki sən çox qürurlusan və əlçatmazsan. Həyat yolunda fırtınalar, soyuqlar varkən, günəş belə uzaqdan naz edərkən, yenə də dirənmək, bütün maneələrə gülümsəyərək öz gözəlliyini saçmaq, yenə qalib gəlmək üçün ancaq sənin qədər cəsarətli, sənin qədər üsyankar olmaq gərək. Bütün çiçəklər yazı seçərkən, sən çətin olanı seçirsən. Ona görə yox ki, qışı sevirsən. Sən günəşi qaranlıqlardan tələb edirsən, qış ilə öz azadlığını, baharını istəyən inqilabçı kimi mübarizə aparırsan. Sən baharın elçisisən.

Həvvanın illərlə tənha həyatına doğan bahar nəfəsi, ürəyinin soyuqluğundan əlləri də bumbuz olmuş birinin yalnızlığına açan sevgi çiçəyisən sən. Qar çiçəyim, sən hər kəsin söyləyə bilmədiyi, lakin qəlbinin dərinliyində bəslədiyi, həyatının fırtınasına, qarına-boranına baxmayaraq, birdən-birə baş qaldıracağını səbrsizliklə gözlədiyi ümid çiçəyisən. Bilirəm bir gün mənim də yatmış ümidlərim sənin kimi üsyan edərək qarların altından başını qaldıracaq öz günəşinə doğru, qar çiçəyim. Baharı gətirəcək həyatıma, soyuğu son damlasına qədər məhv edəcəksən. Bütün çiçəklərdən, bütün yaşıllıqlardan daha tez müjdələyəcəksən məni öz varlığınla…

Her çiçeğin kar altından

Güneşe giden masalında

Yaşamak yeniden tazelenir

Yeniden anlamlanır

Işığa uzanırken kardelen

Kış rüyasından

Ümidin mucizesiyle

Sevince uyanır…

Samirə Haşımzadə

28.04.12

2 thoughts on “Qar çiçəyim

Leave a Reply

Your email address will not be published. Required fields are marked *