Stop Kadr!

Suya həyat deyirlər. Amma elə həyat da su kimidir. Bəzən barmaqlarının arasından axır, bəzən isə donur. Axan həyat bizim ən çox tutub saxlamaq istədiyimiz anlarda, donan isə həmin o saxlamaq istədiyimiz anları gözlədiyimiz zamandadır. Bu donun açılması üçün günəşi gözləməkdən başqa bir çarə olmur. Günəşi gözləyə-gözləyə bəzən aylarla, illərlə, dilindən duaların düşmədən, əllərin göydən, alnın səcdədən çəkilmədən həyatını dondurursan. Bu donmuş həyatın mütləq bir gün günəşin saçacağına ümidi var. Amma həm də üzülürsən, düşünəndə ki, o illərdir ki, gözlədiyin an gələcək və keçəcək. Günəşin çıxdığı anı yaşadığın zamanda bir fotoqraf, ya da kameraman olsun yanında istəyirsən. Yaddaşından onsuz da silinməyəcək məhz bu anı saxlasın sənin üçün. Gözlərindəki parıltını, üzündəki gülüşü, ürəyindəki döyüntünü, gözlərindən suya çevrilərək axan həsrəti çəksin anbaan. Ya da Stop Kadr etsin. O kadrı illərlə dondursun. Bu an heç bitməsin. Ta ki, sən ondan doyana qədər…

dancing-in-the-rain

Samirə Haşımzadə