Zindan

Yenə günəşin qürubunu seyr edirdi. Arxada buraxdığı laqeydliklərlə dolu daha bir gün. İşinə qarşı laqeydlik, dərsinə qarşı laqeydlik, sevdiklərinə qarşı laqeydlik,… Allaha qarşı laqeydlik! Getdikcə daha çox məsumluqdan, insanlıqdan uzaqlaşan həyat. Heyvanlaşan, robotlaşan həyata doğru hisslərinlə, işlərinlə, düşüncələrinlə daha bir addım.

Qul olmaq asan iş deyil. Çox çətindi ruhunu qul kimi bədən qəfəsində sıxıb gündə 100 cür işgəncələr vermək; beyinin, hisslərin diktə etdiyini hər saniyə yaşamaq; həyat çərçivəsinin diktə etdiyi işlərlə hər gün çarpışmaq. Hər gün qollarındakı zəncirlərlə işə getmək, zaman, saat zənciri ilə çarmıxa çəkilmək, beyindəki zəncirlərlə “olar”ları və “olmaz”ları təyin etmək, aksiomlarla düşünmək və hər gün “yaşamaq”.Azad olmaq üçün bədəndə hər gün çırpınmaq, zamanı iplə çəkib hər gün bir gün daha qocalan cismə baxıb ümidlə gülümsəmək – azad olmaq ümidiylə. Cismə daxil olduğu bütün bu illəri danışmaq və eşidilmək haqqı olmadan hər gün bu bədəni daşımaq-daşımaq… Onun vurduğu bütün zərbələrə, açdığı bütün yaralara başını aşağı salıb Allahdan mədəd umaraq yalnızca dözmək.  Heç olmasa müvəqqəti azadlıq anını gündə bir dəfə də olsa yaşaya bilmə imkanıdır onu məhv etməyən – Yuxu zamanı! Quş kimi pərvazlanıb sahibinin əlindən bir neçə saatlıq da olsa qurtulma imkanı. Bu yuxu da reklam kimidir, hansısa filmin reklamı. Daha dəqiq, “Azadlıq” və ya “Əbədiyyət” filminin reklamı. Nə gözəl filmdir, ya Rəbb! Heç bir yük yox, heç bir beyin, ürək yox, zamansız və məkansız bir azadlıq var yalnızca. Amma bu reklam xarakterli yuxu da həmişə ruhun istədiyi kimi olmur. Bəzən təqib edirlər, boğurlar bu ruhu yuxuda, məcbur edirlər həyat zindanına qayıtmağa.  Yenə hamısı təhkim olunduğu cisminin günahıdı. Onun törətdiyi əməllərin nəticəsidir belə reklamlar. Bu reklam elə göstəriləcək filmin necə olacağından xəbər verir. Uzun müddət zindanda məhbus ol, azadlığın sevincini, xoşbəxtliyini dadmamış yenə bu cismin törətdikləri ucbatından cəhənnəmdə işgəncə çək. Ya Rəbb, özün kömək ol, mənə rəhmin gəlsin. Məhkum etdiyin cismimə izn vermə ki, məni fəlakətə sürükləsin.

Artıq günəş batmış, onunsa gözləri yuxuyçun (müvəqqəti azadlıq üçün) süzülürdü. Bu gün də belə getdi, laqeydcəsinə, günahkarcasına… Səni günahlar cismimdə qul etdiyim üçün bağışla məni, ruhum!

Samirə Haşımzadə

2 thoughts on “Zindan

  1. AFERIN! Kash ki,her kes ruhuna verdiyi ishgenceleri anlayardi…Sehvleri cozmek ve gunahlari anlamaq,demir barmaqlar arasinda qalan ruha azadliq umudu verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *