Əcdadların səsi

fire-heartTez-tez yuxularıma Abbas Mirzə və Mir Cəfər Bağırov gəlir. Çox narahat görürəm onları. Mənə narazı-narazı, incimiş kimi baxırlar. Soruşuram babalarımdan ki, nə olub axı sizə? Niyə incimisiniz məndən? Mən sizə nə etmişəm? Cavab vermirlər, üzlərini çevirirlər. Dünən yenə gəlmişdilər. Amma yenə də mənimlə danışmaq istəmirdilər. Axır, yalvar-yaxar elədim ki, nə olar mənə cavab verin. Günahımı deyin mənə. Məndən inciməyinizin, küsməyinizin səbəbini deyin. Ağızlarını açan kimi ağızlarından od tökülməyə başladı. Qorxub kənara çəkildim. İstehzaynan gülümsəyib dedilər ki, bu, əsrlərdir bizim içimizi, ürəyimizi yandırıb-yaxan oddur. Əgər inciməyimizin səbəbini bilmək, bizim övladlarımızdan olan narazılığımızı eşitmək istəyirsənsə qorxma bu oddan. Bu reallıqdır. Bizim və sizin hər gün yaşadığımız reallıq. Yaxın gəl və eşit. Bu reallıq elə bir alovdur ki, insanı yandırıb-yandırıb bitirməz. Qurtula bilməzsən bu əzablardan, elə hey yanarsan. Yox, əgər  qorxursansa, qaç get! Yum gözlərini, tut qulaqlarını, bağla ürəyini, öz bər-bəzəkli, xəyal dünyanda yaşamağına davam et. Bizi içdən yaxan bu alovun bir saniyəsinə tab gətirmədin. Bizim əsrlərdir yaşadıqlarımızı eşitsən külün göyə sovrular. Biz dünyada bu od-alovla çarpışmışıq, dünyamızı dəyişmişik də sizin kimi nankor nəvələr içimizi yaxır. Amma bir gün gələcək, sən də əbədi həyata köçəndə yanacaqsan alovlarda. Hamınız yanacaqsız!

Ölmək-ölməkdir, ta xırıldamaq nə deməkdir fikirləşərək, özümü toparlayıb yaxına getdim.

Mən:  Əgər onsuz da bir gün yanacağamsa, indi deyin həqiqətləri, heç olmasa səbəbini bilim.

Onlar: Biz bu vətən, bu torpaq, buranın insanları uğrunda canımızı, ürəyimizi qoyduq. Bu vətənin hər qarış torpağı üçün həyatımızı fəda etdik. Amma elə bu torpaqda, elə bu insanlar haqqımızı tapdaladı.

Abbas Mirzə: Mən türk soyundan olan Qacar şahzadəsi idim. Babam türk oğlu türk Ağa Məhəmməd şah Əfşarlar dövlətinin süqutundan istifadə edib fars dövləti yaratmaq istəyən Kərim xan Zənddən bu torpaqları alıb Qacariyyə dövləti yaratdı. Qacariyyəmin sərhədləri Fars körfəzindən düz Dərbəndə, Tiflisdən, Qara dənizdən Əfqanlara qədər idi. Lakin elə bir dövr gəldi ki, ingilislər cənubdan müsəlman torpaqlarını işğal edərək güclənirdi, ruslar da şimaldan müsəlman torpaqlarını işğal edə-edə üstümüzə gəlirdilər. Bu dövr onların gücləndiyi, bizim isə zəiflədiyimiz dövrə təsadüf etmişdi. Ruslarla müharibədə onlar daha güclü idi, məğlub olub torpaqların bir hissəsini itirdim. Bu torpaqlar canımdan, ürəyimdən bir parça idi. Onu qopardıb məndən aldılar. Bu millət isə məni fars edir, xain edir, deyir ki, Azərbaycan Gülüstanda (1813), Türkmənçayda (1828) İran və Rusiya arasında bölündü. Mən vahid Qacariyyə dövlətinin şahzadəsi olmuşam. Heç o zaman İran adı var idimi?! Hansı bölünməkdən söhbət aparırsız, ey bədbəxt övladlarım? Heç bir bölünmə olmayıb axı! Mən öz canımı necə bölə bilərəm?! Bütün gücü ilə vuruşub məğlub olmaq xain olmaq demək deyil! Siz hələ mən edənləri edin! 140 min kvadrat kilometr torpaqdan cəmi 60 min əlinizdə torpaq qalıb. Hanı 80 min? Cavabını verin!

Mir Cəfər Bağırov: Bu millət nəyi bilir ki? Məni xain kimi edam etmədilərmi? Dünyamı dəyişmişəm, hələ də xain demirlərmi? Mən Azərbaycan xalqının bütövlükdə bu torpaqlardan sürgün olunmasının qarşısını aldım. İndi Allah bilir pərən-pərən olub hansı çöllərdə yaşayırdız.  Mən öz zamanımda Dağlıq Qarabağın ermənilərə verilməsinin qarşısını aldım. Hanı Dağlıq Qarabağ? Niyə qoruya bilmədiniz? Azərbaycan faktik ermənilərin əlində idi. Az qala azərbaycanlı əsgərlər kütləvi şəkildə öldürülürdü. Mən Stalindən razılıq alaraq milli diviziyalar yaradıb, bu qırğınların qarşısını aldım. Bu millətə xidmət deyilmi? Millət, vətən xaini bunları edərdimi? Məni qarşısını ala bilmədiyim repressiyalarda günahlandırırsınız. SSRİ-nin başında duranlar məndən soruşmuşdu məgər kim güllələnəcək, kim yox? Mənim Üzeyir bəy kimi, Mikayıl Rəfili kimi güllələnmədən xilas etdiyim ziyalılar da olmuşdu axı. Mənim hamını qorumağa sadəcə gücüm çatmadı. Gücü yetməyən işdən insan günahkardırmı? Axı mən insan idim, Allah yox!

Abbas Mirzə, Mir Cəfər Bağırov: Sonra deyirsiz başımıza günahsız yerə bu qədər müsibətlər gəlir. Tarixi saxtalaşdırmısız! Günahınız var! Sizə bu da azdır! Bizim haqqımızı tapdalamısınız!

Başımı qaldırıb alovun hər tərəfi sardığını görürəm. Hıçqırıqlar içində boğularaq güclə səsimi çıxarda bildim:

Mən: Axı bizim günahımız nədir? Tarixi axı biz yazmamışıq. Biz oxuduğumuza inanmışıq. Bizə ömür boyu nə öyrədilibsə, onu bilirik.

Abbas Mirzə, Mir Cəfər Bağırov: Düşmənlərlə ən çox vuruşan biz olmuşuq. Buna görə də biz sizin gözünüzdə düşmən olmuşuq. Çünki düşmənlərimiz təbliğatları ilə bu düşüncələri sizin beyninizə yeridiblər. Siz isə həzm etmisiniz bu yalanları. Deyirsiniz müstəqil dövlətik, müstəqil insanlarıq artıq. Amma eyni düşüncədəsiniz. Bizim haqqımız.. Bizim haqqımız…

– Bir şans daha verin bizə, nə olar.  Biz sizin övladlarınızıq. Siz böyüksünüz, siz başçısınız. Yol göstərin. Yalvarıram!

– Oxuduqlarınız bizi yalnış göstərirsə, bizi xain edirsə, oxumadığınızı oxuyacaqsınız. Düşmənlərin işinə yarayan tarix səni babalarından utandırırsa, tarixi bir də araşdıracaqsınız, özünüz yazacaqsınız. Bizim halal olan haqqımızı verəcəksiniz. Biz ancaq sizi bu halda əhv edərik. Bu alovlar ancaq o zaman sakitləşər.

– Söz verirəm, söz verirəm sizə! Allah nə qədər güc, nə qədər zaman versə, əlimdən gələni edəcəyəm.

Qan-tər içində yuxudan ayıldım. Artıq onlar mənim yanımda yox idi. Lakin ətrafdakı alovlar sönməmişdi. Anladım! O alovun bir parçası da mənim ürəyimə düşmüşdü…

(c) Samirə Haşımzadə

One thought on “Əcdadların səsi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *