O dünyaya məktub

Əzizim!

Məzarının önündəyəm, mənim o biri dünyaya köçüb getmiş əzizlərimndən ən əzizi. Burda rahatlıq var, burda səssizlik var, bura bütün dünya işlərinin unudulduğu yerdir. Sən də hər şeyi birdəfəlik unudub əbədi həyata köçmüsən. Bizi qoyub getdiyin vaxtdan düz 10 il keçir. Həmişə məni kiməsə təqdim edəndə fərəhlə deyirdin ki, “oğlan nəvəmdi” (yəni oğlumun övladı), “nəvələrimin içində məni ən çox istəyən budur”. Mən də gülümsəyirdim. Ürəyimdə isə fikirləşirdim ki, yazıq nənə elə bilir ən çox onu istəyirəm. Bilmir ki, babanı ondan çox istəmişəm. Amma sən bunları məndən daha yaxşı bilirmişsən. Gedib uşaqlarla oynamaq əvəzinə səni qucaqlayıb oturmağımdan, harda olsa sənin əllərini tutub dayanmağımdan anlayırdın nə qədər sevdiyimi. Sevgi bizim dediklərimiz deyil, heç düşündüklərimiz də deyil. İnsana münasibət onun davranışlarından bəllidir. Sən gedəndən sonra səni nə qədər sevdiyimi anladım. Amma gec idi, həmişəki kimi. İndi də baş daşına başımı söykəyib oturmuşam. Həmişə deyirdin ki, insan ürəkdən ağlayanda sol gözündən daha çox yaş gəlir. 10 il öncə də belə oldu. Elə indi olduğu kimi sol gözümdən sakitcə bir neçə damcı yaş gəldi. Və düşündüm ki, demək artıq zamanın yetişib. Bütün dünyasını dəyişənlər üçün bunu düşünürəm. Əslində zamansız, vaxtsız  köçmək yoxdur. Sadəcə, hər kəsin öz zamanı var. Evdə hamı bu sakitliyimə qəribə baxdı. Elə bildilər ki, şokdayam. Mən amma normal idim, həmişə olduğumdan daha çox özümdə idim. İnsanlar eqoistdir. Heç kim düşünmür ki, dünyasını dəyişən o biri tərəfə necə keçəcək, haqq-hesabı necə olacaq. İnsanlar öz hayına ağlayır. Mən onsuz nə edəcəm. Hər zaman məni düşünürük. Elə mən də eqoistəm. Səbrli eqoistlərdən. Həyat nə olur-olsun davam edir. Heç kim heç kim üçün ölmür. Zaman keçir gülürsən də, əylənirsən də. Hərdən yadına düşəndə üzülürsən ən sevdiyin insan üçün. Mənim ağlamağım sənin ölümün üçün deyil. Səni uzun müddət görə bilməyəcəyim, səndən ötrü darıxdığım üçündür. Nə bilim, bəlkə də, müddətim uzun qalmıyıb. Deyirlər, insan o biri tərəfdə öz sevdiyi insanlarla birlikdə olur. Bax buna çox sevinirəm.

Sən həmişə mənim mələyim olmusan. İndi də qoruyucu mələyimsən. Bəlkə də belə deyil. Amma mən bütün sevincli və kədərli anlarımda gözlərimi yumub səni yanımda hiss edirəm. Sənə oxşayan, hətta mənə ən zərər verən xüsusiyyətimi belə sevirəm – Arxayınlıq! Həmişə arxayınam ki, düzələcək, yaxşı olacaq, ya da olmayacaq. Neyniyim, olmasın. Bu, mənə çox ziyan vurur. Anam demişkən – Arxayın övladısan. Narahat olmursan. Dünya dağılsın, sən öz işindəsən. Hə, belədi. Dünya-aləm vecimə deyil. Guya dünya nədir ki, vecimə də olsun. Bütün mələklərə, eləcə də şeytana səcdə edilməsi əmr olunan, bütün yaradılmışlardan ən üstünü olan insanın dünya əlbəttə ki, vecinə olmamalıdı.

Sən heç kimə əziyyət verməyi xoşlamırdın. Ən xırda işləri də özün görürdün ki, heç kimdən heç nə istəməyəsən. Amma başqasına xoş olsun deyə öz əziyyətinə razı olurdun. Bilirsən, nənə, indi belə altruist insanlar yoxdu qoyub getdiyin dünyada. Hamımız zamanın övladlarıyıq. Getdikcə daha çox çirkinləşirik, öyrəndikdə daha çox sərtləşirik. Sənin kimi mələk doğulub, mələk olaraq da köçən insanlar tanımıram artıq. Adətən insanlar dünyasını dəyişəndə halallıq istəyirlər qoyub getdiklərindən. Əslində biz halallıq istəməliyik bizi tərk edənlərdən. Haqqım olmasa da, sevgimi sənə halal edirəm əzizim. Sən də mənə halal et bütün haqlarını. Səninlə həmişə qürur duymuşam.  Allah günahlarını bağışlasın və sənə rəhmət eləsin.

İmza: Səni ən çox sevən nəvən…

PS. Həmişə sənə oxşamaq istəsəm də, çox oxşarlığımız yoxdu. Amma son vaxtlarda çəkdirdiyim bu şəkildə özümü sənə çox oxşatdım.

539828_10200852720350280_1081960975_n

One thought on “O dünyaya məktub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *