Mədəniyyətlərarası ünsiyyət (Araşdırma)

intercultural-communicationMüasir dövrdə müxtəlif mədəniyyətlərə aid olan insanlar günü-gündən daha çox əlaqələr qururlar. Müxtəlif dillərdə danışmaq mədəniyyətlərarası ünsiyyət üçün maneədir, müxtəlif mədəniyyətlərdə “danışmaq” isə daha böyük maneədir. Baxmayaraq ki, biz xarici dildə sözləri, qrammatik qaydaları öyrənə bilirik, müxtəlif mədəniyyətlərin ünsiyyəti prosesində böyük maneələr yaranır. Ünsiyyət üzrə mütəxəssislər bizim ünsiyyətimizin ¾ hissəsinin qeyri-verbal davranışlarımız vasitəsilə həyata keçdiyini bildirirlər. Mədəniyyətimiz doğuluşdan bütün ömrümüz boyunca bizimlə addımlayır. Hansı jestlərin qəbul olunan, hansıların qəbul olunmaz olduğu, alınan hədiyyəni insanlar arasında açıb-açmamaq, süfrə arxasında davranış qaydaları, insanlarla söhbət zamanı arada olan məsafə və s. insanların daşıyıcısı olduğu mədəniyyətlərə görə dəyişir. Məsələn, Yaponiya və Meksikada “yox” cavabı vermək nəzakətsiz hesab olunur. Bu mədəniyyətlərdə “ola bilər” və ya “çalışaram” ifadələri “yox” anlamını verir. Lakin ABŞ, Almaniya kimi mədəniyyətlərdən olan insanlar üçün bu ifadələr “yox” anlamını vermir. Onlar fikirlərini birbaşa sözlərin verdiyi mənaya yönəldirlər.
Amerikalı antropoloq Edvard Holun fikrincə, mədəniyyət ünsiyyət, ünsiyyət də mədəniyyətdir. O, öz araşdırmalarında göstərir ki, ABŞ-da bir kişi tanımadığı digər kişi ilə söhbət edərkən aralarındakı məsafə təqribən 0.5 metr olur. Əgər kişi tanımadığı qadınla söhbət edirsə, bu məsafə bir az da artır. Kişilərin arasındakı çox yaxın məsafə aralarındakı aqressivliyə işarədir. Lakin Latın Amerikası və Orta Şərq ölkələrində insanların çox yaxın məsafədə söhbət etməsi daha rahat hesab olunur.
Zaman anlayışı müxtəlif mədəniyyətlərdə müxtəlif əhəmiyyətə malikdir. Orta Şərq ölkələrində uzun müddət əvvəlcədən görüş təyin etmək əhəmiyyətsiz hesab olunur, lakin əvvəlcədən planlarını qurmaq, görüşləri uzun müddət əvvəlcədən təyin etmək Amerikalılar üçün çox vacibdir. Çünki onlar vaxtın dəqiqliyinə, zaman itkisinin olmamasına qarşı çox həssasdırlar.
Diplomatik və ya iş görüşmələri zamanı yaponlarla amerikalıların bir-birindən narazı qaldıqlarını, ortaq bir rəyə gələ bilmədiklərini və ortaq işlərinin alınmadığı kimi misallar çoxluq təşkil edir. Bu, onların mədəniyyətlərindəki fərqlərlə bağlıdır. Məsələn, iş sövdələşməsi zamanı amerikalılar görüş başlayan andan birbaşa mətləbə keçərək işlərindən danışmağa başlayırlar. Belə davranış yaponlara görə nəzakətsizlikdir. Yaponlar danışıqlar zamanı əsas məsələyə keçməzdən əvvəl “havadan-sudan”, ümumi vəziyyətdən danışmağı üstün tuturlar. Onlara görə birbaşa mətləbə keçmək mədəniyyətsizlikdir. Amerikalılar üçün isə yaponların nəzakət hesab etdiyi mədəniyyətləri sadəcə boşuna zaman itkisidir. Digər bir misalda meksikalı tədqiqatçı Treysi Novinger göstərir ki, ilk dəfə ABŞ-dan Tokiyoya iş görüşməsinə gələn Anni Nimosu hava limanında qarşılayırlar. Ona təzim etdikdən sonra bu sözləri deyirlər, “Salam. Tokiyoya xoş gəlmisiniz. Sizin neçə yaşınız var?” Bir anlıq nə cavab verəcəyini bilməyən xanım Nimos pərt olmuş vəziyyətdə nəhayət yaşını deyir. Yaponiyalı müsahibi isə razı halda başını tərpədir. Qərb ölkələrində tanımadığın qadından yaşını soruşmaq böyük mədəniyyətsizlikdir. Yaponiyalılar üçün isə insanın yaşını bilmək çox əhəmiyyətlidir. Bununla onlar qarşısındakı insana necə müraciət edəcəklərini, necə davranacaqlarını bilirlər. Amerikalılar bazarda qiyməti aşağı salmağa çalışan insanlara yuxarıdan aşağı baxırlar. Ərəb ölkələrində isə bazarda alıcı ilə satıcı arasında qiymət sövdələşməsi aparmaq ən normal haldır və sövdələşmə etməyən insana hətta öz mallarını satmaq da istəməzlər. Ərəblər üçün sövdələşmək həm vaxt keçirmək, həm də insanlarla ünsiyyət qurmaq anlamına gəlir.
Müxtəlif dillərdə müəyyən kateqoriyalara aid sözlər tərcümədə eyni mənanı versə də anlam baxımından fərqlənirlər. Ilk dəfə bu elmi klassifikasiyanı Frans Boas təqdim etmişdir. Bizim dilimizdə, eləcə də bir sıra dillərdə “qar” anlayışını bildirmək üçün cəmi bir sözdən istifadə olunur. Lakin Eskimolara görə qarın müxtəlif vəziyyətlərini ifadə etmək üçün 50 söz var. Onlara görə donmuş qar, yavaşca yerə düşən qar, üstündə xizək sürülməsi rahat olan qar və s.fərqlidir. Bu o deməkdir ki, Eskimolar üçün qar anlayışı bizim qar anlayışımızdan fərqlidir.
Baxmayaraq ki, qərblilər 13 rəqəmini sevmirlər, onlar üçün bir rəqəmin digərindən elə bir üstünlüyü yoxdur. Lakin yaponlara görə rəqəmlərin bəxtəvərlik, zənginlik, iflas və ölüm anlamları var. Bu da çox vaxt rəqəmlərin dildə işlənən sözlərə oxşarlığı ilə əlaqədar olur. Belə ki, 4 rəqəmi ölüm sözü kimi, 9 rəqəmi isə əziyyət sözü kimi tələffüz olunduğundan, onlar uğursuz rəqəmlər hesab olunur. Hətta Yaponiyanın bəzi xəstəxanalarında və otellərində 4, 9 nömrəli mərtəbə və otaq olmur.
Fərqli mədəniyyətlərdən olan insanlarla müvəffəqiyyətli ünsiyyət qurmaq üçün təkcə onların dillərini öyrənmək kifayət etmir. Mədəniyyətlərarası ünsiyyət zamanı bir-birlərinin dillərini başa düşmələrinə baxmayaraq, onlar bir-birinin davranışlarını başa düşmür və günahlandırmağa başlayırlar. Hər hansı sözü və ya ifadəni işlətmək utanc gətirə bilər, ünsiyyətdə olduğunuz insanın yazılmamış mədəniyyət qaydalarını pozar, bu da xoşagəlməz hallarla nəticələnə bilər. Fərqli mədəniyyətlərdən olan insanların bizim davranışlarımızı necə başa düşdüyünü bilmək çox vacibdir. Bir ölkənin dilini, tarixini, adət-ənənələrini öyrənmək sadəcə ilk addımdır. Bunlarla bərabər, ölkənin qeyri-verbal dilini də öyrənmək olduqca əhəmiyyətlidir.

Ədəbiyyat

The Silent Language, Edward T.Hall, 1981.
Intercultural communication, Tracy Novinger, 2001
Language and Culture, Claire Kramsch, 2003
www.washingtonpost.com

Samirə Haşımzadə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *