Qulaq falı

10009904_10203268902433322_618030707_nNovruzun axır çərşənbəsiydi. Bu axır çərşənbədə Nərgiz xalasıgilə qonaq gəlmişdi. Xalası qızları kənddəki digər qızlar kimi bir-birinə qoşulub müxtəlif fallara baxırdılar. Kimisi duzlu qoğal yeyib yatacaqdı ki, sevgilisini yuxuda görsün, kimisi üzüyü suya salıb neçə dəfə tərpəndiyini sayırdı, kimisi də ayaqqabısını qapıya tərəf atıb ürəyində arzulayırdı ki, ayaqqabının burnu qapıya tərəf düşsün, bəlkə bu il ərə gedə. Bəziləri də tək-tək, cüt-cüt qulaq falına çıxmışdılar. Nərgiz isə Novruz fallarını çox vaxt etməzdi. Bu fallara inanan digər qızlara istehza edir, insan taleyinin bu fallardan asılı olmadığını bilirdi. Əslinə baxanda isə Nərgizin bu davranışlarının ardında inamsızlıqdan daha çox başqa bir şey gizlənmişdi. Bu gizlin dediyimiz isə kənd qadınlarının çoxuna bəlli idi. Nərgizin elçi daşında çox adamlar oturmuşdu, o isə heç kimə ərə getmirdi. Heç bu barədə düşünmürdü də. Dünyada milyonlarla insanı gözüyaşlı qoyan qanlı müharibə onun da bir parçasını əlindən almışdı. Daha doğrusu bir parçasını yox, yarısını əlindən almışdı. Artıq 10 il keçməsinə baxmayaraq, sevdiyindən nə xəbər var idi, nə də ətər. Bəlkə ölmüşdü, bəlkə əsir düşmüşdü, bəlkə.. Bu bəlkələrin hamısını yuxularında görürdü, yaxınlarının ona bu sevdadan əl çəkməsi üçün demədikləri söz qalmamışdı, amma o, yenə də inamını itirmirdi. Bir gün sevdiyi mütləq gəlməli idi.

Qonşu qızın nişan üzüyünü suya salladan xalası qızları kənardan dayanıb onlara narazılıqla baxan Nərgizi də öz tərəflərinə çəkməyə çalışdılar. (more…)