Qulaq falı

10009904_10203268902433322_618030707_nNovruzun axır çərşənbəsiydi. Bu axır çərşənbədə Nərgiz xalasıgilə qonaq gəlmişdi. Xalası qızları kənddəki digər qızlar kimi bir-birinə qoşulub müxtəlif fallara baxırdılar. Kimisi duzlu qoğal yeyib yatacaqdı ki, sevgilisini yuxuda görsün, kimisi üzüyü suya salıb neçə dəfə tərpəndiyini sayırdı, kimisi də ayaqqabısını qapıya tərəf atıb ürəyində arzulayırdı ki, ayaqqabının burnu qapıya tərəf düşsün, bəlkə bu il ərə gedə. Bəziləri də tək-tək, cüt-cüt qulaq falına çıxmışdılar. Nərgiz isə Novruz fallarını çox vaxt etməzdi. Bu fallara inanan digər qızlara istehza edir, insan taleyinin bu fallardan asılı olmadığını bilirdi. Əslinə baxanda isə Nərgizin bu davranışlarının ardında inamsızlıqdan daha çox başqa bir şey gizlənmişdi. Bu gizlin dediyimiz isə kənd qadınlarının çoxuna bəlli idi. Nərgizin elçi daşında çox adamlar oturmuşdu, o isə heç kimə ərə getmirdi. Heç bu barədə düşünmürdü də. Dünyada milyonlarla insanı gözüyaşlı qoyan qanlı müharibə onun da bir parçasını əlindən almışdı. Daha doğrusu bir parçasını yox, yarısını əlindən almışdı. Artıq 10 il keçməsinə baxmayaraq, sevdiyindən nə xəbər var idi, nə də ətər. Bəlkə ölmüşdü, bəlkə əsir düşmüşdü, bəlkə.. Bu bəlkələrin hamısını yuxularında görürdü, yaxınlarının ona bu sevdadan əl çəkməsi üçün demədikləri söz qalmamışdı, amma o, yenə də inamını itirmirdi. Bir gün sevdiyi mütləq gəlməli idi.

Qonşu qızın nişan üzüyünü suya salladan xalası qızları kənardan dayanıb onlara narazılıqla baxan Nərgizi də öz tərəflərinə çəkməyə çalışdılar.–          Gəl, sən də bizimlə qulaq falına gedək. Vallah, kim gedibsə düz çıxıb. Bax, o vaxt anam gedib qapını pusanda qonşudan “mübarəkdi” sözünü eşitmişdi. Həmin il atamla evləniblər. Bir də ki, səndən nə gedir? Görək sən nə eşidəcəksən.

Nərgiz yenə də başını yellədərək getmək istəmədiyini bildirir. Qızlar da “özün bil” deyib, çıxıb gedirlər. Nərgiz pəncərədən onların ardıyca baxır, qızlar zarafatlaşa-zarafatlaşa bir qapıdan o biri qapıya gedir, bir-biriylə pıçıldaşırdılar. Evdə tək qalan Nərgizin də ürəyi sıxılır. “Səndən nə gedir?” cümləsi qulağında cingildəyirdi. Birdən ağlına bir fikir gəldi. “Bəlkə mən də … Yox, bu axmaqlıqdı! Amma kim biləcək ki? Hamı gedib. Doğurdan da, məndən nə gedir? Bəlkə doğurdan düz çıxır. Bəlkə bu il Rəşad gəlib çıxdı?”

Elə bu fikirlərlə də qapıdan çıxıb küçəyə baxdı. Dalanda balaca bir qapı vardı. Dalan qaranlıq olduğundan heç kim onu görməyəcəkdi. Beləliklə, Nərgiz qapıya yaxınlaşıb, dinləməyə başladı. Içəridə kiminsə olduğu bəlli idi. Kiçik pəncərədən işıq gəlir, arada qapının cırıltısı eşidilirdi. Amma heç kim söhbət etmirdi. “Bunlar niyə söhbət etmir axı?!” 2 dəq, 5 dəq, 10 dəq.. Dəqiqələr keçir, Nərgizin isə artıq səbri tükənmişdi. O, arada yola baxır, kiminsə onu görəcəyindən ehtiyat edir, amma getmək də istəmirdi, mütləq bir söz eşitmək istəyirdi. Bu anda birdən qapı açıldı. Qapını balacaboy, yaşlı bir qadın açmışdı. Qıza maraqla baxan yaşlı nənə qızdan nə istədiyini soruşur? Pərt olan və nə edəcəyini bilməyən Nərgizin isə elə bil dili tutulmuşdu. “Mən, mən… Bağışlayın, xala.” Dünya görmüş nənə qızın qulaq falına çıxdığını başa düşmüşdü. Gülümsəyərək soruşur ki, “Sən mənim evimə qulaq falına gəlmişdin?” Nərgiz ürəklənərək qadının üzünə baxır, başını tərpədir.

“Deyəsən buralarda yaşayan deyilsən, qızım. Mənim evimə 10 ildir ki, heç kim qulaq falına gəlmir.”

10 il sözündən diksinən Nərgiz qadının gülümsəyən simasının ardındakı kədəri sezir. Qorxa-qorxa səbəbini soruşur. “Mənim ömür-gün yoldaşım çoxdan rəhmətə gedib. Bu evdə oğlumla bir yerdə yaşayırdıq. 10 il bundan öncə isə müharibə onu məndən aldı.10 ildir ki, tənha yaşayıram, qızım” deyən qadının gözləri yaşarmışdı. Başını aşağı salan Nərgiz bir daha üzr istəyir. “Allahın təqdiridir, qızım. Mənim də bəxtimə bu düşdü.”

Yolu kor-peşman geri qayıdan Nərgiz ayaqlarını güclə sürüyürdü. Qulaq asmamalıydı qızlara, getməməliydi bu qulaq falına. Onsuz da bilirdi mənasızdı, boşdu. Amma ürəyinin dərinliyində böyük bir yara açılmışdı. Qulaq falına tənha bir qarının evinə getmək kimi səssiz idi onu sevmək, onu gözləmək. Onsuz da batmaqda olan günəşin şüaları tək zəif olan ümid işığını bu hissiyat daha da söndürürdü.

Samirə Haşımzadə

4 thoughts on “Qulaq falı

  1. Canim,obrazli tesevvur yaratmisan..bu, sende gozel alinir,amma bu cershenbeler,adetler Islama zidd oldugu ucun sevmediyim movzudu. eslinde, ozun de cox dogru qeyd etmisem menasiz bir sheydi.ancaq sonra qoca nenenin sozleri ile Nergizin dushunceleri ikili xarakter dogurur,ona gore bu tipli hekayeler shirke getirib cixara biler.

  2. Yeniden bir de oxudum, eslinde dushunceler uygun yox,Negizin secdiyi unvan Reshadgilin unvani imish dogrumu? 🙁

    1. Rəşadgilin ünvanı deyildi. Qız oxşar bir tale tapır. Və nəticədə başa düşür ki, bu gözləməyin nəticəsində onu da tənhalıq və səssizlik gözləyir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *