Parəbüzən

175072516_eaf5577990“Parəbüzən-parəbüzən uuuç-uç! Nenön gəldi, qaç! Babon gəldi, uç! Uç get, mənim üçün nenəmi gətir…”

Metroda hardansa gəlib əlinə qonan parəbüzənə baxdıqca yaddaşı Güneli uşaqlığına, Nərdəran bağlarına apardı. Tez-tez əllərinə parəbüzən qonduqca sehirli sözləri deyib, sonda da kimin üçün ən çox darıxırdılarsa, parəbüzəni həmin adamın “arxasıyca göndərirdilər” ki, onu gətirib gəlsin. Və bir inam var idi –  Parəbüzən həmin adamı gətirmək üçün uçub getdi. Əmisi, bibisi uşaqlarıyla qaçmaqdan qovmaqdan doymadan, həşəratların başına nə oyunlar açmırdılar ki? Qarışqaları döyüşdürür, kəpənəkləri tutub bankalara yığır, əncir ağacının yarpaqlarından tapdıqları may böcəklərinin ayağına sap bağlayıb uçurdur, bəzi böcəkləri də “cərrah masası”na uzadıb əməliyyat edirdilər. Hələ yadındaydı, bir dəfə əmisi oğlu demişdi ki, qarışqanın dadı turş olur. Günel də guya gigiyena qaydalarına riayət edərək əvvəlcə qarışqanı yuyub, sonra yemişdi. Qarışqa doğurdan da turş idi. Bir həşərat da var idi, qumu eşərək orda kiçik bir burulğan yaradıb gizlənirdi. Bu böcəyə Qumanqalanqu deyirdilər. İndi düşünürdü görəsən həmin böcəyin adı doğurdan elədi, yoxsa bu da öz uşaqlıq uydurmaları idi?! Uşaqlıq…Qonşuluqda bir oğlan uşağı da var idi – Elman adında. Çox qapalı, eyni zamanda da imanlı bir ailədən idi uşaq. O dərəcədə qapalı idilər ki, dənizə açılan pəncərələrdə yayın cırhacırında atası ikinci mərtəbənin nəinki pəncərələrini, bütün pərdələrini də bağlı saxlatdırırdı. Arvadı və 2 qızının ancaq hündür hasarlar arxasında həyətdə oturmaq və qonşu arvadları ilə ünsiyyət qurmaq ixtiyarları var idi. O da hamısı ilə yox. Qızların böyüyü Günellə eyni yaşda idi, amma artıq məktəbə getmirdi. Atasının qərarına görə qız adını yaza bildi, bəsiydi. Əlqərəz, bu Elman da hər dəfə uşaqlar böcəklərin başına oyun açdıqca,  “Həyvandu, ələmiyün, günahdu” deyə onlara xəbərdarlıq edirdi. Uşaqlar da heç vaxt ona əhəmiyyət vermirdilər. Bəlkə doğurdan da günah imiş. Təsəvvür edirdi, May böcəyi o biri dünyada ayağına sap bağlayıb, bunları uçurdur. Çox çətin olar. 🙂

İndi isə yorğun baxışlarla əlinə qonmuş Parəbüzənə baxıb yenə eyni sözləri demək, sonda isə nənəsinin əvəzinə parəbüzənin başqa birisini onun üçün gətirməsini arzulayırdı. Amma bu arzuda uşaqlığında olduğu qədər heç bir ümid və inam yox idi. “Parəbüzəndi də. İnsanlar niyə bu böcəyə bu qədər qiymət verir axı?! Parəbüzənin tarakandan və ya çəyirtkədən hansı üstünlüyü var ki?! Ona görə üstündür ki, qırmızıdır, qara xalları var və pırr eliyib gözəl uça bilir?! Ehh! Hamımız surətpərəstik, xarici görünüşü üstün tuturuq. Öz də təkcə bizdə yox, başqa yerlərdə də simpatiya var bu böcəyə qarşı – Божья коровка, Ladybug, Uğur böceyi.”  Parəbüzən haqqında hələ bir sıra əfsanələr, rəvayətlər də mövcud idi. Hamısı da onu tərifləyir, çalışqanlığından, gözəlliyindən bəhs edir.Başqa həşəratlara qarşı bu yanaşma ədalətsizlik idi.

Elə bu düşüncələrə qapıldıqca Günel bir də baxır ki, parəbüzən pırr edib əlindən uçdu. “Uç görək mənim üçün darıxdığımı gətirəcəksən? Çətin əşşi. Əgər hələ də belə xəyallara dala bilirəmsə, day özümə sözüm yoxdu.” Hələ də içindəki uşaqlığından qalma möcüzəyə inamı, yaxşılığın bir gün pisliyə mütləq qalib gələcəyi ümidini öldürə bilməmişdi. Həyatında uşaqlığından sonra bir möcüzə baş verməsə də, saflığın, əsl səmimiyyətin, təvazökarlığın deyil, bicliklərin, pislərin, yalandan özünü nümayiş etdirənlərin qalib gəldiyi bir dünyada həyatına davam etsə də, içindəki inam işığı sönmürdü. “Bu necə inamdırsa artıq? Gözünün gördüyü, başının illərdir çəkdiyinə deyil, xəyallarına inanırsan. Axmaqlıqdır. Elə bu xəyallarla da ölüb gedəcəksən.”

“Qara Qarayev stansiyası. Kara Karayev steyşn.” Bütün yolu düşünmüşdü. Həmişəki kimi bu qədər uzun məsafənin haçan gəlib-keçdiyindən xəbər tutmamışdı. “Guya xaricilərçün bu Qara Qarayev adını niyə Kara Karaev kimi səsləndirib, vurğusunu da dəyişiblər ki?! Onlar hansısa səsi, vurğunu səhv desə başa düşərəm, day bizimkilər niyə əvvəlcədən onlara yalnış vurğu və səslə təqdim edirlər sözləri? Başa düşmürəm. Düzələn deyillər!” başını narazı-narazı yellədərək qatardan düşdüyü anda uzaqlardan doğma bir səs onu fikirlərdən ayırır: “Xoş gördük, Günel.” Başını qaldıran Günelin gözlərində təəccüb dolu bir sevinc qığılcımı parlayır. Parəbüzən! Bu sevinc onu Qarayev stansiyasından düz uşaqlığına – Nərdəran bağlarına aparır.

“Urraaaa, nenəm gəldi!”

Samirə Haşımzadə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *