20 Yanvar

Mən çox xatırlamıram 20 yanvar hadisəsini. Amma həyatımda xatırladığım, mənə danışılan ilk nağıllarımdandır. Bir Bakı kəndinin məhəllələrindən hər gecə mərkəzdəki Azadlıq meydanına getmək üçün toplaşan qonşularım, qohumlarım, günlərlə dayanmadan mitinqlərə gedən, SSRİ-nin tərkibindən ayrılmaq üçün azadlıq tələb edən yaxınlarım, onların hekayələri, daha sonra isə həmin gecədə yaxınlarımın yaşadığı dəhşətlər. Bu nağıllarla böyümüşəm mən. Həmin gecə telestudiyanın binası partladıldığına görə insanlar xəbəri ancaq radiodan ala bilirdi. Qonşular bir evə toplaşıb, səssizcə, dəhşətlə ölüm, qırğın xəbərlərini gözləyirdilər. Gözləri qapıdaydı ki, görək məhəlləyə birinci kimin cəsədi daxil olacaq, ya bəlkə sovet qoşunları onları da evlərində oturduqları yerdə gəlib güllələyəcək.Qardaşım bütün günü anamla evdə mübahisə eləmişdi ki, onu da əmilərimlə, məhəllədəkilərlə mitinqə buraxsın, icazə ala bilməyib yatmışdı. Ana ürəyi həqiqətən uşağına qarşı çox hissiyatlı olur. Möcüzədir, amma məhəllədən hər gün mitinqə gedən 4 qardaşın anası da həmin gecə uşaqlarının qabağını kəsib mitinqə getməyə icazə verməmişdi. Mən də heç nədən xəbərsiz yatmışdım. Anam qardaşımla məni palto ilə yatırtmış, öz ciblərinə də ancaq evdəki qızıllarını yığmışdı ki, qaçaqaç düşsə vaxt itirməsin. Atam isə bir gün sonra Rusiyadan qatarla evə gəlirdi və düşünürdü ki, yəqin gəlib yaxınlarından heç kimi sağ görməyəcək. Rayonlardan Bakını xilas etməyə gələn dəstə-dəstə insanlar da Bakı əhalisinin tamamilə qırıldığını düşünürdü. Tamamilə qırılmasaq da, müstəqil olmaq üçün ölümü gözə alan şəhidlərimiz çox oldu. Mənim yaxınlarımdan öldürülən olmadısa da, mitinqdə olan qonşularımdan var idi – tankın altında qalıb əzilən, itkin düşən və qətl edilənlər. Bəli, yanvarın 20-də Sovet ordusu azadlığını istəyən bir ölkədə silahsız insanlara qarşı terror etdi.

Biz başa düşdük ki, azadlığı havayı vermirlər. Onu ancaq zorla almaq olar, həm də can bahasına, qan bahasına. Biz bu azadlığı yüzlərin ölümü, milyonların göz yaşıyla qazandıq. Bu bizim tariximizdir. Kimimiz üçün canlı tarix, 1990-dan sonrakı nəsillər üçünsə oxuduqları tarix, kimimiz üçün ailə faciəsi, kimimiz üçünsə statistika və rəqəmlər.

Qanınla, şərəfinlə qazandığının azadlığın mübarək, Azərbaycan!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *