Cəmiyyətin övladları

Dostlarından təzəcə ayrılan Fatimə Bulvarda gəzməyi qərara alır. Şık geyimdə, həyatından məmnun şəkildə dolaşan bu qızı görən kimi kənardan bir dilənçi qucağında uşaqla ona doğru gəlir: “Sən Allah, uşağımı yedirməyə bir çörək pulu ver.” Dilində dualar, simasında yazıq ifadə formalaşdıran, qucağında isə başqasının körpəsinə dərman verib yatıran dilənçi ürəyində fikirləşir ki, qız bəlkə nəsə verdi. Bəlkə elə lap 1 manat verdi. “Pulu çoxdu, versin də. Belələrinə nə var ki. Özlərini böyük adam sayırlar. Guya məndən nəyi artıqdır k?! Heç pulun da artıq deyil, ay bədbəxt, günə 50 manat qazanıram belə.” Uşaqlığından ilk yadına gələn hadisə, kimsəsizlər evinin bağçasında oynayanda iki qaraçının onu qaçırdıb başqa uşaqlarla dolu alaqaranlıq bir zirzəmiyə gətirmələri, sonra isə dilənçiliyə göndərmələri olub. Beləcə də gələcəyini formalaşdıran həmin zirzəmidə həyata ilk addımlarını atır. Hər gün dərslər keçir. Məsələn, insanlara necə yaxınlaşmaq, sifətini hansı formaya salmaq, yanğılı səslə yalvarmaq. Dərsini yaxşı qavramayanda, tələb olunan məbləğdə pulu toplaya bilməyəndə cəzalanır. Məsələn, cəza nəticəsində qolu sına, bədənində siqaret yanıqları, göyərmələr əmələ gələ bilərdi.

Iki il idi ki, Bakıda olmayan Fatimə isə İsveçin soyuq havasından, soyuq insanlarından sonra Bakıda ona qucaq açan yaxınları, doğma şəhəri üçün çox darıxmışdı. Bütün dəyişiklikləri görmək, sevdiyi Xəzəri ilə baş-başa qalmaq üçün dolaşırdı. Bir anlıq ona yaxınlaşan qadına və qucağındakı körpəyə inamsızlıqla baxır. Pul versin, ya verməsin. “Yalançıdır bunlar hamısı. Verməyəcəm.” Birdən həmişə hər kəsə mərhəmətlə yanaşan nənəsinin sözləri yadına düşür. “Eybi yoxdu, yalan deyirsə, qoy günahı öz boynuna. Bəlkə yalan demir. Bəlkə doğurdan ehtiyacı var. Sənə əl açan adamı boş qartarma, bala.” Pulu verməsə bir növ çox sevdiyi nənəsinə xəyanət etmiş kimi hiss etdi özünü və çantasını açıb əlinə keçən ilk qəpiyi dilənçiyə uzatdı.

Onlar çox fərqli həyat keçirmişdilər. Fatimə ailəsi tərəfindən həmişə dəstək görmüşdü. Ata-anası onda özünəinam formalaşdırmışdı. Oxuduğu liseydə də, sonradan ali təhsil aldığı İsveçdə də müəllimlərindən yüksək əxlaq, mənəviyyat dərsləri, eləcə də elmi biliklər əldə etmişdi. Çox gənc olsa da, qismən artıq ayaqlarının üstündə dayanmağa gücü var idi. Elə dilənçi qızın da gücü çox idi. Onu yetimxanaya atmış valideynləri, sonradan isə “təlim-tərbiyə” vermiş qaraçı müəllimləri ona yalnız özünə güvənməyi, möhkəm olmağı və pul qazanmağı öyrətmişdilər.

Sevginin, zorakılığın və ya düşüncəsizliyin səbəbindən dünyaya gələn körpələr sonradan sevincə, peşmanlığa səbəb olmuşdular. Bir evə xoşbəxtlik, böyük ümidlər, digər cütlüyə isə lazımsız bir ət parçası gəlmişdi. Onlar artıq fərqli şəxsiyyət kimi formalaşıb, cəmiyyət tərəfindən qazandıqları statusa uyğun davranılırdılar. Amma cəmiyyətdə heç kim bu şəxslərin qalxdığı/batdığı zirvədə/bataqlıqda özünün payını, məsuliyyətini görmürdü. Formalaşdıqları ailələri, düşdükləri mühit arxa fonda qalsa da, onların hazırki kimliklərini genetik xüsusiyyətlərindən daha çox təyin etmişdi. Cəmiyyət bu dilənçinin vəziyyətindən iyrənir, ona ikrahla baxır, amma məsuliyyətsiz münasibətlərdən doğulan körpə uşaqlardan imtina etməkdə, küçələrdə böyüyən uşaqların qarşısında öz məsuliyyətini bir qram da hiss etmir. “Saxlaya bilməzdim”, “bir səhv idi etmişdim”, “pulum çox olsaydı” və s. kimi bircə cümləlik səbəb və ya bəhanə neçə-neçə ömürləri təyin edir. Bəzən isə xoş bir söz, mərhəmət kiçik sərçənin yanğına tökmək üçün dimdiyində gətirdiyi su damcısı kimi batan insanı xilas etmək gücünə malik olur.

Beləcə gənc qızlar fikirlərində bir-birilə söhbət etmişdilər, dildə isə danışacaq sözləri yox idi. Çünki onlar çox fərqli idilər. Danışsaydılar da bir-birini başa düşməyəcəkdilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *