“Ferrarisini satan rahib”

Robin-Sharma-Ferrarisini-satmish-Yaxın günlərdə liderlik, şəxsi inkişaf, həyatı idarəetmə sahəsində bestsellerlər müəllifi olan Robin Şarmanın “Ferrarisini satan rahib” əsəri ilə tanış oldum. Şarma bu kitabında bir zamanlar həyatı pul, prestij və güclə əhatələnmiş ölkənin ən məşhur vəkillərindən olan Culian Məntlın həyatından bəhs edir. Birdən-birə məhkəmə zalında yorğunluqdan, stresin son həddinə çatan Culian yerə yıxılır və bundan sonra həyatını dəyişmək üçün bütün varidatını sataraq Hindistana 3 illik səyahətə çıxır. Səyahətdən geri döndükdə isə o, tamamilə fərqli bir insana çevrilmiş, həm mənəvi, həm də fiziki baxımdan tanınmaz dərəcədə dəyişmişdi. Hindistanda olarkən o, Himalay müdriklərindən aldığı dərsləri və məsləhətləri keçmiş iş yoldaşı (eyni zamanda da oxucular) ilə bölüşür.

Kitab oxucularında özünənəzarət, şəxsi cavabdehlik və mənəvi maariflənmə prinsiplərini gücləndirməyi hədəfləyib. Burada öyrədilən və sadə kimi təqdim olunan üsullar insandan iradə, davamlılıq gücü, eləcə də zamanını yaxşı planlamaq qabiliyyəti tələb edir. Şarma kamil yaşamağın 7 qızıl qaydası adlandırdığı qaydaları təqim edir.

Beləliklə, ilk qayda insanın öz beyninə, düşüncələrinə nəzarət etməsidir.

“Həyatda səhvlər yoxdur, yalnız dərslər var….Yaxşı, mənalı həyat yaşamaq üçün sən öz bağının – beyninin darvazası önündə keşik çəkməlisən.”

 

İkinci qayda – öz məqsədinin ardınca get. Bu qaydada Məntl dostuna insanın gözləri önündə tam canlandırdığı bir məqsədi olmadan, həyatda uğur qazana bilməyəcəyindən bəhs edir.

“Şəxsi həyatında, peşəndə, mənəvi dünyanda məqsədlərini müəyyən et, sonra onları həyata keçirmək üçün cəsarətli ol.”

 

Üçüncü qızıl qayda Kaizen təcrübəsidir. Kaizen beynin, bədənin və qəlbin fasiləsiz olaraq zənginləşmə fəlsəfəsidir.

“Yalnız özünü qüvvətləndirə bilən insan başqalarını da inkişaf etdirə bilər… Sən qorxularını fəth edəndə həyatını da fəth edirsən… Qorxunu sən yaratmısan… Sənin beyninə girən qorxunu yox etməyin metodikasını axtar. Bu, sənə hədsiz inam, xoşbəxtlik və sakitlik bəxş edəcək… Sən bir dəfə özünü bir yerə yığırsan sonra sənin dünyanda hər şey öz qaydasına düşür. Beyninə, bədəninə və xarakterinə sahib ola bilsən, xoşbəxtlik və zənginlik sənin arxanca düşəcək.”

Bu qaydanı izah edərkən Culian öz dostuna həmçinin özünü inkişaf etdirməsi üçün gündəlik icra etdirməli olduğu 5 ayin də öyrədir.

 

Dördüncü– İntizamlı olmaq qaydasıdır.

“Nizam-intizam xırda hərəkətləri davamlı təkrar etməklə əldə edilir.”

 

Beşinci qaydada insanın yaşadığı zamana hörmət etməsi ilə bağlıdır.

“Vaxta sahib olmaq həyata sahib olmaqdır. Həyatındakı xırda şeylərə “yox” demək, həyatındakı daha mənalı şeylərə “hə” deməyinə qüvvə verəcək.”

 

6 – Başqalarına təmənnasız xidmət et.

“Sənə qızılgül verənin əllərində azca da olsa o qızılgülün ətri qalır… Sən gündəlik olaraq təmənnasız xeyirxahlıq edəndə öz həyatın da daha mənalı və zəngin olur.“

 

Yeddinci qızıl qayda İndiki zamanı qucaqla adlanır. Bu qayda ilə Culian əsas dəyəri dünənə və ya sabaha deyil, bu günkü günə verməyi məsləhət görür.

“Bu gününü tam yaşa! Sabah lotereya udub xoşbəxt yaşamaq haqqında düşünmə… Bu dünya bədbəxt milyonçularla doludur.”

 

Şəxsi inkişafa yönəlik bu kitab oxucuda böyük motivasiya və həvəs yaratsa da, kitabdakı qaydalara əməl etmək kifayət qədər mürəkkəbdir. Lakin həyatını ciddi rejimli qaydalarla, tam planlı şəkildə, eyni zamanda maraqlarına uyğun yaşamaq istəyənlər üçün kitab köməkçi rolunu oynaya bilər.

Samirə Haşımzadə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *