Xəyalların intiharı

b-374499-uçurumdaki_adamHərdən qışqırırsan, var gücünlə. O qədər güclü ki, səsin çıxmır. O qədər güclü ki, səsini heç kim eşitmir, Allahdan başqa. Hərdən danışırsan, hər şeyi. Ürəyində heç nə qalmır. Qarşındakı da başa düşdüyünü göstərir. Sonra bunun yalnız görüntü olduğunu anlayırsan. Hərdən ağlayırsan, bütün içinlə. Elə bilirsən, daha içində heç bir şey qalmadı. Sonra görürsən ki, için daha da dolmuş, daşır. Hərdən taqətdən düşürsən, bütün gücünü itirərək. Düşünürsən ki, bu sondur, artıq bundan artığını daşıya bilməzsən. Sonra görürsən ki, daha artıq güc gəlib, ondan da artıq yük gəlir… Hərdən də özünü o qədər güclü, enerji dolu hiss edirsən ki, düşünürsən daha heç vaxt sınmazsan, heç vaxt. Bir də görürsən ki, ən kiçik eyhamdan çilik-çilik olmusan.

(more…)

Zindan

Yenə günəşin qürubunu seyr edirdi. Arxada buraxdığı laqeydliklərlə dolu daha bir gün. İşinə qarşı laqeydlik, dərsinə qarşı laqeydlik, sevdiklərinə qarşı laqeydlik,… Allaha qarşı laqeydlik! Getdikcə daha çox məsumluqdan, insanlıqdan uzaqlaşan həyat. Heyvanlaşan, robotlaşan həyata doğru hisslərinlə, işlərinlə, düşüncələrinlə daha bir addım.

Qul olmaq asan iş deyil. Çox çətindi ruhunu qul kimi bədən qəfəsində sıxıb gündə 100 cür işgəncələr vermək; beyinin, hisslərin diktə etdiyini hər saniyə yaşamaq; həyat çərçivəsinin diktə etdiyi işlərlə hər gün çarpışmaq. Hər gün qollarındakı zəncirlərlə işə getmək, zaman, saat zənciri ilə çarmıxa çəkilmək, beyindəki zəncirlərlə “olar”ları və “olmaz”ları təyin etmək, aksiomlarla düşünmək və hər gün “yaşamaq”.Azad olmaq üçün bədəndə hər gün çırpınmaq, zamanı iplə çəkib hər gün bir gün daha qocalan cismə baxıb ümidlə gülümsəmək – azad olmaq ümidiylə. Cismə daxil olduğu bütün bu illəri danışmaq və eşidilmək haqqı olmadan hər gün bu bədəni daşımaq-daşımaq… Onun vurduğu bütün zərbələrə, açdığı bütün yaralara başını aşağı salıb Allahdan mədəd umaraq yalnızca dözmək.  Heç olmasa müvəqqəti azadlıq anını gündə bir dəfə də olsa yaşaya bilmə imkanıdır onu məhv etməyən – Yuxu zamanı! Quş kimi pərvazlanıb sahibinin əlindən bir neçə saatlıq da olsa qurtulma imkanı. Bu yuxu da reklam kimidir, hansısa filmin reklamı. Daha dəqiq, “Azadlıq” və ya “Əbədiyyət” filminin reklamı. Nə gözəl filmdir, ya Rəbb! Heç bir yük yox, heç bir beyin, ürək yox, zamansız və məkansız bir azadlıq var yalnızca. Amma bu reklam xarakterli yuxu da həmişə ruhun istədiyi kimi olmur. Bəzən təqib edirlər, boğurlar bu ruhu yuxuda, məcbur edirlər həyat zindanına qayıtmağa.  Yenə hamısı təhkim olunduğu cisminin günahıdı. Onun törətdiyi əməllərin nəticəsidir belə reklamlar. Bu reklam elə göstəriləcək filmin necə olacağından xəbər verir. Uzun müddət zindanda məhbus ol, azadlığın sevincini, xoşbəxtliyini dadmamış yenə bu cismin törətdikləri ucbatından cəhənnəmdə işgəncə çək. Ya Rəbb, özün kömək ol, mənə rəhmin gəlsin. Məhkum etdiyin cismimə izn vermə ki, məni fəlakətə sürükləsin.

Artıq günəş batmış, onunsa gözləri yuxuyçun (müvəqqəti azadlıq üçün) süzülürdü. Bu gün də belə getdi, laqeydcəsinə, günahkarcasına… Səni günahlar cismimdə qul etdiyim üçün bağışla məni, ruhum!

Samirə Haşımzadə

Əsas olan sevmək deyilmi?

Sevmək sevməkdir. Biri sevərək eşqini aləmlərə car çəkər, digəri içində gizləyib səssizcə inlər. Biri hicrana tab gətirməyib intihar eylər, digəri vəslə qovuşub hər iki qəlbi şad eylər. Əsas sevmək deyilmi? Yetər ki, sevə biləsən.  Yetər ki, qəlbin eşq atəşi ilə alovlansın. O alov varsa məşuq üçün fərqi nədir, sən çirkinsən, ya gözəlsən, sən zənginsən, ya müflissən. Dərk edən üçün sevilmək bir xəzinədir. O nemət hər kəsə nəsib olmaz. Allah üçün də fərqi yoxdur. Sən Sufilər tək rəqs edərək eşqə çatacaqsan, ya şiələr kimi Hz Əlinin öyrətdiyi yolla vüsala qovuşacaqsan. Əsas olan sevmək deyilmi? Əsas olan Allah, Muhəmməd (s.a.s), Qurani-Kərim deyilmi? Nə düşünürsən o zaman? Gəl! Hansı yoldan gəlməyinin heç fərqi yoxdur. Sən sevgiliyə gəlirsən. Fərqi nədir, Məcnun kimi çöllərə düşüb aşiq oldun, ya Fərhad kimi qayaları yarıb eşqini göstərdin? Səcdədə səni dünya dolusu eşq, aləmlərə sığmayan rahatlıq və ümid gözləyir. Alnın səcdəyə getdikcə səni ömrün boyu qazana bilmədiyin ucalıq gözləyir. Eləysə nəyi gözləyirsən? Əsas olan sevmək deyilmi? Aşiqə 100 yol sevmə desən kimi dinləyər? Sən niyə dinləyirsən “Bunu edirsənsə ibadət edə bilməzsən”,  “İbadət edirsənsə bunları edə bilməzsən” deyənləri? “İbadətdə bu doğrudur, bu yalnışdır” söyləyənləri boş ver. Onlar özləri yalnışdır. Doğrunu və yalnışı bilən yalnız uca Allahdır. Eləysə nə gözləyirsən? Əsas olan sevmək deyilmi? Öz doğrularınla gəl! Özün seçdiyin yolla gəl! Hamı eyni deyil ki. Hamı eyni cür sevə bilməz axı. Sevə bildiyin tərzdə sev! Bu sevgi varsa etiraf üçün hansı zamanı gözləyirsən? Sevdiyinin səndən üz çevirməsinə imkan vermə. O axı çox gözəldir…

04.02.12 – Muhəmməd (s.a.s)-in Mövludu gecəsi

Samirə Haşımzadə

 

Hardadır axı xoşbəxtlik?!

Əsrlərdir ki, insanlığın axtardığı, həsrətində olduğu, lakin əksər insanların da nail ola bilmədiyi varlıqdır xoşbəxtlik. Hamı onu istəyir, hamı onu özündə deyil hardasa – hansısa bir insanın yanında, hansısa bir ölkədə, karyeranın hansısa zirvəsində, uzaqlarda olduğunu düşünür. Lakin əslində əksəriyyət də onun çox yaxında, onların həyatında, öz içlərində olduğunu dərk edə bilmir. Hamımızın dildə dediyi bir söz var – Pul xoşbəxtlik deyil. Lakin “Çoxlu pulum olsaydı, daha böyük ev alardım, həmin maşını alardım, mən də filan ölkədə yaşayardım, Harvardda təhsil alardım” və sair, və ilaxır düşüncələrlə içimizi yeyirik. Bunların hamısı da pulun başının altından çıxır. Bəs həqiqətən də xoşbəxtliyi pulla almaq olarmı? Xoşbəxtlik əyləncələri artırmaqla, məşhurluq və var-dövlət qazanmaqla və ya istədiyin hər bir şeyi ala bilməklə gəlmir axı. Həmin pullara malik olan milyonerlər nə dərəcədə xoşbəxtdir? Ömrü boyu hər istədiyini pulla əldə edə bilən, lakin bədbəxtlikdən intihar etmiş azmı milyoner övladı var?

Xoşbəxtlik heç də əldə edə bilmədiyin maşında, qazana bilmədiyin pullarda, yaşaya bilmədiyin sevgidə deyil. O, sənin malik olduğun ata-anada, 1 uşağın gülüşündə, doğma bir əlin toxunuşunda, gözlərini açdığın səhərdə və ya uşaqlıqda hiss etdiyin qoxunu hardasa duyduğun yerdədir. Xoşbəxtlik tutmaq istədiyin zamanda, andadır. “Insanlar öz içlərində olanı dəyişmədikcə, Allah onların vəziyyətini dəyişməz”deyib, peyğəmbərimiz (s.a.s). Xoşbəxtlik başına gələn hər hansı hadisədə deyil, həmin hadisəni hansı formada qəbul etməyindədir. Təbiidir ki, baş verən, başımıza gələn hər bir hadisəyə müxtəlif cür qiymət vermək olar. Əgər biz müəyyən hadisələrin pessimist tərəflərini düşünərək öz həyatımızı kədərli etmək niyyətindəyiksə, kölgədə qalan, gözümüzə görünməyən xoşbəxtliyin heç bir günahı yoxdur.

(more…)

Qocanın Allahdan son diləyi…

 Gəlmişəm yenə səcdənə – Sənin dərgahına, Sənə ən yaxın ola biləcəyim yerə. Günahlarla, peşmançılıqlarla, dərdlərlə dolu bir vəziyyətdəyəm … Yenə! Sənə gəlmişəm. Çünki gedəcəyim başqa heç yerim, məni başa düşəcək, mənə çarə olacaq başqa heç kimsəm yoxdur. Yalnız Sənsən məni məndən də artıq duyan, məni bütün günahlarımla, ən əyri yollarda belə, ən haqsız, ədalətsiz olduğum anlarımda belə sevən, bir şans daha verən, hər zaman mənim üçün qapısı açıq olan. Hər kəsin üz döndərdiyi, atdığı, hesablaşmadığı zamanlarda hər zaman məni dinlədin, bir an belə üz çevirmədin. Baxmayaraq ki, mən özüm də Səni zaman-zaman atdım, unutdum. 🙁 Çünki arxayın idim, Sən həmişə varsan, burdasan, hər zaman mənimləsən, mənim üçün ən yaxşısını edəcəksən. Sənə əl açıb dua etməyim, peşman olmağım, üzr istəməyim həmişə yetib ki, Sən məni bağışlayasan, yeni qapılar açasan üzümə. Amma mən yenidən və yenidən, bilməyərəkdən və bilərəkdən nəfsimə uymuşam, günaha batmaqdan çəkinməmişəm, şeytanın kompaniyasından zövq almışam. Sən məni səslədiyin zamanlarda mən özümü karlığa qoyub qulaqlarımı əllərimlə qapamışam. Sübh namazına durmaqdansa yatmaq daha şirindi, özümə müəyyən qadağalar qoymaqdansa, nəfsim daha gözəldi və beləcə ömrüm keçdi. Çünki sənin yolun daha məsuliyyətlidir, çünki qızılgülə çatmaq üçün əvvəlcə onun tikanları ilə hesablaşmalısan. Bu tikanlar isə əslində mənim əsl insan kimi yaşamağım üçün idi. Mənim doğru yaşamağım, kamil insan olmağım, ruhən sənə qovuşmağım üçün mənə qaydalar göndərdin. Mən isə o qaydaları özümə uyğunlaşdırıb guya başa düşmürmüşəm kimi hərəkət elədim. Sən hər zaman məni düşündün, mən də elə hər zaman məni düşündüm. (more…)

MERAC GECƏSİ

Merac Rasulullah (s.a.s)-in Məkkədə ikən bir gecə əmisi qızı Ümmü Hâninin evindən götürülüb, önce Məscid-i Haram’a (Kəbə), oradan da Məscidül-Əqsaya aparılması ilə başlayan bir gecə səyahətidir.  İsra, gecə səyahəti  deməkdir. Bu hal Qur’an-i Kərim’də belə  anlatılır: “Öz bəndəsini (Muhəmmədi-səlləllahu əleyhi və alihi və səlləm) Özümüzün bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır)..” (İsra Surəsi, 1)

Həzrəti Muhəmməd (s.a.s) səfər zamanı nəqliyyat vasitəsi kimi ölçüdə atdan kiçik, uzunqulaqdan böyük olan qanadlı behişt məxluqu Buraqdan istifadə edirdi. Bütün səfər boyunca Allahın yaxın) mələyi Cəbrail (ə) onu müşayiət edirdi. Merac zamanı Həzrəti Muhəmməd Peyğəmbər (s.a.s) səmanın yeddi qatını keçmiş, hər mərtəbədə özündən əvvəlki böyük peyğəmbərlərlə görüşmüşdür.  Merac zamanı Allahın izni ilə Həzrəti Muhəmmədə (s) cənnət və cəhənnəmdən mənzərələr göstərilmiş, onların sakinləri barədə məlumat verilmiş,  peyğəmbərimiz insanın hansı əməllərinə görə cənnətə və cəhənnəmə düşdüyünü öyrənmişdir. Əlbəttə, cənnət və cəhənnəm Qiyamət gününə kimi boşdur, heç bir mömin və kafir şəxs hesab günündən əvvəl nə cənnətə, nə də cəhənnəmə salınmaz. Lakin Allah-Təala üçün zaman məfhumu yoxdur. Allahın sonsuz elmi bütün hadisələri baş verməmişdən əvvəl də əhatə edir. Demək, Merac zamanı Allah-Təalanın əmri ilə cənnət və cəhənnəm səhnələri Həzrəti Muhəmməd Peyğəmbərdən (s) ötrü vaxtından əvvəl canlandırılmışdır. Və yaxud Allah-Təala Həzrəti Muhəmməd Peyğəmbərin (s) daha yaxşı anlaması üçün cənnət və cəhənnəm görüntülərini onun gözü qarşısında canlandırmışdır. Merac səfərində müsəlmanlara gündə beş vaxt namaz qılmağın vacibliyi barədə əmr də Peyğəmbərə vəhy olunmuşdur. Bu səfərin esas nöqtəsi olan Sidrətu’l-Müntəha (yeddinci qat)-a çatdıqda Hz. Cəbrail (a.s) –  “Ya Muhamməd, mən burdan o tərəfə bir addım da ata bilmərəm, artıq yola yalnız davam edeceksəin” deyərək, Peyğəmbərimiz (s.a.s)in uca Rəbbimizlə görüşüb, danışacağı yerə gətirib buraxmışdır. Daha sonra bu səyahət götürüldüyü yerə qaytarılması ilə başa çatmışdır.

Qurani-Kərimin bir neçə ayəsini təfsirçilər Meracla bağlayırlar. Məsələn, «Nəcm» surəsinin 8-9-cu ayələrində buyurulur: «Sonra (Peyğəmbər Allaha) yaxınlaşdı, yenə yaxınlaşdı. Aralarında kamanın iki ucu arasındakı qədər və ya bundan da az məsafə qaldı». Əlbəttə, İslam dininin əqidə əsaslarına görə, Allah-Təala cisim deyil, onun məkanı yoxdur və Allahın hər hansı məkanda olduğunu düşünmək günahdır. Burada Allahla Peyğəmbər arasında məsafənin «kamanın iki ucu arasındakı məsafədən də az» olması ifadəsi məcazi məna daşıyır. Ayədə Merac zamnı Peyğəmbərin Allaha həmişəkindən daha yaxın olduğunu bildirmək üçün bu cür ədəbi üsuldan istifadə edilmişdir. Bu yaxınlıq isə maddi deyil, mənəvi və ruhani məna daşıyır. İnsanın Allaha yaxınlığı onun lütf və mərhəmətinə layiq görülmə dərəcəsi və sevimli bəndələr cərgəsindəki yeri ilə ölçülür. Elə bir çox ibadət əməllərimizin əvvəlində işlətdiyimiz «qurbətən iləllah» – «Allaha yaxınlıq» sözləri də bunu sübut edir.

MERAC GECƏSİNİ NECƏ DƏYƏRLƏNDİRMƏLİ?

Bu gecə uca Allahın qullarına daha yaxın olduğu gecələrdəndir. Buna görə də bu gecə mümkün olduğu qədər dua və ibadətlə məşğul olub, boş işlərə baş qoşmamaq lazımdır. Merac gecəsində gündüzü oruc tutmaq, gecəsini də mümkün olduğu qədər ibadət və dua ilə keçirmək lazımdır. Bu barədə, Al -Qazalinin və Əbu Musa əl-Mədəninin də nəql etdiyi  “Bu gecə yaxşı əməl edən üçün yüz illik mükafat vardır” və “Rəcəbin 27-ci günü oruc tutana, 60 illik oruc savabı verilir”  kimi hədisi şəriflər vardır.

Merac gecəsini belə keçirmək olar:

(more…)

25 yaşın ötəri fəlsəfəsi

25 il tamam oldu. Səmərqəndin doğum evlərinin birində ilk dəfə bu dünyaya göz açmağımdan artıq düz 25 il keçir. 25 rəqəmi həmişə mənə ¼-i xatırladır. 100 il yaşamaq kimi bir düşüncəm olmasa da, sanki 100%-lik yolun cəmi 25%-ini getmişəm. Qarşıda isə məni il hesabına görə ağır və uzun, 25 ilin bir göz qırpımında necə tez gəlib getdiyini düşünəndə isə 3 göz qırpımı qədər olacaq 75% gözləyir. Bu 100%-in dolacağı və ya hansısa faizdə yarımçıq kəsiləcəyi isə yalnız Ona bəllidir. Bu yaxınlarda bir cümlə diqqətimi cəlb etdi: “İnsan doğulanda qulağına azan oxunur, dünyasını dəyişəndə isə onun üçün azansız namaz qılınır.” İnsan ömrü azanla namaz arasındakı müddət qədər imiş, demə. 

25 il necə 1 anlıq kimi ötəri keçdisə, elə bu ötəri həyatda ötəri hisslər, ötəri hadisələr, ötəri aldığım dərslər, ötəri düşüncələrim də çox olub.

Nələri qazanmışamsa, ikiqat itirməyim nəticəsində olub. Əlçatmazlarım çox olub. Amma həmişə əlçatmaz hesab etdiklərim elə əlçatmaz olaraq da qalıb. Nə zaman ki, əl çəkmişəm, mənim üçün əhəmiyyətini itirib, elə o zaman onlara çatmağa başlamışam.

Insanları tanımağa onlara olan inamımı itirəndən sonra başlamışam.

Dostlarımın dəyərini yalançı dostları görəndən sonra bilmişəm.

Insanları sevməyə şeytanlarla tanış olandan sonra başlamışam.

Qaranlıqlardan, şeytandan, mənfilərdən qorxmağı əsl qorxulmağa layiq olan tək Allahın olduğunu dərk edəndə tərk etmişəm.

(more…)

Görmədiyinə inanan yeganə varlıq da elə insandır

  Qələm və söz Allahın əmanətidir. Onu yaxşılığa işlətmək ilahi fəzilət, yamanlığa işlətmək  şeytani qəbahətdir. Kainatımızın fəxri Məhəmməd (s.ə.s)ə Uca Allahdan peyğəmbərlik verilərkən belə vəhy gəlmişdir. “Oxu!”, “Oxu!”, “Uca olan Allahın adı ilə oxu!”. Hz.  Məhəmməd (s.ə.s)ə qeybdən gələn bu sədanın üzərindən artıq 14 əsrdən çox bir müddət keçib. Dövrümüzü 14 əsr bundan qabaqkı dövr ilə müqayisə etdikdə həqiqətən fəxr edirik və o dövrdəki kimi avam, cahil insanlara demək olar ki, indi rast gəlmirik. Ancaq… “Oxu ” sözünü Allahın elçisi bizlərə çatdıranda onu demək istəyibmi ki, dünyada bütün qayğılarımızı , hər bir şeyi atıb özümüzü yalnız elmə sərf edək? Neçə-neçə insanlar tanıyırıq ki, savadlı və ali təhsillidir, ömrünün  neçə ilini elmə sərf edib və mafiyozdur və ya insan alveri ilə məşğuldur. Bir insan görürük hərtərəfli inkişaf edib və milyarderdir. Lakin nəyin hesabına?- Elmi və kirli biznesi! Allahımız bizlərə bunumu oxumağı əmr edib? O demişdi axı “Uca olan Allahın adı ilə oxu!”.  Elm ozünü bilməkdir. Əgər özünü bilmirsənsə, bu necə oxumaqdır?

(more…)

Ayatul Kursi

Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!  (2:255)

(Z.Bünyadov-V.Məmmədəliyev)

Аллах — нет божества, кроме Него, Живого, Вседержителя. Им не овладевают ни дремота, ни сон. Ему принадлежит то, что на небесах, и то, что на земле. Кто станет заступаться перед Ним без Его дозволения? Он знает их будущее и прошлое. Они постигают из Его знания только то, что Он пожелает. Его Престол (Подножие Трона) объемлет небеса и землю, и не тяготит Его оберегание их. Он — Возвышенный, Великий. (2:255)

(Эльмир Кулиев)

Mən Allahdan istədim…

Mən Allahdan ağrılarımı azaltmasını istədim. Allah söylədi ki – Mən ağrını azaltmıram, onu sən atmalısan.

Mən Allahdan qüsurlu övladımı tam, sağlam etməsini istədim. Allah söylədi ki, – Onun ruhu tamdır, cismi isə müvəqqətidir.

Mən Allahdan mənə səbr verməsini istədim. Allah söylədi ki, – Səbr bəlaların məhsuludur. O, verilmir, qazanılır.

Mən Allahdan xoşbəxtlik istədim. Allah söylədi ki, -Mən xeyir-dua verirəm. Xoşbəxt olmaq səndən asılıdır.

Mən Allahdan acılarımı azaltmasını istədim. Allah söylədi ki, – Əziyyətlər səni dünya qayğılarından alıb mənə yaxınlaşdırır.

Mən Allahdan ruhumu ucaltmasını istədim. Allah söylədi, – Sən özün ucalmalısan. Mən isə sənin budaqlarını kəsəcəyəm ki, meyvələrin bol olsun.

Mən həyatdan zövq almaq üçün Allahdan hər şey istədim. Allah söylədi ki, – Mən sənə həyat vermişəm ki, hər şeydən zövq ala biləsən.

Mən Allahdan istədim ki, Onun məni sevdiyi qədər mən də başqalarını sevə bilim. Allah söylədi ki, – Bəli, nəhayət ki, sən həqiqəti dərk etdin.

Tərcümə etdi: Haşımzadə Samirə