Mənim üçün oğlumu al

Ramazanın son günü idi. Bayrama bir gün qalmışdı. Zəhra ana bayram bazarlığı etmək üçün evdən çıxmağa hazırlaşırdı. Düzdü elə böyük bir bazarlıq etməyəcəkdi. Amma 1 ay ərzində ailələdə hamı oruc tutmuşdu. Buna görə də qadın nə ilə olsa da ailəsində bayram əhval-ruhiyyəsini hiss etdirməyə çalışırdı. Qapıdan çıxmamışdan öncə ərinin namaz qıldığını görüb bir az ayaq saxlayaraq qızı ilə söhbət etməyə başladı.

–          Qızım, ürəyin hansı meyvəni istəyir, de alım gətirim.

–          Heç nə istəmirəm, ana, elə nə istəyirsən, özün al.

–          Niyə belə? Axı sən də oruc tutmusan. Istəyirəm ürəyin istəyəni deyəsən.

–          Vallah ürəyim xüsusi bir şey istəmir.

–          Yaxşı, qoy atan namazını qurtarsın, görüm o nə istəyir. Get sən də namazını qıl, qızım. Vaxtı keçirtmə.

Beləliklə, gənc Fatimə də namaz qılmağa başladı. Zəhra ana isə səbrsiz olduğuyçun ayaqqabılarını geyinib bayırda ərini gözləməyə başladı. Qulam kişi namazı qurtarar-qurtarmaz, heç dua etməyə macal tapmamış, arvad səsləndi.

(more…)

25 yaşın ötəri fəlsəfəsi

25 il tamam oldu. Səmərqəndin doğum evlərinin birində ilk dəfə bu dünyaya göz açmağımdan artıq düz 25 il keçir. 25 rəqəmi həmişə mənə ¼-i xatırladır. 100 il yaşamaq kimi bir düşüncəm olmasa da, sanki 100%-lik yolun cəmi 25%-ini getmişəm. Qarşıda isə məni il hesabına görə ağır və uzun, 25 ilin bir göz qırpımında necə tez gəlib getdiyini düşünəndə isə 3 göz qırpımı qədər olacaq 75% gözləyir. Bu 100%-in dolacağı və ya hansısa faizdə yarımçıq kəsiləcəyi isə yalnız Ona bəllidir. Bu yaxınlarda bir cümlə diqqətimi cəlb etdi: “İnsan doğulanda qulağına azan oxunur, dünyasını dəyişəndə isə onun üçün azansız namaz qılınır.” İnsan ömrü azanla namaz arasındakı müddət qədər imiş, demə. 

25 il necə 1 anlıq kimi ötəri keçdisə, elə bu ötəri həyatda ötəri hisslər, ötəri hadisələr, ötəri aldığım dərslər, ötəri düşüncələrim də çox olub.

Nələri qazanmışamsa, ikiqat itirməyim nəticəsində olub. Əlçatmazlarım çox olub. Amma həmişə əlçatmaz hesab etdiklərim elə əlçatmaz olaraq da qalıb. Nə zaman ki, əl çəkmişəm, mənim üçün əhəmiyyətini itirib, elə o zaman onlara çatmağa başlamışam.

Insanları tanımağa onlara olan inamımı itirəndən sonra başlamışam.

Dostlarımın dəyərini yalançı dostları görəndən sonra bilmişəm.

Insanları sevməyə şeytanlarla tanış olandan sonra başlamışam.

Qaranlıqlardan, şeytandan, mənfilərdən qorxmağı əsl qorxulmağa layiq olan tək Allahın olduğunu dərk edəndə tərk etmişəm.

(more…)

Bizim vaxtımızda belə deyildi…

İctimai nəqliyyatda uşaqların davranışı və uşaqlarla davranış.
Özüm ictimai nəqliyyatdan çox istifadə edirəm və həmişə məni qıcıqlandıran bir məsələdən bu dəfə də yan keçə bilmədim. 2 nəfər 10-11 yaşlarında oğlan uşaqları yanbayan əyləşib, söhbət edirlər. Başlarının üstündə də 5-6 gənc qız və orta yaşlı xanımlar ayaq üstdə dayanıb. Uşaqlar isə bu xanımlara heç əhəmiyyət vermədən öz söhbətlərini edirlər. Əvvəlcə uşaqları qınadım. Sonra isə uşaqları qınamaq fikrindən daşınıb, bu cür rəftarın mənbəyini öz beynimdə araşdırmağa başladım…

Son zamanlar belə bir adət dəbə minib. Çox da kiçikyaşlı olmayan uşaqla qadın içəri daxil olur. Hətta yaşlı xanım da olsa ayağa qalxıb ona yer verir və bu da azmış kimi, xanım özü oturmaq əvəzinə uşağı ora əyləşdirir. Və yaxud da bir xanım əyləşib, ayaq üstdə kim olur-olsun, yanındakı yerdə də övladını əyləşdirib. Həmişə bu ifadəyə gülmüşəm. Amma indi özüm də işlədəcəyəm. Bizim vaxtımızda belə deyildi! Mən şəxsən uşaq olanda əgər avtobus və yaxud da metroda ayaq üstdə dayanan kimsə var idisə, mən anamın qucağında oturmalı idim. Və bu, mənim üçün yazılmamış bir qanuna çevrilmişdi. Dəfələrlə şahidi olmuşam ki, yaşlı insan gələndə uşaq ayağa qalxmaq istəyib, anası isə uşağı yerinə otuzdurub ki, qalxmasın. Yəqin belə valideynlər hesab edir ki, uşağı üçün yaxşılıq edir. Amma onlar uşaqlarını öz əllərilə gələcəyin mədəniyyətsiz və düşüncəsiz birinə çevrilməsinə imza atırlar. Bu da sübut!

Həzrəti Əlinin bir sözü var: Yumşaq tərbiyə gələcəyin tərbiyəsizliyidir. Bu ifadə ilə razılaşmaya bilmərəm. Alov nə qədər isti olsa, polad daha möhkəm olar. Bir çox nüanslarda yumşaq davranmaq, yeri gəldi-gəlmədi övladın tərəfini saxlamaq, uşağa tam olaraq hər istədiyini vermək,  gələcəyin eqoist, ərköyün, təmbəl və bacarıqsız birinə çevirmək deməkdir. Övlada qarşı haqsızlıq etmək , aşırı dərəcədə sərt olmaqdan söhbət aparmıram mən.  Lakin övladı sanki hər bir şeyin gözəl olduğu, “qa deyəndə qa, qu deyəndə qu”-nun olduğu xəyallar dünyasında bəsləmək, böyütmək də olmaz. Uşaq da insandır, o da nə zamansa böyüyərək onun üçün yaradılan nağıllar dünyasının boşluq və yalandan ibarət olduğunu dərk edəcək. Onun qarşılaşdığı ən zəif problem belə ona dağ boyda görünəcək və özünü digərlərilə müqayisə edəndə, ilk növbədə qayıdıb həmin valideynlərini günahlandıracaq…

Samira Haşımzadə