25 yaşın ötəri fəlsəfəsi

25 il tamam oldu. Səmərqəndin doğum evlərinin birində ilk dəfə bu dünyaya göz açmağımdan artıq düz 25 il keçir. 25 rəqəmi həmişə mənə ¼-i xatırladır. 100 il yaşamaq kimi bir düşüncəm olmasa da, sanki 100%-lik yolun cəmi 25%-ini getmişəm. Qarşıda isə məni il hesabına görə ağır və uzun, 25 ilin bir göz qırpımında necə tez gəlib getdiyini düşünəndə isə 3 göz qırpımı qədər olacaq 75% gözləyir. Bu 100%-in dolacağı və ya hansısa faizdə yarımçıq kəsiləcəyi isə yalnız Ona bəllidir. Bu yaxınlarda bir cümlə diqqətimi cəlb etdi: “İnsan doğulanda qulağına azan oxunur, dünyasını dəyişəndə isə onun üçün azansız namaz qılınır.” İnsan ömrü azanla namaz arasındakı müddət qədər imiş, demə. 

25 il necə 1 anlıq kimi ötəri keçdisə, elə bu ötəri həyatda ötəri hisslər, ötəri hadisələr, ötəri aldığım dərslər, ötəri düşüncələrim də çox olub.

Nələri qazanmışamsa, ikiqat itirməyim nəticəsində olub. Əlçatmazlarım çox olub. Amma həmişə əlçatmaz hesab etdiklərim elə əlçatmaz olaraq da qalıb. Nə zaman ki, əl çəkmişəm, mənim üçün əhəmiyyətini itirib, elə o zaman onlara çatmağa başlamışam.

Insanları tanımağa onlara olan inamımı itirəndən sonra başlamışam.

Dostlarımın dəyərini yalançı dostları görəndən sonra bilmişəm.

Insanları sevməyə şeytanlarla tanış olandan sonra başlamışam.

Qaranlıqlardan, şeytandan, mənfilərdən qorxmağı əsl qorxulmağa layiq olan tək Allahın olduğunu dərk edəndə tərk etmişəm.

(more…)