Qar çiçəyim

Əfsanə var ki, Adəm və Həvva Ədn cənnətindən qovulduqdan sonra Həvva ümidsizcə, tək-tənha dizlərini qucaqlayaraq dünyanın bir küncündə oturub ağlayırmış. Həm Allahın bol nemətləriylə dolu qayğısız yaşadığı gözəl məkanından qovulmuş, həm sevgilisindən ayrı düşmüş, həm də qışın şaxtası uzandıqca uzanır, bitmək bilmirdi.  Onun artıq heç bir bağışlanmağa və ya sevgilisinə qovuşmağa gümanı yox idi. Soyuq qışın onları beləcə məhv edəcəyini düşünürdü. Bu zaman bir mələk peyda olur. O, Həvvanı sakitləşdirərək qar dənələrini əlinə alır və onlara üfürərək ağappaq çiçəklər yaradır. Qarın altından baş qaldıran çiçəklər Həvvanın ümid gülləri olur…

Bir dağ başında, soyuq fevral ayında heç kimin gözləmədiyi bir zamanda qarlara, qışa üsyan edərək torpaqdan baş qaldıran ümid gülümsən – qar çiçəyim. Səni hər kəs sevə bilməz. Çünki səni sevmək cəsarət istər. Eləcə uzaqdan, əlçatmazca sevməyi bacaranların cəsarətini. Çünki sən çox qürurlusan və əlçatmazsan. Həyat yolunda fırtınalar, soyuqlar varkən, günəş belə uzaqdan naz edərkən, yenə də dirənmək, bütün maneələrə gülümsəyərək öz gözəlliyini saçmaq, yenə qalib gəlmək üçün ancaq sənin qədər cəsarətli, sənin qədər üsyankar olmaq gərək. Bütün çiçəklər yazı seçərkən, sən çətin olanı seçirsən. Ona görə yox ki, qışı sevirsən. Sən günəşi qaranlıqlardan tələb edirsən, qış ilə öz azadlığını, baharını istəyən inqilabçı kimi mübarizə aparırsan. Sən baharın elçisisən.

(more…)